Şamaxının yağmalanması — 18 avqust 1721-ci ildə üsyankar sünni ləzgilərin tənəzzüldə olan Səfəvi dövlətinin Şirvan bəylərbəyliyinin paytaxtı Şamaxı şəhərinə (indiki Azərbaycan Respublikasında) hücumu.[1][2] Səfəvilərin uğurlu əks-hücumu mərkəzi hökumət tərəfindən kritik bir anda dayandırılmış, nəticədə təhdid altında nəzarətsiz qalmış Şamaxı 15 min ləzgi qəbilə üzvü tərəfindən tutulmuş, şəhərin şiə əhalisinə qarşı qırğın törədilmiş və şəhər özü talan edilmişdir.
Şamaxının yağmalanması | |||
---|---|---|---|
Səfəvilər dövlətinin tənəzzülü | |||
| |||
Tarix | 18 avqust 1721 | ||
Yeri | Şamaxı, Şirvan bəylərbəyliyi, Səfəvilər dövləti (indiki Azərbaycan Respublikası) | ||
Nəticəsi | Üsyançıların qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
Şamaxıda rus tacirlərinin ölümü sonradan 1722–1723-cü illərdə Rusiya–Səfəvi müharibəsi üçün kazus belli kimi istifadə edilmiş, Səfəvilər dövləti ilə Rusiya arasında ticarət əlaqələrinin dayandırılmasına və Həştərxanın Volqa ticarət yolunun son nöqtəsinə çevrilməsinə səbəb olmuşdur.
XVIII əsrin birinci onilliyində bir vaxtlar çiçəklənən Səfəvi dövləti ciddi tənəzzülə uğramışdı və onun ağalıq etdiyi ərazilərin bir çoxunda üsyanlar qalxırdı.[3] Dövlətin başçısı Sultan Hüseyn zəif bir hakim idi və şəxsən baş mollasından daha humanist, çevik və dinc olmağa meyilli olsa da, mühüm dövlət qərarları ilə bağlı müşavirlərinin tövsiyələri ilə razılaşırdı.[4] O, arabir ova çıxması istisna olmaqla, daim paytaxt İsfahan şəhərində və ya onun yaxınlığında yaşamağa üstünlük verərək "ən yaxın saray əyanlarından başqa" heç kəsə görünməmiş və "stasionar monarx" kimi hökm sürmüşdür.[3] Ömrü boyu yalnız öz hərəminin divarlarını görən Sultan Hüseyn tez bir zamanda aparıcı üləmanın, ilk növbədə, Məhəmməd Baqir Məclisinin təsiri altında düşmüşdür.[3] Sultan Hüseynin sələfi I Süleymanın (1666–1694-cü illərdə hakimiyyətdə olmuşdur) dövründə artıq mühüm siyasi güc əldə etmiş Məclisi Səfəvi dövlətində yaşayan sünni və sufi əhaliyə, eləcə də onun qeyri-müsəlman dini azlıqlarına, yəni xristianlar, yəhudilər və zərdüştilərə qarşı təqibləri şirnikləşdirmişdir.[3][5] Əksəriyyəti ermənilərdən ibarət olan xristianlar digər qruplara nisbətən daha az repressiyaya uğrasalar da, onlara da zaman-zaman hücumlar edilmişdir. Tarixçi Rocer Seyvoriyə görə, Sultan Hüseyn xristianlara qarşı şəxsi səviyyədə düşmənçilik nümayiş etdirməsə də, onun üzərində böyük təsirə malik olan ruhanilər, xüsusən də Məclisi Sultan Hüseyni "ədalətsiz və dözümsüz fərmanlar" verməyə razı salmışlar.[5] Səfəvilər dövrünün axırlarında yaranan gərgin dini atmosfer dövlətin müxtəlif yerlərində sünni üsyanlarının qalxmasında mühüm amil olmuşdur. Tarixçi Maykl Eksvorti qeyd etmişdir ki, buna "ən bariz nümunə sünni dindarların öldürüldüyü, dini kitabların məhv edildiyi və sünni məscidlərin tövlələrə çevrildiyi Şirvandakı üsyandır".[4]
