İran–İraq müharibəsi (İranda "Müqəddəs müdafiə" (دفاع مقدس, Defae-moqaddas), İraqda isə "Səddam Qədisiyəsi" (قادسيّة صدّام, Qədisiyyat Səddam) adı ilə tanınır) — İran və İraq arasında strateji cəhətdən vacib olan Fars körfəzi və Şəttül-Ərəb çayı üzərində üstünlüyü ələ keçirmək uğrunda 1980–1988-ci illəri əhatə edən müharibə. Müharibə hər iki tərəf üçün uğursuz olmuş, çoxlu sayda insan və maddi itkilərlə nəticələnmişdir.
İran-İraq müharibəsi | |||
---|---|---|---|
Tarix | 22 sentyabr 1980 – 20 avqust 1988 | ||
Yeri | Fars körfəzi, İran-İraq sərhədi | ||
Səbəbi | İraqın ərazi iddiaları | ||
Nəticəsi | İraqın strateji uğursuzluğu, İranın taktiki uğursuzluğu, hər iki tərəf öz qələbəsini elan etdi | ||
Ərazi dəyişikliyi | Status quo ante bellum (müharibədən əvvəlki vəziyyətin bərpası) | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Müharibə 22 sentyabr 1980-ci ildə İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlamışdır. Müharibənin ilk dövründə iraqlıların qazandığı uğurların qarşısı tezliklə İran ordusu tərəfindən alınmış və 1982-ci ilin iyun ayınadək İran öz işğal olunmuş torpaqlarını İraqdan geri ala bilmişdir. Bundan sonrakı 6 ildə İran daha çox hücum əməliyyatları həyata keçirməyə başlamışdır. Müharibə 20 avqust 1988-ci ildə bağlanmış atəşkəslə başa çatmış və hər iki dövlət öz sərhədlərini müharibədən əvvəlki vəziyyətə qaytarmışdır.
İki dövlət arasındakı vəziyyət 1959-cu ildə İraqda baş verən üsyandan və İraqın SENTO təşkilatından çıxmasından sonra daha da gərginləşir.
1975-ci il martın 6-da OPEK-in Əlcəzairdə keçirilən konfransında İran şahı Məhəmməd Rza Pəhləvi və İraqın baş naziri Səddam Hüseyn arasında Şəttül-Ərəb (Ərvəndrud) çayının yatağı boyunca İran-İraq sərhədinin müəyyənləşdirilməsi barədə müqavilə imzalandı. Dəclə və Fərat çaylarının qovuşmasından yaranan Şəttül-Ərəb çayı böyük neft yataqları ilə zəngindir. İraq bu çayın iri liman şəhərləri Xürrəmşəhr və Abadanın yerləşdiyi şərq sahillərinə iddia edirdi. İran isə sərhəddin talveq xətti, yəni çay yatağının orta xətti boyunca çəkilməsinin tərəfdarı idi.
Müharibənin başlanmasına səbəb olan əsas amilləri aşağıdakı kimi qruplaşdırmaq olar:
17 sentyabr 1980-ci ildə Səddam Hüseyn formal olaraq 1975-ci il Əlcəzair razılaşmasını denonsasiya edərək Şəttül-Ərəb çayının şərq sahillərini İraq ərazisi elan edir və Əbu Musa, Böyük və Kiçik Tonb adalarının İran ordularından təmizlənməsi tələbini irəli sürür. 22 sentyabr 1980-ci ildə İraq ordusu İran ərazisinə genişmiqyaslı hərbi müdaxiləyə başlayır. Müharibənin başlanmasına bəhanə rolunu həmin ilin aprelində İraqın cənubunda Xarici İşlər naziri Tariq Əzizə qarşı həyata keçirilmiş sui-qəsd cəhdində İran agentlərinin ittiham edilməsi oynadı.
