Səffət bəy Məlik-Zərdabi
Səfvət bəy Həsən bəy oğlu Məlikov (mühacirətdə: Safvet Melik Zerdabi; 12 (24) noyabr 1891, Zərdab, Göyçay qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1976, Ankara, Türkiyə) — Azərbaycan Xalq Cümhuriyyətinin İstanbuldakı konsulluğunun əməkdaşı, Türkiyədə fəaliyyət göstərmiş memar və Azərbaycan mühacirətinin üzvlərindən biri. Məlikovlar ailəsinin üzvü olan Səfvət bəy Həsən bəy Zərdabinin oğludur.
Səfvət bəy Həsən bəy oğlu Məlikov köhnə təqvimlə 12 noyabr 1891-ci ildə Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. 1915-ci ildən fasilələrlə xaricdə yaşamış və nəhayət, 1927-ci ildə davamlı olaraq Türkiyəyə yerləşmişdir. Türkiyədə Nəsihə adlı bir xanımla ailə həyatı qurmuş və 1976-cı ildə dünyasını dəyişmişdir. Səfvət bəyin məzarı Ankara şəhərinin Qarşıyaxa məzarlığında yerləşir.
O, Bakı real məktəbini bitirdikdən sonra 1915-ci ildə Riqa Politexnik İnstitutuna daxil olub. Özü də atasının adına təsis olunmuş təqaüdlə təhsil alıb. 1917-ci ildə bolşeviklərin inqilabından sonra təhsilini yarımcıq qoyub Bakıya geri dönməyə məcbur olur. Buraya gəldikdən sonra cümhuriyyət quruculuğu prosesində iştirak edir.