Kiçik qonurdiş
Kiçik qonurdiş (lat. Sorex minutus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinin qonurdiş cinsinə aid heyvan növü.
== Qısa təsviri ==
Azərbaycanda əldə edilmiş 68 fərdin kütləsi 2,5-5,7 qram, bədəninin uzunluğu 44,0-68,0 mm, quyruğu 30,2-40,8 mm, pəncəsi 8,6-12,2 mm olmuşdur. B.E.Sokolov və A.K.Tembotova görə (1989) Şərqi Zaqafqaziya heyvanları S.volnuchini ognev formasına aiddir.
== Yayılması ==
Avropa, Asiya, Qafqazın meşə və meşə-çöl landşaftlarında yayılmışdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın meşə zonasında 900-2000 m hündürlükdə rast gəlinir.
== Həyat tərzi ==
Kolluqların arasında, çayların kənarında, arxların qırağındakı daş yığınlarında rast gəlinir. Ən yüksək sıxlığı d.s. 1000 - m-ə qədər hündürlükdə qeydə alınmışdır (Quba rayonu Təngəaltı kəndi və Şuşa rayonunun Keçəldağ ərazisində). Sığınacaq kimi müxtəlif təbii yerlərdən istifadə edərək quru bitkilərdən kürəşəkilli yumşaq yuva düzəldir.