Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü

Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü və ya 1722-23 Rusiya-Səfəvi müharibəsiXəzər dənizinin qərb sahili bölgələrini işğal etmək və Cənubi Qafqazda möhkəmlənmək məqsədilə Rusiya imperiyasının 1722-1723-cü illərdə apardığı müharibə. 1722-1723-cü illər kampaniyasında hətta Təbrizə və Azərbaycanın digər bölgələrinə də yürüş nəzərdə tutulurdu.

1722-23 Rusiya-Səfəvi müharibəsi
Rusiya-Səfəvi müharibələri
Rusiya donanması Xəzər dənizində
Tarix 18 iyun 172212 sentyabr 1723
Yeri Azərbaycan, Qafqaz
Nəticəsi Rusiyanın qələbəsi
Peterburq müqaviləsi (1723)
Ərazi dəyişikliyi Rusiya İmperiyası Dərbənd, Bakı, Şirvan, Gilan, MazandaranGürganı ələ keçirir. Bütün ərazilər 12 il sonra yenidən Səfəvilərə qaytarılır.
Münaqişə tərəfləri

Rusiya İmperiyası Rusiya imperiyası
* Kazak Hetmanlığı
Kartli çarlığı
Kabardalılar
Kalmık xanlığı

Səfəvilər

Komandan(lar)

Rusiya İmperiyası Böyük Pyotr
Rusiya İmperiyası Fyodor Apraksin
Rusiya İmperiyası Mixail Matyuşkin

II Şah Təhmasib

Tərəflərin qüvvəsi

Rusiya ordusu 155 min nəfər[1]

bilinmir

İtkilər

36.664 ölü[1]

naməlum

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səbəbləri[redaktə | mənbəni redaktə et]

Rus çarı I Pyotr (1689–1725) Xəzəryanı bölgələri ələ keçirməyi qərara aldı. O, Xəzər dənizini Rusiyanın daxili dənizinə çevirməyi və Şərq ölkələri ilə Xəzər–Volqa yolu ilə ticarət etməyi, Şərqlə Qərb ticarətində Rusiyanın vasitəçiliyinə nail olmağı planlaşdırmışdı. Öz yaxın adamı A.P.Volinskiyə kəşfiyyat aparmağı tapşıran I Pyotrun əsas məqsədi Xəzərin qərb hissəsini işğal etmək, Cənubi Qafqazda möhkəmlənmək idi. A.P.Volinski karvan yollarını, yol boyu otlaqların olmasını (bu, suvari qoşun üçün lazım idi), yerli qoşunun, müdafiə qurğularının vəziyyətini öyrənməli, buradakı xristianlarla əlaqə yaratmalı idi. Ona həmçinin, burada rus ticarətinin inkişaf etdirilməsi perspektivinin öyrənilməsi də tapşırılmışdı.

1721-ci ilin avqustunda Şirvan üsyanı zamanı Şamaxını ələ keçirən Hacı Davud və Surxay xanın adamlarının rus tacirlərini öldürmələri Rusiyanın Xəzəryanı bölgələri tutmaq planını qətiləşdirdi. I Pyotr onları həm Rusiyanın, həm də Səfəvilərin ümumi düşməni elan etdi. Bu zaman Hacı Davud kömək üçün Osmanlı sultanı II Əhmədə (1703-1730) müraciət etdi, sonra isə İstanbula gedib özünün Şirvan hakimi təsdiq olunması üçün razılıq aldı. Buna baxmayaraq, Rusiya işğalçılıq niyyətlərindən əl çəkməmişdi. Əvvəla, Rusiya iqtisadiyyatının Azərbaycan xammalına böyük ehtiyacı vardı. İkincisi də Rusiya osmanlıların Cənubi Qafqazda, Xəzəryanı bölgələrdə möhkəmlənmək cəhdlərinin qarşısını almağa çalışırdı.

Yürüş[redaktə | mənbəni redaktə et]

Xəzər dənizi ətrafı ərazilərin I Pyotrun əmri ilə Reyner Ottens tərəfindən hazırlanmış xəritəsi, 1723–cü il

1722-ci il iyunun 18-də I Pyotr Həştərxandan yürüşə başladı. Rus qoşunları iki istiqamətdə-quru və dəniz yolu ilə hərəkət edirdi. Dərbənd yolu üzərində Sultan Mahmudun hücumuna məruz qalmış ruslar bu hücumu dəf edib, 6 kəndi yandırdılar. İşğalçılar belə dağıdıcı basqınlarla yerli əhalini qorxutmağa çalışırdılar. Azərbaycan ərazisinə daxil olan I Pyotr zəifləmiş Səfəvi qoşunu tərəfindən ciddi müqavimətə rast gəlmədi. O, dini amildən də məharətlə istifadə edərək, Cənubi Qafqazın xristian əhalisinə elan etdi ki, bu yürüşdə məqsəd onları müsəlmanların zülmündən xilas etməkdir. 1722-ci il iyunun 15-də I Pyotr Azərbaycan dilində bəyannamə nəşr etdirərək Şirvana və Xəzəryanı bölgələrə göndərmişdi. Bəyannamədə yenə də rus ordusunun yürüşünün əsas səbəbi ört-basdır edilirdi. I Pyotr Xəzəryani bölgələrdə yaşayan şiə əhalisini inandırmağa çalışırdı ki, o, səfəvi şahının dostudur, yürüşdən onun məqsədi bu yerlərdə əmin-amanlıq yaratmaqdan və rus tacirlərini qarət edən qiyamçıları cəzalandırmaqdan ibarətdir. Onun bu əraziləri işğal etmək niyyəti yoxdur. O, riyakarcasına bildirirdi ki, Səfəvilərə qarşı usyan edən feodalların, Osmanlı turklərinin bu torpaqları zəbt etməsinin qarşısını alacaq, burada səfəvilərin hakimiyyətini bərpa edəcəkdir. I Pyotrun belə hiyləgərliyi ilk vaxtlar Xəzəryanı bölgələrdə əhalinin bir qisminin Rusiyaya meyil etməsinə səbəb oldu.

