Qafqaz süsəni
Qafqaz süsəni (lat. Iris caucasica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.
== Qısa morfoloji təsviri ==
Çoxillik ot bitkisidir, soğanağı yumurtaşəkilli və ya uzunsov, 2-2,5 (3,5) sm enində, tünd-qəhvəyi, tutqun pərdəvari qınla örtülmüşdür. Gövdə 7-15 (20) sm hündürlükdə, 1-3 çiçəklidir. Yarpaqlar boz-yaşıl, göyümtül, qılıncvari, tədricən sivriləşmiş, oraqvari əyilmiş, kənarları ağ xətlə haşiyələnmiş, sıx, qısa kirpikciklidir, çiçəkyanlığının borucuğu 4-5 dəfə yumurtalıqdan uzundur. Çiçəkyanlığı 3,5 -4,5 (5) sm uzunluğunda, yaşılımtıl və ya mavitəhər sarı, qolğun, qıfvari, xarici hissədən enli, uzunsovdur, sütuncuğun hissələri çiçəkyanlığının xarici hissələrindən bir qədər qısa, enli, kütdür, qutucuq 3 sm uzunluğunda, silindrik, uzunsov, qısa buruncuqludur.
== Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri ==
Çiçəkləmə, meyvə əmələ gətirmə dövrü aprelin ikinci yarısı - may aylarıdır.Mezokserofit, işıqsevəndir. Kökümsovlarla və toxumla çoxalır. Müxtəlifotlu qruplaşmalar əmələ gətirir.