Safflorit
Safflorit – Co As2 — Rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir.
Qalayı-ağdan qurğuşunu-bozadək, çox vaxt tünd-boz çalarlı oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – tünd-boz; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 6,9-7,4; Sərtlik – 4,5-5,5; Kövrəkdir; Ayrılma – {110} üzrə orta; Sınıqlar – qeyri-hamar; Morfologiya – kristallar: prizmatik, az hallarda uzunprizmatik; İkiləşmə: {011} üzrə beşləşmələr, {101} üzrə altışüalı ulduz tipli qarşılıqlı nüfuzetmə ikiləşmələri və üçləşmələr – «safflorit ulduzcuqları»; Mineral aqreqatları: nazik- və kobud çubuqlvari, radial-şüalı, lifli, konsentrik-zolaqlı, massiv.
Əsasən nikel-kobalt və gümüş-nikel-kobalt filizlərindən təşkil olunmuş hidrotermal damarlarda qeyd edilir. Gec hidrotermal minerallardan biri kimi peqmatitlərdə, skarn-dəmir filizi yataqlarında rast gəlir. Mineralın tək-tək tapıntıları çökmə süxurlarda aşkar edilmişdir. Birlikdə rast gəldiyi minerallar: arsenopirit, qlaukodot, alloklazit, xloantit, rammelsberqit, nikelin, şmaltin, kalsit, kvars və b. Yineralın tapıldığı yerlər: Kobalt (Kanada); Şneyeberq, Unter-Ramstadt (Almaniya); Yaximov (Çexiya); Nordmarken (Norveç) və b. Azərbaycanda Daşkəsən rayonunun dəmir və kobalt yataqlarında (Daşkəsən, Şimali-Daşkəsən, Şimal-Şərqi Daşkəsən) qeyd olunur. Saffloritin nadir rast gələn dənələri Balakən rayonunda kolçedan-polimetal (Filizçay) və mis-pirrotin (Cixix-Saqator və b.) yataqlarının filizlərində də aşkar edilmişdir.