Qızılı rododendron
Qızılı rododendron (lat. Rhododendron aureum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.
Altay, Uzaq Şərq, Saxalin, Şimali Kurildə yayılmışdır.
Qızılı rododendron tünd-qonurqabıqlı, sürünən, gövdələri əyilmlş və torpağın üzərindən 20-100 sm hündürlüyə qalxan həmişəyaşıl koldur. Budaqları vəzicikli-tükcüklütumurcuq pulcuqları ilə örtülmüşdür. Yarpaqları növbəli,uzunluğu 2-8 sm, kənarları bütöv, üst tərəfdən tünd-yaşıl, parlaq, alt tərəfi daha açıq, yaxşı bilinən torvarı damarcıqlı, ellipsvari və ya yumurtavari, bünövrəsi ensiz, dərili, hamar, kənarları aşağıya burulmuş, saplaqlıdır. Qızılı çiçəkləri budaqların uclarında, uzun çiçək saplaqlarında 3-5 (8) ədəd yığılmışdır. Çiçək tacı bir az əyri, diametri 4-5 sm, açıq-sarı, enli-qıfvarı, 5 qanadlıdır. Erkəkcikləri 10 ədəd, qeyri-bərabər uzunluqdadır. Dişiciyin yuxarı tərəfi keçəl-tükcüklü yumurtalıqlı, uzun sütuncuqlu və 5 qanadlı dişicik ağızlıdır.