Müharibənin ümumi qəbul olunmuş başlanma tarixi 22 sentyabr 1980-ci ildə İraq ordusunun Şəttül-Ərəb çayını keçərək İranın Xuzistan ostanına soxulması hesab edilsə də, İraqın özündə bu müharibənin 4 sentyabrda İran-İraq sərhədindəki silahlı qarşıdurma nəticəsində başlaması fikri hökm sürür.
1980-ci il sentyabrın 28-də BMT Təhlükəsizlik Şurası 479 saylı "İran və İraq arasındakı münasibətlərin mövcud vəziyyəti" adlı qətnamə qəbul edir. Qətnamədə münaqişə tərəflərindən hərbi əməliyyatların dayandırılması və münaqişənin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həll edilməsi, eyni zamanda digər dövlətlərin konfliktin genişlənməsi və gələcək eskalasiyasına səbəb ola biləcək hərəkətlərdən çəkinməsi tələb edilirdi.
1980-ci ilin noyabrında İraq Xarici İşlər Nazirliyi memorandum dərc edir. Bu memorandumda İran hərbi obyektlərinə zərbələr endirilməsinin səbəbləri öz əksini tapmışdı. İraq 1975-ci il müqaviləsinin İran tərəfindən pozulduğunu elan edir və İranı 1979-cu ilin fevralından 1980-ci ilin iyuluna kimi İraqın quru və dəniz sərhədlərini 224 dəfə pozmaqda ittiham edir. Memorandumda İraqın hərbi əməliyyatları dayandırması və tərəflərin danışıqlar stolu arxasında razılığa gəlməsinin şərtləri də əks olunmuşdu.
Müharibənin başlamasından bir həftə sonra İraq ordusu irəliləyişini dayandırdı və Səddam Hüseyn İrana sülh danışıqlarına başlamağı təklif etdi. Lakin rəsmi Tehran atəşkəsə razı olmadı.
İlk dövrdə müdaxilənin gözlənilməzliyi və İraq ordusunun say üstünlüyü hesabına iraqlılar İran ərazisinin 20 000 km²-lik hissəsini ələ keçirdilər. Hücum əməliyyatlarının həyata keçirildiyi Xuzistan ostanında İraq ordusunun 5 diviziyasına qarşı İranın yalnız 1 diviziyası döyüşürdü. İraq rəhbərliyi müharibəyə başlayarkən qısamüddətli hərbi kampaniyaya ümid bəsləyirdi. Belə ki, 2 həftə ərzində Xuzistanın bütün böyük şəhərləri üzərində nəzarətin təmin olunması planlaşdırılırdı. Ostanın ərəb əhalisinin iraqlıları dəstəkləyəcəyi və zəngin neft yataqlarının ələ keçirilməsinin İrandakı daxili vəziyyəti gərginləşdirəcəyi güman olunurdu. Lakin bu ehtimallar özünü doğrultmadı.
İran ordusu 1979-cu il İslam inqilabından sonrakı dəyişikliklər səbəbindən xeyli zəifləmişdi. İslam İnqilabı Keşikçiləri Korpusu isə hələ ki, çox da güclü deyildi və üzvlərinin sayı az idi. ABŞ-la əlaqələrin kəsilməsi isə əsasən Amerika istehsalı olan silahlarla silahlanmış İran ordusunda ehtiyat hissələrin çatışmamasına səbəb olmuşdu ki, bu da onun hərbi imkanlarını məhdudlaşdırırdı. Lakin iraqlıların qətiyyətsizliyi İranın tezliklə ümumi səfərbərlik elan edərək cəbhə bölgəsinə çox sayda canlı qüvvə və texnika toplamasına imkan verdi. Üstəlik, İraq ordusu gözləmədiyi müqavimətlə üzləşdi. İki ölkənin sərhəddində yerləşən Xürrəmşəhrin ələ keçirilməsi əməliyyatı bir ay vaxt apardı və iraqlılar üçün böyük itkilər hesabına başa gəldi. Şəhəri yalnız oktyabrın sonunda ələ keçirmək mümkün oldu ki, bu da İraq ordusunun müharibənin əvvəlindəki yeganə əhəmiyyətli qələbəsi idi. Qonşu Abadan şəhərini ələ keçirmək mümkün olmadı, belə ki, onun blokadasına yalnız oktyabrın ortalarında başlandı, lakin şəhərin tam mühasirəyə alınmasınadək iranlılar uzunmüddətli müdafiəni təmin etmək üçün bura kifayət qədər qüvvə yönəldə bildilər.
