İran monarxiyasının 2500 illiyi ziyafəti

İran monarxiyasının 2500 illiyi ziyafəti (fars. جشن‌های ۲۵۰۰ سالهٔ شاهنشاهی ایران‎‎) - İran imperatorluğu dövlətinin və Əhəmənilər İmperatorluğunun quruluş münasibəti ilə 1971-ci ilin 12 oktyabr16 oktyabr tarixləri aralığında İranın müxtəlif şəhərlərində təşkil olunmuş kompleks dövlət tədbirləri və şənlikləri.[1][2][3] Pəhləvi rejimi, müasir İran xalqı yaratmaq məqsədilə, ari mənşəli milli kimliyi vurğulamağı rəsmi tarixşünaslığında əsas götürmüşdür. Bu prosesdə, İranı işğal edib idarə edən yad ünsürlərə qarşı yerliləşdirmə strategiyasından istifadə edilərək, türklər, ərəblərmonqollar kimi qeyri-ari ünsürlərin İran mədəniyyətinə uyğunlaşdırıldığı iddia edilmiş və bu iddialar İranlı bürokratlar, şairlər, alimlər və şəxsiyyətlər vasitəsilə möhkəmləndirilmişdir. Pəhləvi sülaləsi, özünü 2500 illik bir monarxiyanın varisi kimi göstərərək, həm suverenliyini, həm də irqi əsaslı ideologiyasını möhkəmləndirməyə çalışmışdır.[4]

İran monarxiyasının 2500 illiyi ziyafəti
Əsas hadisə: İran İslam İnqilabı
II Kirin Kiros silindiri tədbirin təbliğatında əsas simvolarından biri kimi istifadə olunmuşdur.
II Kirin Kiros silindiri tədbirin təbliğatında əsas simvolarından biri kimi istifadə olunmuşdur.
Başlama tarixi 12 oktyabr 1971
Bitmə tarixi 16 oktyabr 1971
Yeri Pəhləvilər İranı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bayramın məqsədi müasir bir İran xalqı yaratmaq, ari mənşəli milli kimliyi vurğulamaq və eləcə də Şah Məhəmməd Rza Pəhləvi dövründə onun müasir nailiyyətlərini nümayiş etdirmək idi. Şənliklərdə ölkənin islamaqədərki tarixinə önəm verilir və Böyük Kirin İran tarixi üçün olan əhəmiyyətinin üzərində dayanılırdı.[5]

Bəzi müasir tarixçilər sözügedən ziyafətin 1979-cu ildə baş vermiş İran İslam İnqilabının başlanmasının əsas kulimnasiya nöqtələlərindən biri hesab edirlər.[6]

Persepolisdən 80 km şimal-şərqdə yerləşən Pasarqad şəhəri Əhəmənilər imperiyasının ilk paytaxtı idi və 1971-ci ildə təşkil edilən ziyafətin başlanğıc yeri kimi bu şəhərdə yerləşən II Kirin məzarının önü seçilmişdir.

İdeyanın 1958-ci ildə, millətçi İran alimi və intellektualı Şücaəddin Şəfanın şah ailəsinə İran monarxiyasının 2500 illiyi münasibətilə təntənələr keçirməyi təklif etməsilə başladığı güman edilir. Bu rəqəm eramızdan əvvəl 559-cu ildə Böyük Kirin (Kuruş) taxta çıxaraq Əhəmənilər sülaləsinin əsasını qoymasından hesablanırdı. Bayram tədbirlərilə yanaşı İranın bəşər sivilizasiyasının inkişafına təsirini öyrənən elmi konfransın keçirilməsi nəzərdə tutulurdu. Təklif şahın xoşuna gəldi və 1960-cı ildə müvafiq təşkilat komitəsi yaradıldı. Əvvəlcə böyük təmtəraq nəzərdə tutulmurdu və ayrılan büdcə 3,5 milyon dollara bərabər idi. Yubiley 1961-ci ildə qeyd olunmalı idi. Bu zaman İran tarixi haqqında kitabların, İran mədəniyyəti nümunələrinin və arxeoloji tapıntıların sərgisi keçiriləcəkdi. Kir haqqında fars, türk, ərəb, ingilis, fransız, almanitalyan dillərində kitab buraxılacaqdı. Lakin bəzi amillər üzündən həmin il tədbir keçirilmədi.[7]

Yubiley mövzusuna 1960-cı illərin ikinci yarısında yenidən qayıdıldı. Əhəmənilər dövlətinin iki qədim paytaxtına yaxınlığına görə təntənələrin əsas hissəsinin keçirilməsi planlaşdırılan Şirazda infrastrukturun arzulanan səviyyədə olmamasını nəzərə alan Təşkilat Komitəsinin sədri Əmir Müttəqi qədim Persepolis şəhərində çadır şəhərciyi salmağı təklif etdi. Məhəmməd Rza Pəhləvi əvvəlcə bu təklifi "sürrealist" adlandıraraq rədd etmişdir.[8]

Persepolisdə salınmış çadır şəhərçiyinin yuxarıdan görünüşü.

