RİBAT

müsəlman ölkələrinin qeyrimüsəlman ölkələrlə sərhədlərində qurulmuş keşikçi məntəqələri idi. Bu kimi yerlərdə ilk sufi toplantıları keçirilirdi. Döyüşçülər isə burada mənəvi təcrübə qazanırdılar. İlk ribatı 150/767-ci ildə Həsən Bəsrinin tələbəsi olmuş Əbdül-Bir ibn Zeyd Əbədanda qurmuşdur. Başqa rəvayətlərə görə isə ilk ribat hicrətin ikinci əsrinin sonunda Dəməşqin yaxınlığında yerləşən Rəmlədə qurulmuşdur. Sonralar ribatlarda həm hərbi, həm də mənəvi tərbiyə almaq üçün toplanmaq adəti İslam dünyasının başqa yerlərinə də yayılmışdır. Deyilənlərə görə təkcə İranda 65 ribat olmuşdur. Sərhəd qalalarında tərbiyyə edilmiş sufilər, günlərini təkcə Allaha ibadətlərdə keçirməmiş, həm də yaxşı döyüşçü olmuşdurlar. Onlar müsəlman torpaqlarını yabançıların basqınlarından qoruyurdular. Fələstin, Anadolu və İspaniyada ribat əhli xaçlılar, Hindistanda isə bütpərəstlərlə vuruşmuşdurlar. Əsrlər boyu bu ribatlar müsəlman cəmiyyətlərində əhəmiyyətli rol oynamışdırlar. Orada tədris mərkəzləri və kitabxanalar yerləşirdi. Bu məktəblərdən çoxlu sayda ilahiyyatçı alim və sufilər çıxmışdır. Ribatlarda ictimai və siyasi toplantılar keçirilirdi. Orada səfərdə olanlar üçün qonaq evləri, karvansaralar da yer almışdır. Ribatlarda xeyriyyəçilik işləri də görülürdü. Orada xəstəxanalar da fəaliyyət göstərirdi. Burada döyüşlərdə yaralananlar tibbi yardım alır, insanlar xəstəliklərdən müalicə olunurdular. Burada əqidələrinə görə təqib olunan adamlar da sığınacaq tapırdılar. Zaman keçdikcə ribatların əhəmiyyəti azalmış və sonra ortadan qalxmışdır.
RİBA
RİDDƏT

Digər lüğətlərdə