SEKULYARİZASİYA
(fransız sécularisatio, son latın saecularis-dünyəvi) - obyektiv mənası: kilsə, monastir mülkiyyətinin, əmlakının, torpaqlarının onlardan müsadirə edərək, (dünyəvi) dövlət hesabına verilməsi (keçirilməsi); müxtəlif sosial institutların (təhsilin, mühakimənin, kəbinin) kilsədən ayıraraq, (dünyəvi) sivil orqanların idarəçiliyinə keçirilməsi, subyektiv mənası isə; cəmiyyətin həyatının müxtəlif sahələrinin, ictimai münasibətlərin, ictimai və fərdi şüurun dini ideologiyanın təsirindən azad edilməsi. Dini təsirin zəifləməsi cəmiyyətdə baş verən dəyişiliklərdə əks olunur: elm, fəlsəfə, hüquq, mədəniyyət, maarif, incəsənət, əxlaq və s. kilsənin tabeliyindən çıxır. “S.” anlayışı ilk dəfə orta əsrlərdə Qərbi Avropada meydana gəlmişdir. Lakin, bəzi hallarda siyasi təcrübədə, hətta müasir dövrdə S.-nın əksi prosesini (yəni dinin təsirinincəmiyyətin siyasi, mədəni həyatına artması) müşahidə olunur.