Rodentia
Gəmiricilər (lat. Rodentia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi.
Bu dəstəyə 7 fəsilə və 18 cinsdə birləşmiş 37 növ daxildir. Fəsilələrin tərkibi aşağıdakı kimidir:
Sciuridae (Sincabkimilər) fəsiləsinin Sciurus (Sincablar) cinsində 2 növ
Hystricidae (Tirəndazkimilər) fəsiləsinin Hystrix (Tirəndazlar) cinsində bir növ
Myocastoridae (Nutriyakimilər) fəsiləsinin Myocastor (Nutriyalar) cinsində bir növ
Gliridae (Süleysinkimilər) fəsiləsinin Glis (Süleysinlər) və Dryomys (Meşə süleysinləri) cinslərində 2 növ
Dipodidae (Ərəbdovşanıkimilər) fəsiləsinin Allactaga (Yer dovşanları) cinsində 2 növ
Muridae (Siçankimilər) fəsiləsindən 4 cins: Rattus (Siçovullar) – 2 növ, Mus (Siçanlar) – 2, Apodemus (Meşə və Tarla siçanları) – 5, Micromys (Cırtdan siçanlar) – 1
Cricetidae (Siçancıqkimilər) fəsiləsinə daxil olan 8 cinsdən Calomyscus (Siçanabənzər siçancıqlar), Cricetulus (Boz siçancıqlar), Mesocricetus (Orta siçancıqlar), Ellobius (Korcalar), Arvicola (Su siçovulları) cinslərinin hərəsində bir növ, Meriones (Kiçik qum siçanları) – 5, Chionomys (Qar çöl siçanları) – 3, Microtus (Boz çöl siçanları) – 6 növ aiddir.
Azərbaycan rodentofaunasının əsasını Cricetidae (8 cins və 19 növ) və Muridae (4 cins və 9 növ) fəsilələri təşkil edir. Ayrı-ayrı növlərin ərazimizdə yayılması müxtəlifdir (xəritə ). Geniş yayılmış, adi saylı və çoxsaylı növlərə Mus musculus (ev siçanı), Apodemus (Sylvaemus) uralensis (kiçik meşə siçanı), A. (S.) fulvipectus (sarıqarın siçan), Cricetulus migratorius (boz siçancıq), Arvicola terrestris (su siçovulu) aiddirlər. Onlar demək olar ki, 2300–2500 m hündürlüyə qədər bütün tipik lanşaftlarda məskən salmışlar.
Arid landşaftlarda gəmiricilər əhalisinin əsasını yuxarıda qeyd olunan növlərlə yanaşı ilk növbədə Microtus socialis (ictimai çöl siçanı), Scarturus elater və Meriones (Qum siçanları) cinsindən olan iki növ təşkil edir. Sonuncular qeyribərabər yayılmışdır.