Səfəvi dövlətinin şimal-qərb ərazilərinin, o cümlədən Şirvan və Dağıstanın sünni əhalisi Sultan Hüseynin dövründə baş tutan dini repressiyadan ən çox əziyyət çəkənlərdən olmuşdur.[5] 1718-ci ildə ləzgilərin Şirvana basqınları güclənmişdir və tarixçi Rudi Matti yazmışdır ki, şayiələrə görə, bu basqınlar o vaxtkı baş vəzir Fətəli xan Dağıstani (1716–1720-ci illərdə bu vəzifədə olmuşdur) tərəfindən qızışdırılmışdı.[6] Rusiyanın Səfəvilər dövlətindəki səfiri və 1718-ci ildə Şamaxıda olan Artemi Volınski qeydlərində yazmışdır ki, yerli məmurlar baş vəziri "kafir" hesab etdikləri üçün onun əmrlərini etibarsız hesab etmişlər və hətta hökmdarın nüfuzunu şübhə altına almışlar. Rusiyanın diplomatik heyətinin üzvü olan italyan Florio Beneveni təkidlə bildirmişdir ki, Şamaxı əhalisi "onlardan külli miqdarda pul qopardıqları"na görə dövlətə qarşı üsyana hazır idilər.[7] Buna baxmayaraq, talanlar, qarətllər və basqınlar davam edirdi. Ləzgilər həmin il Nizovoy [a] yaxınlığında yerləşən Ağdaşı kəndinin bir neçə sakinini qaçırmış və Şamaxıya gedən yolda 40 nəfərdən ibarət karvanı qarət etmiş, sonra apreldə kəndi tutmuşlar. Bu hadisələrdən sonra üsyançılarla bağlı çoxsaylı əlavə məlumatlar qeyd edilmişdir.[6]
1718-ci il may ayının əvvəlinə qədər 17 minə yaxın ləzgi qəbilə üzvü Şamaxıdan 20 kilometr (12 mil) aralıda mövqe tutmuş, Şamaxıya yaxın yaşayış məntəqələrini yağmalamağa başlamışlar.[6] 1719-cu ildə Səfəvi hökuməti ləzgi üsyanına qarşı çıxmaq vəzifəsi ilə sipəhsalar Hüseynqulu xanı Gürcüstana göndərmək qərarına gəlmişdir. Hüseynqulu xan qonşu Kaxeti çarı II Davidin, eləcə də Şirvan bəyləybəyi Həsənəli xan Dağıstaninin köməyi ilə Dağıstana yürüş etmiş və ləzgilərin qarşısını almaqda mühüm uğur qazanmışdır. Buna baxmayaraq, mərkəzi hökumət 1721-ci ilin qışında, yürüşün həlledici anında onu geri çağırmışdır.[7] Baş vəzir Fəthəli xan Dağıstaninin ölümündən sonra verilən qərar sarayın xədimlər fraksiyasının təhriki ilə verilmişdi. Onlar şahı inandırmışdı ki, yürüşün uğurla başa çatması Səfəvi dövlətinə xeyirdən çox ziyan vuracaq. Onların fikrincə, bu, Səfəvi valisi Hüseynqulu xana Səfəvi ərazilərində nizamı bərpa etmək adı altında Rusiya ilə ittifaq bağlamağa imkan verəcəkdi.[7] Təxminən eyni vaxtda, 1721-ci ilin avqustunda, əfqanların Səfəvi dövlətinin şərq ərazilərinə hücuma keçməsindən azca sonra Sultan Hüseyn ləzgilərin üsyankar dağlı başçısı və sünni ruhanisi Hacı Davud Müşkürlünün [b] Səfəvi dövlətinin Dərbənd şəhərindəki həbsxanadan azad edilməsini əmr etmişdir.[1][6] Sultan Hüseyn və hökumət ümid edirdi ki, Hacı Davud və onun dağıstanlı müttəfiqləri şərq cəbhəsində üsyanı yatırmağa kömək edəcəklər, lakin bunun əvəzinə Hacı Davud Dağıstanda qəbilə koalisiyasına başçılıq etməyə başlamış və o, həm Səfəvi qüvvələrinə, həm də dövlətin şiə əhalisinə qarşı kampaniyaya başlamış və sonda bəylərbəyliyin mərkəzi Şamaxı şəhərinə etmişdir.[1]