İraq zabitlərinin düzgün qərarlar qəbul etməməsi və rəqibi qiymətləndirməməsi, genişmiqyaslı hərbi əməliyyatlar keçirmək təcrübəsinin olmaması tezliklə İraq ordusunun təşəbbüsü əldən verməsinə və ilk dövrdəki uğurları davam etdirə bilməməsinə səbəb oldu. Oktyabrın sonları və noyabrda İraq ordusu Dəsful və Əhvaz istiqamətində irəliləməyə çalışsa da, bu cəhdlər uğursuz oldu. Dekabr ayında yağışlar mövsümünün başlanması və hərəkətin çətinləşməsi ilə S.Hüseyn İraq qoşunlarının müdafiə mövqeyinə keçdiyini elan etdi. Müharibənin başlanmasından keçən dövrdə İraq ordusu Xürrəmşəhr, Qəsri-Şirin, Neftşah, Mehran və Bostan şəhərlərini ələ keçirmiş, Abadanı mühasirəyə almışdı.
İran prezidenti və ali baş komandan Əbülhəsən Banisədr rəqibin müdafiəyə keçməsindən istifadə edərək 1981-ci ilin yanvarında müharibənin başlanmasından bəri ilk dəfə olaraq əks-hücuma keçmək əmri verdi. Lakin bu əməliyyat tam uğursuzluqla bitdi. Belə ki, əsas vəzifəsi Abadanın mühasirəsini aradan qaldırmaq olan hücumda 16-cı tank diviziyası özünün 3 briqadasından 2-ni tamamilə itirdi. Yalnız hücumun bəzi istiqamətlərində kiçik uğurlar əldə etmək mümkün oldu. İranın əks-hücumunun uğursuzluğu İraq komandanlığında elə bir təəssürat yaratdı ki, iranlılar yaxşı möhkəmləndirilmiş müdafiə xəttini yara bilməzlər. Mart ayında Susəngərd üzərinə həyata keçirilən və uğursuz olan hücumdan sonra İraq ordusu ilin sonunadək heç bir hücum əməliyyatı həyata keçirmədi. Çünki, İraq rəhbərliyi İrandakı rejimin tezliklə devriləcəyinə ümid edirdi. Bunun üçün əsasları da var idi. Belə ki, İran ordusunun uğursuz yanvar əməliyyatı ölkə daxilindəki siyasi çəkişmələri kəskinləşdirmişdi. İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (İİMK) arasındakı daimi rəqabət isə İran hərbi qüvvələrinin əsas probleminə çevrilmişdi. İslamçılar ordunun zabit heyətinin şah rejiminə tərəfdar olmasından şübhələnirdilər və buna görə də ordunun hərbi əməliyyatlardakı rolunu aşağı salmağa çalışırdılar. Yanvar məğlubiyyəti prezident Ə.Bənisədrin mövqelərini və orduya olan etibarı sarsıtdı. İyun ayında Bənisədr hakimiyyətdən uzaqlaşdırıldı və ölkəni tərk etdi. Hazırda terrorçu təşkilat olaraq qəbul edilən İran Xalq Mücahidləri Təşkilatı islamçıların rolunun artmasına etiraz olaraq İran ərazisində terror aksiyaları keçirməyə başladı. Onların əsas uğurları isə ölkənin yeni prezidenti Məhəmməd Əli Rəcai və baş nazir Məhəmməd Cavad Bəhonərin öldürülməsi oldu.
