Siyasi sığınacaq
Sığınacaq hüququ (bəzən də siyasi sığınacaq hüququ və ya siyasi sığınacaq da adlandırılır; qədim yunan dilindəki ἄσυλον sözündən götürülüb) — qədim dövrlərdən mövcud olan hüquqi konsepsiyadır və orta əsrlərdə şəxsin vətəndaşı olduğu ölkədə məruz qaldığı təqiblərdən yaxa qurtarmaq üçün başqa dövlətə və ya kilsəyə sığınması mənasında işlədilirdi. Bu hüquq hələ qədim misirlilər, qədim yunanlar və qədim ibranilər tərəfindən tanınmış və Qərbdə ənənəyə çevrilmişdir. Müvafiq dövlətlər təqibə məruz qalanlara müdafiə olunmaq barədə təklif verdiyinə görə Rene Dekart Niderlanda, Volter İngiltərəyə, Tomas Hobbs Fransaya sığınmışdır.
Misirlilər, yunanlar və ibranilər cinayətkarları (və ya cinayət törətməkdə ittiham olunanları) qanuni hərəkətlərdən müəyyən dərəcədə qoruyaraq dini "sığınacaq haqqını" tanıyırdılar. Bu prinsip sonralar xristian kilsəsi tərəfindən qəbul edilmiş və kimlərə sığınacaq verilməsi və hansı səviyyədə müdafiə ilə təmin olunmaq barədə normalar təfsilatı ilə işlənib hazırlanmış və inkişaf etdirilmişdir.
Ümumdünya insan hüquqları bəyannaməsinin 14-cü maddəsinə görə, "Hər bir şəxs digər ölkələrdə təqibdən sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququna malikdir". Birləşmiş Millətlər Təşkilatının 1951-ci il Qaçqınların statusu haqqında Konvensiyası və 1967-ci il Qaçqınların statusuna dair Protokol siyasi sığınacaqla bağlı milli qanunvericiliyi rəhbər tutur. Bu razılaşmalara əsasən, qaçqın irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və ya müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.
Avropa İttifaqına üzv dövlətlərdə sığınacaq məsələsi yarım əsrdən uzun bir müddətdə 28 iyul 1951-ci il tarixli Qaçqınların statusu haqqında Cenevrə Konvensiyası ilə tənzimlənmişdi. Şengen razılaşması (hansı ki daxili sərhədləri aradan qaldırırdı) ilə əlaqədar 1990-cı illərdə belə bir ümumi siyasət formalaşmışdı ki, bir üzv dövlətdə sığınacaq tapa bilməyən şəxs digər üzv dövlətə sığınacaqla bağlı təkrar müraciət edə bilməz.