1. Döş, köks.
[Müəllim] Tellinin nəfəs aldıqca qalxıb-enən sinəsinə baxırdı.
Qız başını sinəsinə endirdi.
// Bədənin, ciyərlərin və ürəyin yerləşdiyi həmin nahiyəsi; döş qəfəsi.
2. Yamac.
Dağların sinəsindən axıb gələn bulaqlar və xırda çaylar isə birləşərək daha güclü və iri çaylara çevrilir.
Budur, dikbaşlı dağlar; Sinəsi daşlı dağlar; Yerli-dibli sökülür.
3. məc. Ürək, qəlb mənasında. Sinəm yanır. Sinəsində məhəbbəti olmaq.
– Aləm bilir, çoxdur sinəmdə dərdim; Doqquz ay qoynumda oğul bəslədim. “ ”.
Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm; Fəda olum sənə, gəl eylə imtahan, ölürəm.
4. Sinəsindən şəklində – özündən.
Bundan sonra görüm kim cürət edib dilinə gətirə biləcək ki, belə iş yoxdur, bu əhvalatı dərviş öz sinəsindən icad edib.
◊ Sinə gərmək – özünü qorxmadan qabağa verərək, mərdcəsinə qorumaq, müqavimət göstərmək; köks gərmək.
O hər cövrə, cəfaya sinə gərdi, dayandı; Yanmadı tək həyatda, öləndə də o yandı!
Sinə vermək – bax sinə gərmək.
Sinə vurmaq – məhərrəm ayında yas əlaməti olaraq əlləri ilə öz sinələrinə vurma mərasimi.
[Uşaqlar] sıra ilə oturub, avaz ilə … mərsiyə deyər, sinə vurardılar.
[Fərəc:] Mən danışdıqca, ərz olsun, gərək siz də ağlayasınız və sinə vurasınız.
Sinəsinə dağ çəkmək – bax ürəyinə dağ çəkmək (“ürək”də).
[Əbdül:] [Saranın] ölümü mənim sinəmə dağ çəkdi.
Rübabə bu rəftarı ilə Gəldiyevin sinəsinə sanki bir dağ çəkdi.
Mən tez endim atımdan, əyildim ona sarı; Sinəmə dağ çəkirdi həzin pıçıltıları.
Sinəsinə sərin su səpmək – bax ürəyinə buzlu su səpmək (“ürək”də).
Nisə xalanın sinəsinə sərin su səpdilər.
Sinəsinə yatmaq (düşmək) – bax ürəyinə yatmaq (“ürək”də).
Dəmirin hərəkətləri, hazırcavablığı Sevdim kişinin sinəsinə yatırdı.
Sinəsini qabağa (irəli) vermək (sipər etmək) – bax sinə gərmək.
[Rüstəm Qızyetərə:] Nə deyəcəksən, həm manqabaşçısısan, həm də fəal, sinəni ver qabağa, katibi oturt yerində.
Cəngavərlər sinələrini sipər edib, ağ gün uğrunda ölümdirim döyüşlərinə atılırlar.