Sentyabrın əvvəllərində İran ordusu Abadanın mühasirəsinin aradan qaldırılması istiqamətində irimiqyaslı əməliyyat keçirdi. İranlılar İraq ordusunu yanıltmaq üçün hücumun Bəsrəni ələ keçiməyə yönəldiyi təəssüratını yaratmışdılar. Abadanı şərqdən mühasirədə saxlayan İraq qoşunları ilə döyüş sentyabrın 26-dan 29-dək davam etdi və uğurla nəticələndi. Bu İranın müharibə dövründəki ilk böyük uğuru oldu. Bu uğur ordu və İİMK-nın birgə fəaliyyəti nəticəsində mümkün olmuşdu. Lakin əməliyyatın həyata keçirilməsinə rəhbərlik edən demək olar ki, bütün komandirlər, cəmi 80 nəfər yüksək rütbəli zabit, o cümlədən İranın Müdafiə naziri briqada generalı Seyid Musa Nəmju Tehrana uçarkən təyyarə qəzasında həlak oldular.
1982-ci ilin martından İran yenidən hücum əməliyyatları həyata keçirir, may ayında Xürrəmşəhr azad edilir. Hərbi əməliyyatlar meydanı İraq ərazisinə keçmiş olur, ancaq yenidən mövqe müharibəsi başlanır. 1982-ci ilin iyununda Səddam Hüseyn sülh danışıqlarına başlamaq istədiyini bildirsə də, İran hakimiyyəti buna razı olmur. Belə olan təqdirdə Səddam ABŞ-dən və digər müttəfiqlərindən əlavə silah, hərbi texnika və kimyəvi silahlar alır.
Müharibənin ilk dövründə İraq ordusunun silahları sovet və fransız istehsalı idi. Onların əlində T-54, T-55, T-62, T-72 tankları, BMP-1 piyadaların döyüş maşınları, BTR-50, BTR-60, OT-64 zirehli maşınları, Mi-8, Mi-24, "Qazel", Aluet III vertolyotları, qırıcı-bombardmançı MiQ-21, MiQ-23, Su-17, "Miraj" F-1, səsdən sürətli, çoxfunksiyalı MiQ-25, bombardmançı Tu-16, Tupolev Tu-22 təyyarələri var idi.
İran ordusu 1979-cu ilədək əsasən ABŞ silahları ilə təchiz olunsa da, AFR, SSRİ və İsraildən də silahlar alırdı. İran ordusunun əlində M47, M48, M60, “Çiften” tankları, müharibənin son dövrlərində Çin istehsalı olan sovet tankları, BMP-1 piyadaların döyüş maşınları, M113, BTR-50 zirehli maşınları, AH-1 Kobra, UH-1, CH-47 vertolyotları var idi. İran HHQ-nin əsas təyyarələri qırıcı-bombardmançı F-4, F-5 və F-14-lər idi.
1981-ci ilin dekabrında İran ordusu cəbhənin mərkəzi hissəsində 2 hücum əməliyyatı keçirir. Bostan şəhərini azad etmək üçün aparılan əməliyyatda ilk dəfə olaraq könüllü döyüşçülərdən ibarət "canlı dalğalar"dan istifadə edildi. Bu dəstələr əsasən yeniyetmələrdən və qocalardan təşkil edilir və zirehli texnikanın, xüsusilə aviasiya qüvvələrinin çatışmadığı yerlərdə İran ordusunun döyüşün əvvəlindəki itkilərini azaltmaq məqsədi daşıyırdı. "Dalğalar"ın əsas vəzifəsi düşmən cəbhəsində qarışıqlıq yaratmaq idi. 1982-ci ilin ortalarından 1987-ci ilə qədər İran çoxsaylı hücumlar vasitəsilə İraqın əsas dəniz limanı olan Bəsrəni ələ keçirməyə çalışır. İraq ordusu hücum edən "canlı dalğaları" məhv etmək məqsədi ilə gücləndirilmiş müdafiə xətti yaradır. İran tərəfinə İraqın müdafiə xəttini tam yarmaq nəsib olmur.
