Adi qızartıotu
Adi qızartıotu (lat. Echium vulgare) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin qızartıotu cinsinə aid bitki növü.
== Qısa morfoloji təsviri ==
İkiillik bitkidir. Gövdəsi bir və ya bir neçə sayda, sadə və ya yuxarı hissədə budaqlanan, hündürlüyü (20) 30–50 (100) sm, xırda yumşaq bozumtul-ağ tüklüdür. Çiçək qrupu ensiz və seyrək süpürgəşəkilli, qıvrımlardan ibarətdir. Yarpaqları lansetvari, bir ədəd çıxıntılı orta damarlı, bozumtul və yarımsıxılmış və ya yarımaralı tükcüklüdür, aşağıdakılar çiçəkləmə zamanı solur, kürəkvari-lansetvari, uzunluğu 5–10 sm, eni 8–15 mm-dir, gövdə yarpaqları oturaq lansetvari və ya lansetvari-xətvari, yuxarıdakılar isə zəif enlənmiş qaidəli, iti ucludur. Qıvrımları boş dəstələrə, süpürgə şəklində yığılmışdır, uzunluğu 5–20 sm, eni 5–10 sm-dir. Kasacığın çiçəkləmə zamanı uzunluğu 5–7 mm-dir. Çiçək tacı göybənövşəyi və ya demək olar ki, göy rəngli, enli olmayan zəngşəkillidir. Fındıqçaları üçbölümlü-yumurtvari, boz rəngli, çox və sıx olmayaraq qabarcıqlıdır.