Ərəfsə — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənddir.
Ərəfsə | |
---|---|
39°17′31″ şm. e. 45°47′05″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Muxtar respublika | Naxçıvan MR |
Rayon | Culfa rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.607 m |
Saat qurşağı | |
Əhalisi | |
Rəsmi dili | |
Kənd rayon mərkəzindən 55 km şimalda, Əlincə çayının sağ sahilində yerləşir.
Kənd Zəngəzur silsiləsinin ətəyindədir. Ermənistanın Sisian rayonunda da əhalisini azərbaycanlıların təşkil etdiyi Ərəfsə kəndi olmuşdur.
Kənd ərazisində Son Tunc və İlk Dəmir dövrünə aid yaşayış məskəni aşkar edilmişdir. Buradan e.ə II minilliyə aid monoxrom boyalı gil qablar və digər maddi-mədəniyyət nümunələri tapılmışdır.
1590-cı ilə aid sənədlərdə kəndin adı "Ərəfsax" kimi işlədilmişdir. Bəzi tədqiqatçıların fikrincə bu, "sak ərlərinin eli, yurdu" mənasını verir. Onu da qeyd edək ki, sak tayfaları e.ə II minillikdə Culfanın yerli sakinlərindən olmuşlar.
Kəndin adı ərəfsəli tayfasının adı ilə əlaqədardır. Bu adın həm də ərazisindəki pirlə bağlı olduğu, onun 3 ərəb sözündən yarandığı fikri də irəli sürülür.
Bəzi tədqiqatçılar isə bu toponimin eradan əvvəl XIV əsrdə Kiçik Asiyada Het dövlətinin hökmdarı olmuş II Murşilinin bir qayaüstü yazısında kiçik ölkə və qala kimi adı çəkilən Aripsa ilə əlaqədar olduğunu və Aripsa adının yerli forması olan Ərəfsə adının Culfa bölgəsinə gətirildiyini iddia edirlər.
Kəndin yerli əhalisini ərəfsəli tayfasının nümayəndələri təşkil edirlər. Tarixən Naxçıvan və Dərələyəz mahallarının bir çox yerlərində yaşayan ərəfsəlilərin əsas məşğuliyyətləri maldarlıq olmuşdur. Ərəfsəli tayfası qədim kəngər tayfasının bir qoludur. Kəngərli tayfasının oymaqlarından biri də Ərəfsəli oymağı olmuşdur.
Kənd əhalisinin əsas məşğuliyyəti arıçılıq və heyvandarlıqdır.
Kənd ərazisində Ərəfsə piri ilə üzbəüz, Əlincə çayının sol sahilindəki təpələrin ətəyində soyuq sulu mineral bulaqlar mövcuddur ki, onlar da elmi şəkildə tam tədqiq olunmamışdır.