1984-cü ilin sonunda başlayan "tanker müharibəsi" zamanı İran və İraqın Fars körfəzində üçüncü dövlətlərin neft tankerlərinə də zərbə vurmaları bu müharibənin beynəlxalq konfliktə çevrilməsinə səbəb olur. Hörmüz boğazına daxil olan bütün tankerlərə hücum əməliyyatına başlanır. İran Fars körfəzində yerləşən ərəb dövlətlərinin neft tankerlərinə zərbə vurmaqla dünyada yeni neft böhranı yaratmağa çalışır. Eyni zamanda mühasirədə saxladığı Fao yarımadasından Küveytə raket zərbələri endirir. 17 may 1987-ci ildə İraq hərbi təyyarəsi ABŞ HDQ-yə məxsus "Stark" freqatına hücum edərək 37 nəfərin ölümünə və 21 nəfərin yaralanmasına səbəb olur. "Tanker müharibəsi" vuruşan tərəflərin maddi ehtiyatlarının tükənməsi ilə nəticələnir. Londonun "Lloyd" sığorta şirkətinin verdiyi məlumata görə hər iki tərəfdən 500 gəmiyə hücum edilmiş, onlardan 160-ı tam məhv edilmişdi. Tehran, Bağdad və körfəzdə marağı olan dövlətlər atəşkəs elan olunması və sülh imzalanmasının vacibliyini anlayırlar.
İran ən böyük uğurunu 1986-cı ilin fevralında əldə edir. Fao yarımadasını müzasirəyə almaqla İraqın Fars körfəzi ilə əlaqəsini kəsir.
1984-cü ilin aprelində Səddam bitərəf ərazidə Ayətullah Xomeyni ilə sülh danışıqlarına başlamağı təklif etsə də, onun təklifi qəbul edilmədi.
1986-cı ilin payızında tərəflər arasında yaranmış pat vəziyyətindən istifadə etməyə çalışan İran müharibəni qurtarmaq üçün aşağıdakı şərtləri İraqa təklif edir:
1986-cı ilin noyabrında Səddam Hüseyn İran hökumətinə açıq müraciətnamə göndərərək aşağıdakı təklifləri irəli sürür:
Lakin, hər iki tərəf bir-birinin təkliflərini qəbul etmir.
İraqla müqayisədə İran kimyəvi silahların əldə edilməsində az maraqlı idi. ABŞ kəşfiyyatının verdiyi məlumatlara görə İran öz silahlarından həm məhdud çərçivədə istifadə edir, həm də düşmənlərdən ələ keçirdiyi silahları işlədirdi. İraq əvvəlcə iprit qazından, sonra isə daha mükəmməl sinir-iflicedici qazlardan istifadə edir. İraq kimyəvi hücumlarını İran hərbçilərinə qarşı işlətməklə yanaşı, kürdlərin yaşadığı şəhərləri və yaşayış məskənlərini də bu hücuma məruz qoyurdu. 1988-ci ilin iyulunda İraq təyyarələri İranda yerləşən və kürdlərin məskunlaşdığı Zərdan kəndinə sianid bombaları atdılar. Bundan 4 ay əvvəl Səddam Hüseynin əmrilə İraqın şimalındakı üsyançı kürd qruplaşmalarını ləğv etmək bəhanəsilə, əsasən kürdlərin məskunlaşdığı Hələbcə şəhərinə edilmiş bənzər hücum nəticəsində 5000-ə yaxın insan həlak olmuşdu.
1986-1987-ci illərdə İran böyük insan itkiləri hesabına Bəsrə yaxınlığındakı Fao yarımadasını və İraq ərazisinin müəyyən bir hissəsini mühasirəyə alır. Bu zaman "şəhərlər müharibəsi" və "tanker müharibəsi" yenidən qızışır. "Şəhərlər müharibəsi" strategiyasına - hava hücumları vasitəsilə böyük şəhərlərin və yaşayış məskənlərinin vurulması daxil idi. İran hökuməti müharibənin bu mərhələsində hərblə yanaşı siyasi-strateji məqsədlər də güdürdü. İran ələ keçirmiş olduğu əraziləri əlində saxlamaq və bununla da İraqla danışıqlarda öz mövqeyini diktə etmək fikrində idi.