Amma 1970-ci ildə şah onu yenidən nəzərdən keçirib bəyəndi və təntənələrin keçirilməsinə qəti qərar verdi. Monarx onun təxmini tarixini də müəyyən etdi: 1971-ci ilin oktyabrı. Təşkilat Komitəsi yenidən quruldu. Onun sədri saray naziri Asadollah Aləm, fəxri prezidenti isə şahbanu Fərəh Pəhləvi olmuşdur. İndi yubiley tədbirlərinə təkcə alimləri deyil, xarici ölkələrin siyasi liderlərini də dəvət etmək qərara alındı. Əvvəlcə elmi-mədəni tədbir kimi planlaşdırılan yubiley indi siyasi şəkil almağa başladı.

Kiros silindiri tədbirin əsas simvolu kimi seçildikdən sonra Şiraz Beynəlxalq Hava Limanının genişləndirilməsinə və Persepolisə gedən avtomobil yollarının yenidən qurulmasına başlanılmışdır. 1970-cı illərdə Persepolis antik xarabalıqları şəhəri olduğundan şəhərin özündə və ətraf bölgələrdə yaşayış yox idi. Buna görə ərazidə çoxlu sayda ilanlar və zəhərli həşaratlara rast gəlmək mümkün idi. Pəhləvilər şəhəri ilanlardan və digər zərərli həşaratlardan təmizləmək üçün bu sahədə təcrübəsi olan xarici mütəxəssislərdən istifadə etdilər və qısa zamanda şəhər tamamilə təmizləndi.[9]

Persepolis çadır şəhərçiyinin yaradılması

[redaktə | mənbəni redaktə et]

Əhəmənilər dövlətinin ikinci paytaxtı olan Persepolisin qalıqları Tehrandan 900 km cənubda, Şiraz şəhərindən 50 km şimal-şərqdə yerləşirdi. İlk paytaxt olan Pasarqad şəhəri isə Persepolisdən 80 km şimal-şərqdə idi. II Kirin sərdabəsi də burada ucalırdı. Heç kəsin yaşamadığı şəhərin özündə minlərlə ağac və gül kolları əkilmiş, hətta Avropadan 50 min ədəd oxuyan quş gətirilmişdir.

Məhəmməd Rza Pəhləvi, həyat yoldaşı Fərəh Pəhləvi və oğulları Rza Pəhləvi Persepolisdə salınmış çadır şəhərçiyində açılış mərasimi zamanı.

Fransanın Maison Jansen interyer firması tərəfindən hazırlanan çadır şəhərciyi beşguşəli ulduz şəklində idi. Mərkəzdəki möhtəşəm fəvvarədən beş tərəfə uzanan küçələrdə yolun hər tərəfində 5 olmaqla 10 çadır quruldu. Beləcə, cəmi 50 çadır vardı. Qonaqların qalacağı bu çadırların hər birində komfort üçün bütün şərait yaradılmışdı, o cümlədən kondisionerlərlə təmin olunmuşdular. Şəhərcikdə bundan əlavə daha iki çadırlar vardı: qonaqları qəbul etmək üçün dairəvi Şərəf zalı və nəhəng, hamının yerləşəcəyi Banket zalı. Bütün bu kompleks 65 hektar ərazidə yerləşirdi.[10]

Parisin dəbdəbəli Maxim's restoranı bu ziyafətlə əlaqədar olaraq iki həftə bağlanıldı. Bütün heyəti İrana gələrək ziyafət təşkili ilə məşğul oldular. Ümumilikdə 160 aşpaz, şirniyyatçı və ofisiant cəlb edildi.[11]

