Azərbaycanın təbiəti

Azərbaycan təbiəti

Azərbaycanın təbiəti haqqında — Azərbaycan Alp-Himalay seysmik qurşağında yerləşir. Azərbaycan Respublikasının tarixi-coğrafi mövqeyi, relyefi, su hövzələri, flora və faunasını əhatə edir.

Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi mühiti hələ qədimdən insanların burada məskən salmasına şərait yaratmışdır. Azərbaycan ərazisinin 60 faizə qədərini dağlıq ərazilər tutur. Hələ XX əsrdən etibarən bu ərazilərin öyrənilməsinə başlanmışdır. Məsələn; Budaqov və Müseyibov Azerbaycanın relyefini, Şıxlinski və Mədətzadə isə Azərbaycanın iqlimini öyrənmişdir. Çayları isə Rüstəmov öyrənmişdir.

Azərbaycanın təbiəti haqqında alimlərin dediklərindən

[redaktə | mənbəni redaktə et]

Antik müəlliflər Herodot (e.ə. V əsr), Polibi (e.ə. təqr. 200 – e.ə. təqr.120), Strabon (e.ə. 64/63 – eramızın 23/24), Klavdi Ptolemey (təqr. 90 – təqr. 160) və b. öz əsərlərində Azərbaycanın coğrafi mövqeyi, sərhədləri, çayları, yaşayış məntəqələri, burada məskunlaşmış tayfalar, Xəzər dənizi, onun heç bir dənizlə əlaqəsi olmaması və s. haqqında məlumatlar vermişlər.

Daha sonralar ərəb coğrafiyaşünasları və səyyahlarından İbn Xordadbeh (təqr. 820/826 – təqr. 912–913), Əbu-İshaq İstəxri (təqr. 820–934), Azərbaycan alimi Məhəmməd Naxçıvani (XIII əsrin sonu – XIV əsrin 2-ci yarısı), İran alimi Rəşidəddin Fəzlullah (1247–1318) və b. əsərlərində Azərbaycanın iqtisadiyyatı, inzibati bölgüsü, dağ və çayları, şəhərləri, onların arasındakı məsafələr, ticarət yolları və s. haqqında yazmışlar.

Qafqaz dağları

Qafqaz Albaniyası tarixçisi Moisey Kalankatuklu (VII – VIII əsrlər) "Alban tarixi" əsərində Albaniyanı şöhrətli, təbiəti zəngin və əhalisi çox olan ölkə kimi təsvir etmiş, orada çoxlu məhsuldar torpaqların, gözəl bağların və yaşıl çöllərin olmasını göstərmişdir. Venesiyalı F. Mauronun dünya xəritəsində (1459), Əlşərifin (1601), alman alimi və səyyahı A. Olearinin (1647) xəritələrində, həmçinin I Pyotrun tapşırığı ilə (1720) tərtib olunmuş və 1723-cü ildə nəşr edilmiş "Şərqi Zaqafqaziya və Xəzər dənizi" xəritəsində Azərbaycanın yaşayış məntəqələri, gölləri, çayları və s. göstərilmişdir.

Azərbaycan coğrafiyaşünası Əbdürrəşid Bakuvi Azərbaycanın iqlimi, Bakının təbiəti və burada neft çıxarılması, Hacı Zeynalabdin ŞirvaniAbbasqulu ağa Bakıxanov Azərbaycanın coğrafiyası haqqında fikir söyləsmişlər. Azərbaycan ərazisinin öyrənilməsində həmçinin V. Abix, İ. Fiqurovski, A. Zaxarov və başqalarının xidməti olmuşdur. Azərbaycan Respublikasının ərazisinin kompleks tədqiqinə isə Sovet hakimiyyəti illərində başlanmış, müxtəlif miqyaslı xəritələr tərtib edilmiş, samballı coğrafi atlaslar yaradılmışdır. Respublika ərazisinin hərtərəfli öyrənilməsində Azərbaycan Milli Elmlər Akademiyasının rolu böyükdür.

Azərbaycan Respublikasının tarixi-coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]
Azərbaycan təbiəti

Qədim Azərbaycan torpağı ön Asiyada yerləşir və Qafqaz dağlarının cənub-şərq hissəsindən Urmiya gölünün və cənub-şərqindəki dağlıq ərazilərə qədər olan sahələri əhatə edir. Onun sahəsi 200 min kvadrat km-dən artıqdır.

Azərbaycan bütövlükdə şimal yarımkürəsində yerləşir. İspaniya, Yunanıstan, Türkiyə, Çin, Koreya təqribən Azərbaycanla eyni coğrafi enlikdədir. Avropadan Orta və Şərqi Asiya ölkələrinə gedən bir sıra mühüm beynəlxalq əhəmiyyətli yollar Azərbaycan ərazisindən keçir.