1987-ci ildə ABŞ və bəzi NATO ölkələrinin hərbi-dəniz donanması tankerlərin ixrac edilməsi əməliyyatına başlayır. Amerikan və İran gəmiləri və təyyarələri arasında da bir sıra silahlı toqquşmalar baş verir. İranın beynəlxalq təcrid olunması faktorundan istifadə edən İraq iqtisadiyyatını müharibə yolunda səfərbər edərək 1988-ci ilin yaz-yayında öz ərazisini İran qoşunlarından təmizləmək istiqamətində bir neçə uğurlu əməliyyat keçirir. Müharibənin gələcək perspektivlərini görməyən Ayətullah Xomeyni sülhə razı olur.
6 il quru müharibəsində müdafiə strategiyası ilə çıxış edən İraq 1988-ci ilin aprelindən hücum əməliyyatlarını artıraraq 48 saat ərzində qanlı döyüşlər nəticəsində Fao yarımadasını geri qaytardı. Bu hadisə İraq üçün müharibədə dönüş nöqtəsi oldu. May ayında İraq qoşunları iranlıları Bəsrənin şərqindəki Salamançexa ərazisindən çıxardılar, iyunda isə 1985-ci ildə İran tərəfindən zəbt olunmuş Məcnun adalarını azad etdilər. İraq iyulun əvvəlində Kürdüstan əyalətindən İran ordularını çıxarır, ayın sonunda isə İran-İraq sərhəddinə daha da irəliləyərək İrana məxsus bir neçə sərhəd rayonlarını tutur. 1988-ci ilin avqustundan İraq hərbi hissələri iranlılara aramsız hücumlar sayəsində bir çox işğal edilmiş əraziləri azad edirlər.
Nəticədə Xomeyni anladı ki, İraqı məğlub etməyə çalışmaqdansa İranın bütövlüyünü saxlamaq daha vacibdir. Əvvəl "Zəhər içərəm, ancaq barışığa getmərəm" deyən Xomeyni dövlətinin məhv olmaq təhlükəsini göz önünə alaraq sülh danışıqlarına başlamağı qərara aldı
Fransa və digər qərb dövlətləri İraqı yeni növ silahlarla təmin edirdilər: Fransa -"Super Etandar" təyyarələri və "Ekzosse" raketləri, ABŞ - "Bell" raketləri və s. ilə. ABŞ müharibə ərzində İraqa 3,2 milyard dollar həcmində yardım göstərir.
Dünyanın 1 fövqəldövlətinin, Avropanın əksər ölkələrinin və 3 güclü müsəlman dövlətinin - Səudiyyə Ərəbistanı, Pakistan və Misirin açıq şəkildə dəstəklədiyi İraq İrana nisbətən güclü tərəf kimi müharibəyə girirdi.
İrana isə Cənubi Afrika Respublikası, Liviya, Argentina, Cənubi Yəmən, Suriya (Hafiz Əsədin S.Hüseynlə arasında düşmən münasibət var idi. Ona görə də İranı dəstəkləyən ilk ərəb dövləti olur) yardım edirdilər. Onların yardımı əsasən silah satmaqdan ibarət idi.
1980-1988-ci il müharibəsində hər iki tərəfə yardım edən dövlətlər: SSRİ, ABŞ (İran-Kontras qalmaqalı), Çin, Böyük Britaniya, Braziliya, AFR, Fransa, İtaliya və Şimali Koreya.
Türkiyə, Əlcəzair və Pakistan İran və İraq arasında vasitəçilik etməyə çalışırdılar.
Bu müharibədə İraq ABŞ ilə yaxın əlaqələr qurmaqla yanaşı ərəb dünyasının liderliyinə can atır. İraq regionda İsraildən sonra ikinci hərbi qüvvəyə çevrilir.
