Vilayət Vəliyev
Vilayət Məmməd oğlu Vəliyev (28 mart 1960) – iqtisad elmləri doktoru (2007), professor (2013), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2014), Azərbaycan Texniki Universitetinin rektoru (2019-cu ildən).
Beynəlxalq Enerji İqtisadçıları Assosiasiyasının (IAEE) regional inkişaf məsələləri üzrə Vitse prezidenti (2018–2020), Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) İqtisad elmləri üzrə ekspert şurasının sədri (2018-ci ildən).
1978-ci ildə Sumqayıt şəhəri 49 saylı texniki-peşə məktəbini bitirmişdir.
1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tətbiqi riyaziyyat fakültəsini bitirmişdir.
1983–2009-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunda (DNQYPİ) böyük laborant kimi işə başlayaraq, mühəndis, böyük mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, sektor müdiri və şöbə müdiri vəzifəsinə yüksəlmişdir.
1985–1989-cu illərdə Azərbaycan Elmlər AKademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun (DNQYPİ) aspiranturasında təhsil almışdır.
1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək, 05.15.06 (indiki 2525.01) — "Neft-qaz yataqlarının işlənməsi və istismarı" ixtisası üzrə texnika elmləri namizədi elmi dərəcəsi almışdır.
1992-ci və 1994-cü illərdə Amerika Birləşmiş Ştatlarında Unocal və Pennzoil şirkətlərinin elmi mərkəzlərində birgə tədqiqatlar aparmışdır.
1994-cü ildə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Enerji İqtisadçıları Assosiasiyasının (IAEE) üzvü, 2017-ci ildə İdarə Heyətinin üzvü, 2018-ci ildə regional inkişaf məsələləri üzrə Vitse prezidenti seçilmişdir.
1995–1999-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun (DNQYPİ) doktoranturasında əyani təhsil almışdır.