Pedaqogika
Pedaqogika — tərbiyə, təlim və tədrisin forma və metodlarını öyrənən elm.
«Pedaqogika» sözü iki yunan sözündən ("payda" və "qoqos") əmələ gəlib, hərfi mənası «uşaq ötürən» deməkdir. O, tərbiyə haqqında elmdir.
Pedaqogikanın bir elm kimi obyekti pedaqoji proses və onun mərkəzində duran insandır. Onun mövzusu isə pedaqoji prosesin qanunauyğunluqlarını aşkara çıxarmaq, insanın şəxsiyyət kimi formalaşması və tərbiyəsi məsələlərini həll etməkdir. Pedaqogikanın mövzusu təkcə uşaqların tərbiyəsi ilə məhdudlaşmır; o, ümumilikdə insan tərbiyəsi məsələlərini öyrənir.
Hər bir elmdə olduğu kimi, pedaqogikanın da özünəməxsus anlayışlar sistemi vardır. Buraya pedaqoji proses, tərbiyə, özünütərbiyə, yenidəntərbiyə, təhsil, təlim, şəxsiyyətin inkişafı və s. anlayışlar daxildir.
Pedaqoji proses tərbiyə, təhsil, təlim və şəxsiyyətin inkişafı proseslərinin vəhdətidir.