Doxsan üçüncü il (roman)
Doxsan üçüncü il (fr. Quatrevingt-treize) — Viktor Hüqonun Böyük Fransa inqilabının son günləri haqqında qələmə aldığı axırıncı romanı.
"93-cü il" romanı demək olar ki, Viktor Hüqonun yaradıcılığına yekun vuran axırıncı böyük əsəridir. Bu roman bir tarixi əsər olmaqdan başqa Viktor Hüqonun ümumi humanist görüşlərinin silsiləsində müəyyən dərəcədə xüsusi bir həlqəyə çevrilmişdir.
Əsər iki dünyagörüşü, tarixə iki baxış və bir-birindən diametral surətdə fərqlənən müxtəlif dəyərlər sistemi arasında olan amansız mübarizədən bəhs edir. Markiz de Lantenak köhnə rejimin mücəssiməsidirsə, onun qardaşı oğlu özündə respublikaçıların inqilabi ideyalarını və yeni dövrü əks etdirir. Romanda, həmçinin Fransa İnqilabının üç əsas xadimi – Marat, Danton və Robespyerin də fəaliyyəti barədə söhbət açılıb...
Kitab ilk dəfə 1874-cü ildə Fransada nəşr edilib.
Roman Azərbaycan dilinə ilk dəfə Mikayıl Rəfili tərəfindən rus dilindən tərcümə edilib və 1948-ci ildə Bakıda nəşr edilib.
Nigar Rəfibəyli tərəfindən edilən tərcümə Əkbər Ağayevin ön söz müəllifliyi və redaktorluğu ilə Bakıda, əvvəlcə kiril qrafikalı Azərbaycan əlifbası ilə, daha sonra Əsgər Quliyevin redaksiya heyəti baş redaktorluğu ilə latın qrafikalı Azərbaycan əlifbası ilə 2006-cı ildə Çaşıoğlu nəşriyyatında, 256 səhifədə, "Dünya Ədəbiyyatı" seriyasından, 5000 tirajla, 2015 və 2017-ci illərdə isə Bakı Kitab Klubunda 328 səhifədə, 100 tirajla çap edilib.