1722-ci il avqustun 15-də rus eskadrası Dərbəndə çatdı. Avqustun 23-de 150 minlik piyada qoşun da şəhərə daxil oldu. Şəhərin naibi İmamqulu bəy qalanın açarlarını rus çarına təqdim etdi. I Pyotr buradan senata göndərdiyi məktubda şəhərdə səmimi qarşılandığını bildirirdi. Lakin, Azərbaycanın nüfuzlu feodalları rus ordusuna müqavimət göstərməyin tərəfdarı idilər. Bakı hakimi Məhəmməd Hüseyn bəy və onun tərəfdarları öz güclərinə, həmçinin Hacı Davudun köməyinə arxalanaraq, şəhəri qorumaq və rus qoşununu Bakı qalasına buraxmamaq əzmində idilər. Buna görə də Məhəmməd Hüseyn bəy I Poytrun məktubunu gətirən şəxsi qəbul etmir. Belə bir vaxtda Avropada İsveç tərəfindən Rusiyaya qarşı yeni müharibə təhlükəsi yaranır. Digər tərəfdən rus ordusunun Xəzəryanı bölgələrə təcavüzü Osmanlı dövlətində kəskin etiraza səbəb olur. Hacı Davud dağlarda qoşun toplayaraq rusların hücumunun qarşısını almağa hazırlaşır. Bu cəhətləri nəzərə alan və geri qayıtmağa tələsən I Potr bu işi general-mayor M.Matyuşkinə tapşıraraq Sankt-Peterburqa qayıdır.

Osmanlı ordusunun qarşısına qoyulan əsas vəzifə isə rusların Səfəvi dövlətinin qərbini və Cənubi Qafqazın şərqini ələ keçirməsinə mane olmaq, ilk növbədə isə onların Bakını tutmasının qarşısını almaq olur. Sankt-Peterburqa qayıdan I Pyotr burada Osmanlı ordusunun irəliləməsi xəbərini eşidir. Onun göstərişi ilə 1722-ci ilin dekabrında Rəşt şəhəri zəbt edilir. Rus eskadrası 1723-cüu il iyulun 6-da Bakı körfəzinə daxil olur. Məhəmməd Hüseyn bəy rus komandanlığının təslim olmaq təklifini rədd edərək müqavimət göstərir. Rus qoşunu rədd cavabı alan kimi şəhəri top atəşinə tutur və 1723-cü il iyulun 23-də Bakı zəbt edilir. M.Matyuşkin Bakı hakimi Məhəmməd Hüseyn bəyin guya Hacı Davudla əlaqədə olduğunu bəhanə gətirərək onun həbs olunması haqqında əmr verir. Məhəmməd Hüseyn bəy həbs olunaraq əvvəlcə Həştərxana, sonra isə Roqaçevskə sürgün edilir və orada da vəfat edir. Knyaz İ.Baryatinski Bakının komendantı təyin edilir. I Pyotr Bakının alınmasına hədsiz dərəcədə sevinir və onun göstərişi ilə bu hadisə Sankt-Peterburqda yaylım atəşi ilə qeyd olunur. Bakı tutulduqdan sonra rus qoşunu Salyanı da asanlıqla işğal edir.

1723-cü il sentyabrın 12-də II Təhmasibin Peterburqa göndərdiyi elçisi İsmayıl bəy şahdan xəbərsiz olaraq Xəzəryanı bölgələrin-Dərbənddən Gilana qədər olan torpaqların Rusiyaya birləşdirilməsi haqqındakı müqaviləni özbaşına imzaladı. Rusiya bunun əvəzində Səfəvi şahına əfqanlarla müharibədə yardım göstərəcəyini öhdəsinə götürürdü. Lakin, II Təhmasib müqaviləni təsdiq etmədi. Beləliklə, 1722–1723-cü illərdə Xəzəryanı bölgələrin Rusiya tərəfindən işğalının birinci mərhələsi başa çatdı.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Fisher, William Bayne; Avery, P.; Hambly, G. R. G.; Melville, C. The Cambridge History of Iran. 7. Cambridge University Press. 1991. ISBN 978-0521200950. 2016-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-12.
  2. "Rusiyanın Xəzəryanı bögələrə hərbi yürüşü". 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-04.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]