Təntənələri işıqlandıracaq sənədli film iki dildə olacaqdı: farsingilis dillərində. Farsca Foruq-i Cavidan (azərb. Əbədi atəş‎), ingiliscə Flames of Persia (azərb. Persiyanın atəşi‎) adlanacaq bu filmi ingiliscə səsləndirmək üçün dünya şöhrətli rejissor Orson Uells dəvət olundu. Bariton səsi olan Uellsə bunun müqabilində Küləyin başqa üzü adlı filminin maliyyələşdirilməsi vəd edildi. Mərasimin marşını yazmaq isə məşhur çexoslovak bəstəkar Zdenek Lişkaya həvalə olundu.[12]

Qonaqları Şiraz Beynəlxalq Hava Limanından qarşılayıb Persepolisə gətirmək üçün 250 qırmızı rəngli Mercedes-Benz avtomobili alındı. Çadırlar İran xalçaları, İtaliya pərdələri ilə bəzənmişdi. Burada hər bir qonağın öz ölkəsi ilə əlaqə saxlaması üçün birbaşa telefon əlaqəsi mövcud idi.[13]

Tədbirin rəsmi simvolu ortasında Kirin silindiri olan emblem idi. 1879-cu ildə qədim Babil şəhərinin ərazisində arxeoloji qazıntılar zamanı tapılan bu artefakt Britaniya muzeyində saxlanılırdı və təntənələr dövründə müvəqqəti olaraq İran hökumətinə verilmişdi. Gil üzərində olan yazıları Məhəmməd Rza Pəhləvi tarixdə ilk insan hüquqları xartiyası kimi təqdim edirdi. Despotik hakimiyyət quran şah belə bir ilkin İran ərazisində yazılması ilə çox fəxr edirdi.[14][15]

İran tarixinə və mədəniyyətinə maraq oyatmaq, ölkə turizmini inkişaf etdirmək üçün təntənələrə əlverişli məqam kimi baxan şah rejimi 30-a qədər dövlətdən qonaqlar dəvət etməyi planlaşdırırdı. Lakin tədbirə maraq gözlənildiyindən böyük oldu. Bir çox ölkələrin səfirlikləri xarici işlər nazirliyinə müraciət edərək öz ölkələri üçün dəvət istəyirdilər. Nəticədə iştirakçıların sayı xeyli çoxalmışdır.[16]

Bayram və şənliklər

[redaktə | mənbəni redaktə et]
Persepolis çadır şəhərçiyində yaradılan ziyafət zallarından birinin daxili interyeri.

Təntənələrin 1971-ci il 12 oktyabr - 16 oktyabr tarixləri arasında keçirilməsi qərara alınmışdır. İlk gündə II Kirin Pasarqadda yerləşən sərdabəsi ziyarət olunacaqdı. Bu münasibətlə sərdabənin yerləşdiyi ərazi digər məzarlardan təmizlənmiş, ətrafa xeyli ağaclar əkilmişdi. Tədbirdə əsasən hökumət üzvləri, ruhanilər və xarici səfirliklərin nümayəndələri iştirak edirdilər.

Pasarqada helikopterlə gələn şah, şahbanu və vəliəhd Rza orkestr musiqisinin sədaları altında sərdabəyə yaxınlaşdılar. Şahbanu və vəliəhd bir qədər arxada dayandılar. Şah isə hərbçilərin müşayiəti ilə sərdabənin önünə gələrək əklil qoydu və bundan sonra Kuruş! Böyük şah, şahlar şahı, Əhəməni imperatoru, İran torpağının hökmdarı. Mən, İran şahənşahı Sizə şəxsən öz adımdan və İran milləti adından salamlayıram, - sözlərilə başlayan çıxışını etdi. Siz rahat yatın, zira biz, sizin mirasınızı qoruya bilmək üçün yatmırıq, - kimi vədlərin səsləndiyi çıxışdan sonra bir dəqiqəlik sükut saxlanıldı. İran televiziyası ilə canlı yayımlanan mərasimə milyonlarla adam baxırdı.

Məhəmməd Rza Pəhləvinin tədbir iştirakçılarına açılış nitqi oxuması.

Ertəsi gün Məhəmməd Rza Pəhləvi Şiraz universitetində Beynəlxalq iranşünaslıq konfransının açılışını etdi. Konfransda 500 nəfər iştirak edirdi. Onun materialları sonralar Acta Iranica adlı dərgidə çap edildi.[17]

Həmin gün yüksək mənsəbli xarici qonaqlar da gəlməyə başladı. Onları şah və şahbanu şəxsən qarşılayır, hər qonağın şərəfinə ölkəsinin himni səsləndirilirdi. Altmış ölkədən qonaqlar vardı. Onların təxminən yarısını müxtəlif monarx sülalələrinin nümayəndələri təşkil edirdilər. Aralarında hakimiyətsiz əsilzadələr də vardı. Məsələn, İtaliyanın devrilən Savoyya sülaləsinin başçısı Viktor Emmanuel və ismaililərin imamı IV Ağa Xan kimi.