Respublikanın ərazisi şimaldan cənuba 400 km, qərbdən şərqə isə 500 km məsafədə uzanır, 38°25' – 41°55', şimal enliklər və 44°50' – 50°51' şərq uzunluqları arasında yerləşir.

Avropa və Asiyanın qovşağında yerləşərək, respublika unikal geosiyası və coğrafi mövqeyə malik olmaqla, qədim zamanlardan ta indiyədək dünyəvi iqtisadi və mədəni əlaqələr üçün öz əhəmiyyətini qoruyub saxlamaqdadır.

Respublika ərazisinin orta yüksəkliyi 400 metrə qədərdir. Lakin Xəzərsahili ovalıq okean səviyyəsindən aşağıda (hazırda −26,5m) olduğu halda, ən yüksək zirvə olan Bazardüzünün hündürlüyü 4466 metrdir. Deməli, respublika ərazisində hündürlük fərqinin 4500 metrə yaxın olduğu aydın görünür.

Böyük Qafqaz özünün cənub şərq hissəsi ilə Azərbaycana məxsusdur. Burada iki dağ silsiləsi ayrılır: Bazardüzü zirvəsilə (4466 m) Baş və yaxud Suayrıcı, Şahdağ zirvəsilə (4243 m) Böyür (Yan) silsilələri. Cənub-şərqə doğru silsilələr 1000–700 m yüksəkliyədək tədricən alçalır. Böyük Qafqaz silsilələrini dağətəyi yerlər əhatə edir: şimal-qərbdə çöllük yayla, cənub-şərqdə — Qobustan, cənub-qərbdə Alazan-Həftəran və şimal-şərqdə – Qusar maili düzənliyi.

Azərbaycan Respublikasının əksər ərazisi subtropik iqlim qurşağında, yalnız Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında yerləşir.

Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz dağları isə cənubdan gələn isti quru tropik hava axınlarının qarşısını kəsir, onların təsirini zəiflədir. Xəzər dənizi respublikamızın iqliminin mülayimləşməsinə təsir göstərir.

Orta illik temperatur Kür-Arazda 14,5 °C; yüksək dağlıqda isə 0 °C-dan aşağıdır.

Mütləq maksimum temperatur Naxçıvanda (Culfada) +44 °C; mütləq minimum temperatur Naxçıvanda (Culfada) −32 °C-dir. Temperaturun illik amplitudu Naxçıvanda 60 °C-dan çox olur. (Kəskin kontinental iqlim tipidir)

Azərbaycan Respublikasında hava temperaturunun və atmosfer yağıntılarının paylanması və rejiminin xüsusiyyətləri, həmçinin rütubətlənmə şəraiti nəzərə alınaraq Yer kürəsindəki 11 iqlim tipindən (V. V. Keppenə görə) 9-u burada olduğu müəyyən edilmişdir. Bu tiplərin çoxu yarımtiplərə bölünür.

