İstanbul sülh müqaviləsi (1573)

İstanbul sülh müqaviləsi (türk. İstanbul Antlaşması) — Osmanlı imperiyası ilə Venesiya Respublikası arasında 5 mart 1573-cü ildə imzalanmış və tərəflər arasında 1570-73-cü illər müharibəsinə son qoyan əhdnamə və sülh müqaviləsidir.

İstanbul sülh müqaviləsi
Piri Rəisin Dənizlər kitabındakı Kipr adası
Piri Rəisin Dənizlər kitabındakı Kipr adası
Müqavilənin tipi əhdnamə/sülh müqaviləsi
İmzalanma tarixi 5 mart 1573
İmzalanma yeri İstanbul, Türkiyə
İmzalayanlar Osmanlı imperatorluğu
Venesiya Respublikası

1572-ci il Aralıq dənizi ekspedisiyası zamanı Osmanlı donanmasının gücü və Müqəddəs İttifaq daxilindəki fikir ayrılıqları Venesiya Respublikasını Osmanlı imperiyası ilə ayrıca sülh müqaviləsi bağlamağa vadar etdi.

Venesiya senatı, şərtlərin ağır olmasına baxmayaraq, bir elçiyə müqavilə bağlamaq səlahiyyətini verdi. Venesiyanın bu müraciəti Fransa krallığı tərəfindən də dəstəkləndi. Osmanlı imperiyası tərəfindən vəzir Sokollu Mehmed Paşanın həkimi Salomon və tərcüməçi Avram nümayəndə heyətinə təyin edildilər. Venesiya Respublikasını isə proqurator Antonio Barbaro və Alvazio Moçeniqo təmsil etdi.

1573-cü il martın 5-də imzalanmış "Ahdnamə" yeddi maddədən ibarət idi və aşağıdakı başlıqlarda qeyd olunan müddəaları birləşdirirdi:[1]

  • Müharibə təzminatı: Venesiya Respublikası üç il ərzində (sonradan 1537-1540-cı illər müharibəsində ödədiyi kimi) 300.000 dük təzminat ödəməyi öhdəsinə götürdü (maddə 1).
  • Torpaq müddəaları: Venesiya Respublikası müharibə zamanı zəbt etdiyi Sopoto qalasını (Albaniyada) topları ilə birlikdə geri qaytardı (maddə 2). Kipr Osmanlı imperiyasına verildi (maddə 5).
  • Vergilər: Venesiya Respublikasının Zante adası üçün ödədiyi illik vergi 500 dükdən 1500 dükə qədər yüksəldildi (maddə 3). Kipr adasını Osmanlılara verməsi qarşılığında Venesiyanın 1517-ci ildən bəri verdiyi illik 8000 dük (əvvəllər Məmlük dövlətinə verilən) vergisindən azad edildi (maddə 5).
  • Ticarət: II Səlim müharibədən əvvəl qüvvədə olan ticarət imtiyazlarını Venesiya Respublikasına yenidən verdi (maddə 4).
  • Quru sərhədi: Dalmatiyada Osmanlı imperiyası ilə Venesiya Respublikası arasındakı quru sərhədi müharibədən əvvəlki vəziyyətinə qayıtdı, Venesiya Respublikası Osmanlı imperiyasının Albaniyadakı fəthlərini tanıdı (maddə 6).
  • Ticari zərərlərin qarşılıqlı kompensasiyası: Tərəflər öz tacirlərinə müharibə zamanı müsadirə edilmiş mallara və gəmilərə görə kompensasiya ödəməyi qəbul etdilər (maddə 7).

1570-1573-cü illər Osmanlı-Venesiya müharibəsində qalib gələn Osmanlı imperiyası bu müqavilə ilə qazandığını təsdiqləmiş oldu. Venesiya Respublikasının müttəfiqlərindən ayrıca sülh müqaviləsi imzalaması Müqəddəs İttifaqın faktiki olaraq dağılmasına rəvac verdi.

Venesiyanı Müqəddəs İttifaqdan ayıran Osmanlı imperiyası 1573-cü ildən etibarən diqqətini İspaniya imperiyası və onun müttəfiqlərinə yönəltdi. Eyni il Piyalə PaşaQılınc Əli Paşanın komandanlığı altında Neapol krallığının Apuliya torpaqlarını hədəf alan Osmanlı donanması nəhayət 1574-cü ildə Tunisi fəth etdi (bir il əvvəl ispanlar tərəfindən geri alınmış).

  1. "Büyük Osmanlı Tarihi", Joseph von Hammer, c.6, s.307