ABŞ vitse-prezidenti Spiro Aqnyu, Böyük Britaniyanı kraliçanın əri Filip Mauntbetten və qızı Anna.[18], Fransanı baş nazir Jak Şaban-Delmas, Qərbi Almaniyanı bundestaqın spikeri Kay-Uve fon Hassel, İtaliyanı baş nazir Emilio Kolombo, Türkiyəni prezident Cövdət Sunay, İspaniyanı kral Xuan Karlos və arvadı Sofiya təmsil edirdilər. Monako knyazı III Renyeni də arvadı, Hollivud əfsanəsi Qreys Kelli müşayiət edirdi. Bu dövr İran-SSRİ münasibətlərinin gərgin dövrü idi. Bir tərəfdən İran NATO-nun kiçik qardaşı sayılan SENTO hərbi blokunun üzvü idi, digər tərəfdən isə şimal qonşusu ilə sıx iqtisadi əməkdaşlıq edirdi. Yəqin ki, buna görə tədbirdə Sovet Sosialist Respublikaları İttifaqını de-yure dövlət başçısı, Ali Sovetin Rəyasət heyətinin sədri Nikolay Podqornı təmsil edirdi.[19]

İran monarxiyasının 2500 illiyi ziyafətinin II günü keçirilmiş hərbi parad. Paradı izləmək üçün yaradılan tribuna elə quraşdırılmışdır ki, öndə çəkən kameralar həm də Persepolis xarabalıqlarını, xüsusən də I Dara tərəfindən tikilən əfsanəvi Apadana sarayının 72 sütünundan günümüzə gəlib çatan 13 sütununu da lentə alırdılar.

Əslində monarxiyanın əleyhdarı sayılan kommunist dövlətlərinin bu mərasimə münasibəti maraqlı idi. Yuqoslaviya, Rumıniya, Bolqarıstan, Çexoslovakiya dövlətin birinci adamı ilə təmsil olunurdular. İlk iki ölkənin həm də birinci lediləri gəlmişdilər. Macarıstanı isə SSRİ kimi dövlətin formal rəhbəri təmsil edirdi. Polşadan Dövlət şurası sədrinin müavini təşrif buyurmuşdu. Yalnız Çin Pakistandakı səfiri kimi kiçik məmuru göndərdi.[20]

Ən ekstravaqant qonaq Efiopiyanın 79 yaşlı imperatoru Hayle Selassi idi. İmperator özünün kiçik itini də gətirmişdi və çox vaxt qucağında gəzdirirdi. İranın regional lider iddiaları və İsraillə sıx əlaqələri onun bir çox ərəb ölkəsi ilə münasibətlərini korlamışdı. Buna görə də Misir, Səudiyyə Ərəbistanı, Suriya, İraq, Liviya və digər ərəb ölkələri təntənələrdə iştirak etmirdilər. İordaniya, Livan, Küveyt, Oman, Bəhreyn, Qətər nümayəndələri isə gəlmişdilər.[21]

14 oktyabr ziyafəti

[redaktə | mənbəni redaktə et]

İran monarxiyasının 2500 illiyi münasibətilə verilən əsas ziyafət oktyabrın 14-nə təyin edildi. Bu, həm də şahbanu Fərəh Pəhləvinin 33-cü doğum günü idi. Həmin gün şah və şahbanu qonaqları Şərəf zalında qəbul edir və Banket zalına ötürürdülər.

İran monarxiyasının 2500 illiyi ziyafəti münasibəti ilə çəkilmiş Flames of Persia (azərb. Persiyanın atəşi‎) sənədli filminin tam versiyası.

Banket zalında hər şey ən keyfiyyətli materiallardan hazırlanıb. Nimçələr, boşqabalar məşhur Limoj çinisindəndir. Onların ortasında Pəhləvi sülaləsinin gerbi həkk olunub. Badələr Bohemiya büllurundan, çəngəl, bıçaq və qaşıqlar gümüşdən idi. Bu sırada yalnız çılçıraqlar istisnadır, orqanik şüşədən hazırlanıblar. Çünki büllurdan hazırlansaydılar, çadırın tavanı davam gətirməzdi. İlk tost 1959-cu il Dom Perignon Rose şərabı ilə qaldırılan ziyafətdə başqa bahalı şərablar, viskilər, araqlar və müxtəlif cür yeməklər verildi.

