Saltuknamə
Saltuknamə — XIII əsrdə İslam dininin yayılması uğrunda qəhrəmanlıqlar göstərmiş Sarı Saltukun həyatı, döyüşləri və kəramətləri haqqında olan rəvayət
İslam dininin qəbulundan sonra, Türk ədəbiyyatında öz mövzusunu din və din uğrunda aparılan qəzalardan almış bir çox əsərlər vardır ki, bunların arasında İslami Türk Dastanları daha geniş yayılmışdır.
Türk xalqlarının bir çox qəhrəmanlıq dastanları olmuşdur ki, bunlar İslamın qəbulundan sonra böyük dəyişikliyə uğramış, bu dastanlardakı bəzi ünsürlər İslami bir rəngə bürünərək təkrar edilmişdir. Türklərin ən qədim və cəsur qəhrəmanı olmuş Oğuz Xaqan, İslamdan sonra da unudulmamış, o bir "vəli" kimi tanınmış və Türklər arasında dinini yayan qəhrəmanların ən qabaqcılı olmuşdur. Bu dastanlardan biri də, XIII əsrdə İslam dininin yayılması uğrunda qəhrəmanlıqlar göstərmiş Sarı Saltukun həyatı, döyüşləri və kəramətləri haqqında olan rəvayətlərdir. Dillər əzbəri olmuş, ağızdan-ağıza keçərək yayılmış bu rəvayətlər XV əsrdə qələmə alınmış "SALTUKNAMƏ"dastanında öz əksini tapmışdır.
Sarı Saltuk, Anadolu və Rumelinin fəth olunması əsnasında qəzalara qatılan, qəhrəmanlıqları, vilayətləri, kəramətləri ilə hələ sağlığında ikən əfsanəvi bir şəxsiyyət halına gələn müstəsna bir Türk qəhrəmanıdır. Onun haqqında yaranmış rəvayətlərə, digər qazi və vəlilərin rəvayətləri qarışdığına görə, Sarı Saltukun həqiqi həyatı haqqında düzgün məlumat əldə etmək çox çətinləşmişdir. Bu rəvayətlərdə onun real həyatı ilə əfsanəvi həyatı qarışmışdır.
Sarı Saltukun dastani şəxsiyyəti ilə əlaqədar məlumatlara müxtəlif rəvayətlərdə və vilayətnamələrdə rast gəlinsə də, bu mövzuda ən mühüm mənbə, heç şübhəsiz "Saltuknamə" dastanıdır.
1473–1480-ci illərdə Uzun Həsənlə müharibəyə qoşulan Sultan Fatih Mehmed oğlu şahzadə Cem Sultanı bir vali olaraq Ədirnəyə göndərir.