is. [
ər. ] Bəzi balıqqulağıların iç qatını təşkil edən və müxtəlif bəzək şeyləri hazırlamaq üçün istifadə edilən, müxtəlif rənglərə çalan parlaq bərk maddə.
Yaxasına hərdən-hərdən; İnci sədəf düzən gözəl! Aşıq Ələsgər.
İmi çəhrayı atlaz örtüyü açıb, başdan-başa sədəfə tutulmuş tarını ehtiyatla çıxartdı. İ.Əfəndiyev.
// Sədəfdən qayrılmış, sədəflə bəzədilmiş. Sədəf düymə. Sədəf qaval. – Səba xanım öz etidalını itirmədi.
Kamançanı götürüb başındakı sədəf qübbəni çıxardı, onun içərisindən kiçik bir məktub çıxarıb Atabəyə uzatdı. M.S.Ordubadi.
Tarçı, köklə sarı simi; Bir şey çal ellər eşqinə! Durma, köklə sədəf tarı. M.Müşfiq.
// məc. Öz parlaqlığı, zərifliyi, rənginin saflığı ilə sədəfi xatırladan (bəzən obrazlı təşbehlərdə işləyir).
Bir şirin göftarlı, bir şəkər sözlü; Ağzı sədəf, dişi dürdanədəndir. M.V.Vidadi.
Sədəf dəhanından çıxan sözlərin; Hər biri bir qeybixəzanədəndir. M.P.Vaqif.
Gülzarın süzgün baxışı, yanaqlarının atlaz şəfəqi, gülümsədiyi zaman görünən ağ sədəf dişləri indi də Rüstəmin bu gün səhər gördüyü kimi qarşısında idi. T.Ş.Simurq.
□ Sədəf kimi – ağ, parlaq.
Onun sədəf kimi ağ dişləri parıldayır, iki ala gözləri dərin bir səmimiyyətlə alışıb yanırdı. M.Hüseyn.
…Güləndə dodaqlarının arasından sədəf kimi saf dişləri ağarırdı. M.Rzaquluzadə.
Sədəf saçmaq (səpmək) – nur saçmaq, işıqlandırmaq, parıldatmaq.
Gündüz yağan qar toxtamış, Ay aləmə sədəf saçırdı. Çəmənzəminli.