Xəzərin xeyli qara kürüsü istifadə edildi, hərçəndi, şah özü yemirdi, kürüyə allergiyası vardı. 600-ə qədər adamın iştirak etdiyi qonaqlıq beş saat yarım davam etdi. Nəticədə ən bahalı ziyafət kimi Ginnesin rekordlar kitabına düşdü. Gecə məşhur avanqard musiqiçi Yanis Ksenakisin məhz bu hadisə üçün bəstələdiyi Persepolis əsərinin ifası ilə başa çatdı. Ertəsi gün hərbi parad keçirilmişdir.

Onu izləmək üçün yaradılan tribuna elə yerdədir ki, öndə çəkən kameralar həm də Persepolis xarabalıqlarını, xüsusən də I Dara tərəfindən tikilən əfsanəvi Apadana sarayının 72 sütünundan günümüzə gəlib çatan 13 sütununu da lentə alırdılar.

Ziyafat münasibəti ilə yaradılmış İran monarxiyasının 2500 illiyi ziyafəti medalının ön hissəsi.

1.700-dən artıq əsgərin iştirak etdiyi parad 3 saat davam etmişdir. Parad iştirakçıları İran ordusunun ən qədim zamanlardan indiyə qədər olan geyimlərini, silahlarını nümayiş etdirərək keçirdilər. Hətta I Kserksin Yunanıstan üzərinə hücum zamanı istifadə etdiyi gəmilərin də üç maketi tribuna önündən keçmişdir. Qədim hərbçiləri canlandıran əsgərlərə təbii görünmək üçün bir neçə ay, üzlərini, bığlarını qırxmaq qadağan edilmişdi. Həmin gün axşam verilən ziyafət daha sərbəst xarakter daşıyırdı. Qonaqlara İran düyüsündən hazırlanan plovla yanaşı fisincan, cücə kababı və çilo kabab verildi. 16 oktyabr tarixində bütün tədbir iştirakçıları Tehrana getdi. Burada şah ailəsi və qonaqlar əvvəlcə Pəhləvi sülaləsinin banisi, şahın atası Rza şah Pəhləvi mavzoleyini ziyarət etdilər. Sonra isə Şahlar bürcü (Borc-e Şahyad) adını verdikləri kompleksin açılışı oldu. İslam inqilabından sonra adı dəyişilərək Azadlıq bürcü (Borc-e Azadi) olan tikili indi Tehranın simvolu sayılır.[22]

Ziyafətin tənqid edilməsi

[redaktə | mənbəni redaktə et]

Rəsmi mənbələr bütün təntənələrə 22 milyon ABŞ dolları xərcləndiyini iddia olunmuşdur. Bu o zamanın kursu ilə olduqca böyük məbləğ idi. 2022-ci il məzənnəsi ilə ziyafətin təşkilinə 950 milyon ABŞ dollarına yaxın vəsait xərclənmişdir.

Ancaq şah rejiminin əleyhdarları, xüsusən təntənələri İblis bayramı adlandıran Ruhulla Xomeyninin tərəfdarları on dəfə daha böyük məbləğ səsləndirirdilər və insanların da çoxu rəsmi şəxslərə deyil, onlara inanırdı. Ölkədə xeyli sosial problemlərin olduğu bir zamanda belə nəhəng məbləğin ziyafətə xərclənməsi xalqda böyük qəzəb doğurmuşdu. Nəticədə yubiley tədbirləri şah rejimini nüfuzdan salan addımlardan biri kimi tarixə keçmişdir. İran İslam İnqilabının baş verməsindəki əsas səbəblərdən biri kimi sözügedən ziyafətin adı da tez-tez çəkilmişdir.

2500 illik münasibətilə keçirilən tədbirlər böyük ölçüdə İran tarixinə və mədəniyyətinə marağı xeyli artırdı, iranşünaslığın inkişafına böyük təkan vermişdir. Kirin sərdabəsi isə iranlıların hər il 29 oktyabr tarixində, Böyük Kir günü ziyarət edərək milli duyğularını ifadə etdikləri yerə çevrildi. Hətta İslam inqilabı belə bu ənənəni dəyişə bilmədi.