  1. Yarımsəhra və quru çöl iqlimi, əsasən, Mərkəzi aran rayonlarını (Kür çökəkliyində hündürlüyü 400 metrədək olan sahələr), Samur çayı mənsəbindən Qızılağac körfəzinədək Xəzəryanı zonası, Naxçıvan MR-in Arazboyu düzənliklərini, Talışın qapalı dağ çökəkliklərini (1000 metrdən) əhatə edir. İllik yağıntı mümkün buxarlanmanın 15–50%-ni təşkil edir. Qışı, əsasən, isti (Arazboyu düzənliklərdə və Talışın qapalı dağ çökəkliklərində soyuq) keçməsi ilə fərqlənir. Yayı qızmardır, bəzi günlər havanın temperaturu 40 °C-dən yuxarı olur.
  2. Qışı quraq keçən mülayim-isti iqlim Böyük Qafqazın cənub yamacının alçaq dağlıq zonasında (1000 metrədək hündürlükdə), Qanıx-Əyriçay çökəkliyində (200–500 m), Kiçik Qafqazın şimal və şərq yamaclarında (400–1500 m hündürlükdə) yayılmışdır. Burada illik yağıntı mümkün buxarlanmanın 50–100%-ini təşkil edir. Qışı yumşaq, az yağıntılı, yayı mülayim-istidir.
  3. Yayı quraq keçən mülayim-isti iqlim. Əsasən, Lənkəran-Astara zonasındadır. İllik yağıntı mümkün buxarlanmanın 100–150%-ini və bundan da çoxunu təşkil edir. Qışı yumşaq, yayı mülayim-isti və quraq, payızı çox yağıntılı keçir. Maydan avqustun ortalarınadək yağış az yağır və tez-tez quraqlıq olur, süni suvarma tətbiq edilir.
  4. Qışı quraq keçən soyuq iqlim Böyük Qafqazın şimal-şərq yamacında (1000–2700 m) və Kiçik Qafqazın orta və yüksək dağlıq (1400–2700 m) hissəsindədir. İllik yağıntı mümkün buxarlanmanın 75–100%-nə bərabərdir. Yayı sərin, qışı nisbətən az sərt keçir.
  5. Yayı quraq keçən soyuq iqlim. Naxçıvan MR-nın orta və yüksək dağlıq zonasını (1000–3000 m) əhatə edir. İllik yağıntı mümkün buxarlanmanın 50-dən 100%-ə qədərdir. Qışı soyuq və qarlı, yayı sərindir.
  6. Yağıntısı bərabər paylanan mülayim-isti iqlim Böyük Qafqazın cənub (600–1500 m) və şimal-şərq (200–500 m) yamaclarındakı dağ meşələri zonası üçün səciyyəvidir. İllik yağıntı mümkün buxarlanmanın cənub yamacda 75–100%-i, şimal-şərq yamacda 50–100%-ini təşkil edir. Qışı yumşaq, yayı mülayim-istidir.
  7. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim yalnız Böyük Qafqazın cənub yamacı (1500–2700 m) üçün səciyyəvidir. Yuxarı meşə, subalp və alp zonaları əhatə edir. İllik yağıntı mümkün buxarlanmadan 150–200% çoxdur. Qışı soyuq, yayı sərindir.
  8. Dağlıq tundra iqlimi Böyük QafqazKiçik Qafqazın 2700 m-dən, Naxçıvan MR-nın isə 3200 m-dən yüksək ərazilərindədir. Yağıntı mümkün buxarlanmadan 100–200% çox olur. Qış və yay soyuq keçir. Bəzi yerlərdə qar bir ildən o biri ilə qalır. Həmçinin Azərbaycanın iqlimi və iqlim tipləri haqqında oxuyun.

İşğal dövründə dəymiş ziyan

[redaktə | mənbəni redaktə et]

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində 13197, 5 hektar qiymətli meşə sahəsi misli görünməmiş vandalizmə məruz qalıb. İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitir. Ermənistanın işğalı altında olan Bəsitçay və Qaragöl qoruqları, Arazboyu, Laçın, Qubadlı, Daşaltı təbiət yasaqlıqları kimi qorunan ərazilərdə “Qırmızı kitab”a daxil olmuş 60-dan çox fauna və 70-dən çox flora növünün əksəriyyəti artıq məhv edilib. Hətta müharibə dövründə ermənilər qadağan olunmuş fosfor bombalarından istifadə etməklə həmin ərazidəki bütün bitki örtüyünü məhv edib. Azərbaycanın işğal olunmuş ərazilərində qəsdən törədilmiş yanğınlar nəticəsində, təxminən 110 min hektar ərazi sıradan çıxıb. Ermənistan qəsdən zəhərli, söndürülməsi mümkün olmayan və istifadəsi qadağan olunmuş ağ fosfor bombalarından istifadə etməklə, Şuşa meşələrinə sağalmaz yaralar vurub.

Rəsmi qurumların işğaldan azad edilən ərazilərdə apardıqları monitorinq zamanı təbii sərvətlərimizin talan edilməsinin, meşələrdə çoxillik qiymətli ağacların kəsilməsinin (daşınmasında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətindən və ona məxsus olan hərbi texnikadan istifadə edilib) bir daha ortaya çıxıb. Qazax rayonu istiqamətində, Murov dağ silsiləsi boyu, Ağdərə istiqamətində Talış, Gülüstan, Baranbart meşə ərazisində 100 hektarlarla sahədə fıstıq, saqqız, göyüş, şam, palıd və s. çoxillik ağaclar kəsilib və Ermənistana daşınıb.

