Əncan


Əncan — Əncan şəhərinin adı haqqında məlumat verən əsas mənbə Həmdullah Qəzvininin "Nüzhət əl-qulub" əsəri hesab edilir. Əncan şəhərində mis mədənlərinin olduğunu qeyd edən Həmdullah Qəzvini şəhərin digər adını Karxana kimi göstərmiş və burada mis emalı barədə məlumat vermişdir.[1] Bu fikirdən belə bir qənaətə gəlmək olar ki, burada hasil edilən misdən yerli sənətkarlar müxtəlif məmulatlar hazırlamaq üçün istifadə etmişlər. Bu dövrdə mis və mis-bürünc məmulatının, əsasən, məişət təyinatlı qab-qacağın istehsalı geniş intişar tapmışdır. Unutmamaq lazımdır ki, Təbriz, Gəncə, Xoy, Şəmkir şəhərləri ilə yanaşı, Naxçıvan da monqol yürüşlərinə qədərki dövrdə metalişləmə sənətinin mühüm mərkəzlərindən biri olmuşdur. Şəhərin lokalizasiyası ilə bağlı tarix üzrə fəlsəfə doktoru E.Kəlbizadə tərəfindən aparılmış araşdırmalar göstərir ki, bu şəhər haqqında naməlum müəllifin "Əcaib əd-dünya" əsərində də məlumat verilmişdir. "Əcaib əd-dünya"da Əncan haqqında verilən məlumatlardan aydın olur ki, şəhər möhkəm qala divarları ilə əhatə edilmişdi. Əsərdə yazılır: "Əncan. Sərt, çətinliklə keçilən yerdədir. Dağlar şəhərin hüdudlarından kənarda yerləşir, möhkəm qaladır. Oranın malları incə parçalar, yaylıqlar, keyfiyyətli üst örtükləri, zilə corablardan ibarətdir".. XIX əsr rus mənbələrində verilən məlumatlar, 1925-ci ilə aid olan "Naxçıvan diyarının təhqiqi üzrə xüsusi komissiyanın məruzəsi"ndə göstərilmiş faktlar Əncan və ya Əcnanın məhz Gümüşlü kəndi istiqamətində yerləşdiyini söyləməyə imkan verir. [2]

Əncan
Əncan
Ölkə  Azərbaycan
Vilayət Naxçıvan
Salınma tarixi XIII əsrlər
Milli tərkibi Azərbaycan türkləri
  1. "Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı). Naxçıvan:Əcəmi, 2016, 200 s." (PDF). 2017-07-31 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-07-13.
  2. "Kəlbizadə E. İtmiş şəhərin izi ilə və yaxud tarixi Əncan şəhəri haradadır. Olaylar.- 2016.- 26 oktyabr.- S.12". 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-13.