Mühasirədən az əvvəl Şirvan bəylərbəyliyi ərazisində yaşayan sünnilər kömək üçün qonşu sünni dövləti[4] və Səfəvilərin rəqibi[12] Osmanlı imperiyasına müraciət etmişlər. Hacı Davudun başçılıq etdiyi, 15 minə yaxın qəbilə üzvündən ibarət üsyançılar koalisiyası Surxay xan Qazıqumuxlunun köməyi ilə Şamaxıya doğru hərəkət etmiş, 15 avqustda ora çatmış və dərhal şəhəri mühasirəyə almışdır.[1][13] Sonda Şamaxının sünni sakinləri şəhərin darvazalarından birini açaraq üsyançıların şəhərə girməsinə imkan yaratmış və 18 avqust 1721-ci ildə Şamaxı tutulmuş, şəhərdə yaşayan şiələrə qarşı qırğın törədilmiş, nəticədə 4–5 min şiə öldürülmüş,[14][7] həmçinin xristianlar və yadellilər qarət edilmişdir.[1][4] Bir neçə rus taciri də öldürülmüş,[1][14] bir çox rus tacirinin dükanları talan edilmiş, bu da onlara ciddi iqtisadi ziyan vurmuşdur.[15][c] Tacirlər arasında böyük itkilərə məruz qalan və "Rusiyanın ən zəngin taciri" olan Matvey Yevreynov da var idi.[1] Şəhərin şiə məzhəbli Səfəvi valisi, onun qardaşı oğlu və qalan qohumları "izdiham tərəfindən parça-parça edilmiş və onları cəsədləri itlərə verilmişdir".[4][17] Bəylərbəyliyin ərazisi üsyançılar tərəfindən tamamilə ələ keçirildikdən sonra Hacı Davud Rusiyaya müraciət etmiş, o zamankı Rusiya çarı Böyük Pyotra (1682–1725-ci illərdə hakimiyyətdə olmuşdur) öz sədaqətini bəyan etmişdir.[16] Bu müraciətdən müsbət cavab almayan Hacı Davud Osmanlı sultanına müraciət etmiş və müsbət cavab almışdır. Bundan sonra o, Sultan III Əhməd tərəfindən Osmanlının Şirvan valisi təyin edilmişdir.[18][1][16]
Artemi Volınski Rusiya çarı Böyük Pyotra rus tacirlərinə və onların yaşayış vasitələrinə dəymiş əhəmiyyətli zərər haqqında məlumat vermişdir. Hesabatda 1721-ci ildə baş tutmuş hadisənin Çar Rusiyası ilə Səfəvilər arasında 1717-ci ildə imzalanmış ticarət müqaviləsinin açıq şəkildə pozulması olduğuna diqqət çəkilmişdir. Bu müqaviləyə əsasən Səfəvi hakimiyyəti öz dövlətlərinin hüdudlarında Rusiya vətəndaşlarının müdafiəsinə zəmanət vermişdir. Volınski Səfəvi səltənətində xaos hökm sürdüyünə və Səfəvi hökmdarı müqavilənin müddəalarını yerinə yetirə bilmədiyinə görə Pyotrdan Səfəvi şahının müttəfiqi kimi səltənətdə asayişi bərpa etmək bəhanəsi ilə vəziyyətdən istifadə edərək Səfəvilərə hücum etməyə çağırmışdır.[15][1] Odur ki, ardınca Rusiya Şamaxıdakı tacirlərinə hücumdan 1722–1723-cü illərdə Rusiya–Səfəvi müharibəsi üçün kazus belli kimi istifadə etmişdir.[19][20] Bu epizod Səfəvilər dövləti ilə Rusiya arasında ticarət əlaqələrinin dayandırılmasına və Həştərxan şəhərinin Volqa ticarət yolunun son nöqtəsinə çevrilməsinə səbəb olmuşdur.[10]