1979-cu ildə İranda monarxiya devrildi, şah və şahbanu ölkədən qaçmağa məcbur oldular. Səkkiz il öncə Persepolis təntənələrində iştirak edən qonaqlardan kimsə onlara öz ölkəsində sığınacaq vermədi. Əvəzində yubileyə gəlməyən, ancaq ötən müddətdə İsraillə sülh bağladığı üçün şaha da münasibəti dəyişən Misir prezidenti Ənvər Sadat şahı və ailəsini qəbul etməyə razı olmuşdur.[23]

  1. "Celebration of the 2,500th Anniversary of the Founding of the Persian Empire" (ingilis). Ministry of Information. 14 September 1971. 9 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2022.
  2. Amuzegar, The Dynamics of the Iranian Revolution, (1991), pp. 4, 9–12
  3. Narrative of Awakening : A Look at Imam Khomeini's Ideal, Scientific and Political Biography from Birth to Ascension by Hamid Ansari, Institute for Compilation and Publication of the Works of Imam Khomeini, International Affairs Division, [no date], p. 163
  4. Alizadeh, Naseraddin. "Revising Iranian Nationalist Historiography and Shaping a New Intellectual Field". İnsan ve Toplum Bilimleri Araştırmaları Dergisi. 2020.
  5. Steele, Robert. The Shah's Imperial Celebrations of 1971.
  6. Steele, Robert. The Shah's Imperial Celebrations of 1971.
  7. Yadigar Sadıqlı. "İran monarxiyasının 2500 illiyi ziyafəti" (Azərbaycan dili). 23 sentyabr, 2019. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.
  8. Yadigar Sadıqlı. "İran monarxiyasının 2500 illiyi ziyafəti" (Azərbaycan dili). 23 sentyabr, 2019. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.
  9. Kadivar C. "We are awake. 2,500-year celebrations revisited". 25 January 2002. 8 November 2002 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 October 2006.
  10. Karkowski, Z.; Harley, J.; Szymanksi, F.; Gable, B. Liner Notes // Iannis Xenakis: Persepolis + Remixes. San Francisco: Asphodel LTD. 2002.
  11. Van Kemenade, Willem. "Iran's relations with China and the West" (PDF). Clingendael. November 2009. 11 October 2021 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 9 August 2013.
  12. Yadigar Sadıqlı. "İran monarxiyasının 2500 illiyi ziyafəti" (Azərbaycan dili). 23 sentyabr, 2019. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.
  13. "The Persepolis Celebrations". 16 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 October 2006.
  14. British Museum explanatory notes, "Cyrus Cylinder": "For almost 100 years the cylinder was regarded as ancient Mesopotamian propaganda. This changed in 1971 when the Shah of Iran used it as a central image in his own propaganda celebrating 2500 years of Iranian monarchy. In Iran, the cylinder has appeared on coins, banknotes and stamps. Despite being a Babylonian document it has become part of Iran's cultural identity."
  15. Neil MacGregor, "The whole world in our hands", in Art and Cultural Heritage: Law, Policy, and Practice, p. 383–4, ed. Barbara T. Hoffman. Cambridge University Press, 2006. ISBN 0-521-85764-3
  16. Yadigar Sadıqlı. "İran monarxiyasının 2500 illiyi ziyafəti" (Azərbaycan dili). 23 sentyabr, 2019. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.
  17. Yadigar Sadıqlı. "İran monarxiyasının 2500 illiyi ziyafəti" (Azərbaycan dili). 23 sentyabr, 2019. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.
  18. Tait, Robert. "Iran to rebuild spectacular tent city at Persepolis". The Guardian. Persepolis. 22 September 2005. 13 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 August 2013.
  19. Yadigar Sadıqlı. "İran monarxiyasının 2500 illiyi ziyafəti" (Azərbaycan dili). 23 sentyabr, 2019. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.
  20. 庶英, 郭. "忆父亲郭沫若". Guangming Online. 24 August 2004. 24 September 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 June 2017.
  21. Yadigar Sadıqlı. "İran monarxiyasının 2500 illiyi ziyafəti" (Azərbaycan dili). 23 sentyabr, 2019. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.
  22. Yadigar Sadıqlı. "İran monarxiyasının 2500 illiyi ziyafəti" (Azərbaycan dili). 23 sentyabr, 2019. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.
  23. Yadigar Sadıqlı. "İran monarxiyasının 2500 illiyi ziyafəti" (Azərbaycan dili). 23 sentyabr, 2019. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.