Dünya ədəbiyyatı
Xalqın mənəvi aləmi onun yaradıcılıq dühasında, bədii zövq və qabiliyyətində, qiymətli sözündə, gülüşündə, zərbməsəllərində, əfsanə və nağıllarında özünü göstərir. Xaqlın söz xəzinəsi, folkloru həmişə yazılı ədəbiyyata qida verən mənbədir və bu mənbə əsasında qüdrətli milli ədəbiyyatlar yüksəlmiş, inkişaf etmişdir. Şərqdə də belə olmuşdur, Qərbdə də belədir; dünyanın bütün xalqlarının ədəbiyyatlarında söz sənətinin başlanğıcı folklordan gəlir.
Dünya ədəbiyyatının ən maraqlı və ölməz qəhrəmanlarını da xalq zehniyyəti yaratmışdır; müxtəlif bədii əsərlərdə müxtəlif obrazların və qəhrəmanların səciyyəsində verilmiş ən maraqlı keyfiyyətlərin, cizgilərin, ehtirasların ilk boyaları folklordan alınmışdır; böyük ədib Maksim Qorkinin dediyi kimi, qısqanc Otello, iradəsiz Hamlet, əyyaş Don-Xuan kimi tipləri Şekspir və Bayrondan hələ çox əvvəl xalq yaratmışdır. Faust kimi məşhur qəhrəman yazılı ədəbiyyata folklordan gəlmişdir, Prometeyin ilk surəti xalqın yaratddığı mifologiya və folklordadır. Leyli, Məcnun, Fərhad, Fitnə, Koroğlu, Nəbi, Həcər, Molla Nəsrəddin, Bəhlul Danəndə, Əsli, Kərəm, Qərib kimi qəhrəmanların ilk bədii surətləri xalq tərəfindən ədəbiyyatda yaradılmışdır; dünya ədəbiyyatının ən böyük dastanlarının — "İliada" və "Odisseya"nı, "Kalevala"nı, "Ulenşpigel"i, "Roland haqqında nəğmələr"i, "Sid"i, "Nibelunqlar"ı, "Beovulf"u, böyük və kiçik "Edda"ları xalq yaradıcılığından və folklor qaynaqlarından ayrı təsəvvür etmək olmaz.
Çox maraqlıdır ki, dünya ədəbiyyatında epik janrla birlikdə, ədəbiyyatın digər janr və formaları, o cümlədən satirik janrlar da həmişə folklordan qidalanmış, xalqın gülüşü və ya nifrəti, xalqın kəskin tənqidi və kinayəsi bədii əsərlərdə satiraya, yumora geniş imkanlar açmış, gülməli və məzəli hadisələr, hərəkətlər, gülməli tiplər, məzəli və müdrik misallar, tapmacalar, sual və cavablar, atalar sözləri və sairə xalqın şən qəhqəhəsinin ifadəsinə çevrilmiş, xalqın həyat hadisələrinə münasibətinin güzgüsü olmuşdur. Molla Nəsrəddinin məşhur lətifələri belə yaranmışdır; Mollanın adına istinadən verilən lətifələrin əksəriyyətinin yaradıcısı xalqdır, onları işləyən, cilalayan, variantlara salan xalqdır, zəmanəyə və dövrə görə lətifələrin bu və ya digər cəhətini kəskinləşdirən, qabarıq ifadə edən və yaşadan da xalqdır.
Yusifli-İshaqlı A. XVII əsr Qərbi Avropa ədəbiyyatı (ali məktəblər üçün dərslik). Bakı, 2012.