Sovet İttifaqı müharibə dövründə neytral mövqe tutaraq hər iki tərəfi sülhə səsləyirdi. Müharibənin əvvəlində SSRİ İraqa silah satışını dayandırsa da, 1982-ci ildə müharibənin İraq ərazisinə keçməsi və İrandakı antisovet aksiyaları ilə əlaqədar olaraq yenidən bərpa edir. Bununla bərabər SSRİ Suriya vasitəsilə İrana da silah yardımı edirdi.
1987-ci il 20 iyulda - BMT Təhlükəsizlik Şurası "İran və İraq arasındakı əlaqələrin vəziyyətinə dair" 598 saylı qətnamə qəbul edir. Bu qətnamədə Təhlükəsizlik Şurasının 1986-cı il 24 fevral tarixli 582 saylı qətnaməsinin tələbləri bir daha öz əksini tapır. Qətnaməyə görə hər iki tərəf dərhal atəşkəs elan etməli, quruda, suda və havada bütün hərbi əməliyyatlar dayandırılmalı, ordu hissələri beynəlxalq-hüquqi sənədlərlə təsdiq olunmuş sərhədlərə çəkilməli, atəşkəs rejiminin təmininə və qoşunların çəkilməsinə nəzarət üçün BMT tərəfindən müşahidə qrupu göndərilməli, habelə 12 avqust 1949-cu il Cenevrə sazişinə əsasən hərbi əsirlər azad olunmalı və hərbi əməliyyatlar dayandırıldıqdan sonra onların vətənlərinə dönməsi təmin edilməli idi. Həmçinin qətnaməyə əsasən BMT baş katibinə tövsiyə olunurdu ki, müharibənin günahkarlarını müəyyənləşdirmək üçün xüsusi orqan yaradılsın.
1988-ci ilin iyulunda BMT-nin vasitəçiliyi ilə Cenevrədə İran-İraq danışıqları başlanır. Xomeyni BMT TŞ-nin 1987-ci il 598 saylı qətnaməsinin tələblərini qəbul edir. İraq bunu İrandan bir neçə ay əvvəl etmişdi.
Birləşmiş Millətlər Təşkilatının və İslam Konfransı Təşkilatının vasitəçiliyi ilə 1988-ci il avqustun 20-də bütün cəbhələrdə atəşkəs rejiminin tətbiqinə başlanıldı və bununla da müharibə dayandırıldı.
20 avqustda imzalanmış atəşkəs 25 avqustda qüvvəyə minir. Tərəflərdən heç biri özünü məğlub hesab etmədi. 1990-cı il oktyabrda İraq-Küveyt böhranından sonra İraq 1975-ci il Əlcəzair müqaviləsinin şərtlərinə və talveq xətti üzrə müəyyənləşmiş sərhədlərə qayıtmağa razı olur. İraq onun nəzarəti altında olan İran ərazilərindəki hərbi hissələrini çıxarır və İranın irəli sürdüyü digər öhdəlikləri də qəbul edir. Əsirlərin dəyişdirilməsi həyata keçirilir və 2 dövlət arasında diplomatik əlaqələr bərpa olunur. Müharibə dayandırılsa da, sülh müqaviləsi imzalanmır, yalnız atəşkəs elan edilir.
Əslində Xomeyninin başçılıq etdiyi İran hakimiyyətinin sülhə getməsinin əsas səbəbi ölkənin çox böyük insan itkisi və böyük maddi zərərlərə məruz qalması idi. Hərbi əməliyyatların gedişində İran tərəfinin ölü olaraq itirdiyi insanların sayı 600 min nəfərdən çox idi. Hər iki tərəfdən 1 milyon nəfərdən çox insan tələf olmuşdu. 40 mindən çox hərbçi əsir düşmüşdü. Müharibənin hər iki tərəfə vurduğu zərərin ümumi miqdarının 350 milyard ABŞ dolları həcmində olduğu hesab edilir.
İraq İranla müharibə zamanı Sovet İttifaqında yaradılmış raketlərin hərəkət radiusunu genişləndirmiş, kimyəvi silahların kütləvi istehsalını artırmışdı.