Ekoloji terrorun ən təhlükəli məqamlardan biri də su mənbələrinin çirkləndirilməsidir. Belə ki, radioaktiv tullantılar çaylara axıdılır. Bunu Oxçuçayın nümunəsində də görmək olar. Bütün bunlar beynəlxalq cinayətlərdir. Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilir. Ermənistanda dağ-mədən şirkətlərinin fəaliyyəti Oxçuçayda fəlakətli vəziyyət yaradıb. Təəssüf ki, bu prosesdə Almaniyanın “CRONIMET Holding GmbH” şirkəti yaxından iştirak edib.[1]

Əsas tarixlər

[redaktə | mənbəni redaktə et]

(Bizim eramızdan 3500 il əvvəl — 1940-cı il)

  1. Bizim eradan əvvəl IV əsrdə Azərbaycanda kəllə trepanasiyası (sümüyü deşmə cərrahiyə əməliyyatı) həyata keçirilməsini Çalağan Təpədə aparılan arxeoloji qazıntıların nəticələri sübut edir. Həmin yerdə qeyd olunan əməliyyatın izləri olan insan kəlləsi tapılmışdır.
  2. Bizim eramızdan əvvəl VIII–IX əsrlərdə Manna, AtropatenaQafqaz Albaniyası (müasir Cənubi və Şimali Azərbaycan əraziləri) qədim dövlətlərinin təbabəti assuriya və vavilon təbabətinin təsirinə məruz qalmışdır.
  3. Bizim eramızın IV əsrindən xalq təbabətinin xüsusi qanadı-türkəçarə (şamanizm, magiyanın və dərman otlarının köməyi ilə müalicə) yayılmağa başladı.
  4. Ərəb istilasından (bizim eramızın VII–VIII əsrlərində) sonra Azərbaycana islam və ya yunan-ərəb təbabət məktəbi daxil oldu. İbn Sina (Avesenna, 980–1037-ci illər) bütün müsəlman Şərqində, o cümlədən Azərbaycanda ən nüfuzlu loğman olub.
  5. Azərbaycanda orta əsrlərdə Azərbaycan alimləri tibb sahəsində əsərlərini türk (Əski Azərbaycan), fars və ərəb dillərində yazmışlar.
  6. XI əsrdə Şamaxı şəhəri yaxınlığındakı Məlhəmdə Tibb Universiteti yaradılmışdır. Onun yaradıcısı Kafiyyədin Ömər-dahi Şirvan şairi Xəqani Şirvaninin dayısı olmuşdur. Universitetdə təbabət, farmakologiya, anatomiya və digər elmlər öyrənilirdi.
  7. XIV əsrin əvvəlində tibb universiteti, iri xəstəxanası və aptekə malik Dar Əş-Şifa tibb mərkəzi yaradılmışdır. Bu mərkəz Cənubi Azərbaycanda Təbrizdə yerləşirdi.
  8. 1311-ci ildə azərbaycan alimi Yusif İsmayıl oğlu Xoyi "Bağdad toplusu" kitabını yazdı. Kitab Bağdad hökmdarına həsr olunmuşdur və bir neçə min təbii dərman vasitələri və çox kompanentli dərmanların reseptləri təsvir olunurdu. Yusif Xoyi həm də İbn Kəbir ləqəbi ilə tanınırdı.
  9. XV əsrdə Azərbaycanda 60-dan çox iri xəstəxanalar, o cümlədən sultan Yaqub Ağqoyunlunun (1478–1490) Təbrizdəki "Yeddi Cənnət" sarayında var idi. Bu xəstəxanada eyni zamanda 1000-ə qədər xəstə müalicə oluna bilirdi. Həkimlər xəstələrə 900-ə yaxın müxtəlif reseptlər yazırdı. Yaxınlıqda aptek də var idi və bu aptekə Hindistandan, Çindən və digər ölkələrdən dərman otları gətirirdilər.
  10. XVII–XVIII əsrlərdə azərbaycan alimləri Murtuzaqulu Şamlı (seksopatoloq) Abülhəsən Marağayi (ümumi təbabət), Həsən Rza oğlu Şirvani (farmasiya), Hacı Süleyman İrəvani (farmasiya) və digərləri tibb və farmakologiya sahəsində bir sıra əsərlər yazdılar. Onlar 724 növ dərman bitkiləri haqqında məlumatlar vermişdilər.
  11. XVIII əsrdə xanlıqlar arasında qurtarmaq bilməyən müharibələr nəticəsində çoxlu sayda xəstəxanalar, apteklər və tibb məktəbləri dağıdıldı. Elm, o cümlədən təbabət elmi geriləməyə başladı.
  12. XIX əsrin əvvəlində Azərbaycanın şimal xanlıqları (Şirvan, Bakı, Naxçıvan, Quba, Talış, Qarabağ, Şəki, Dərbənd və s.) Rusiya tərəfindən işğal olundu, cənub xanlıqları (Təbriz, Xoysk, Ərdəbil və s.) birdəfəlik olaraq İranın tərkibinə keçdi. O vaxtdan Cənubi və Şimali Azərbaycanda tibbin inkişafı müxtəlif yollarla getdi. Rusiya hakimiyyəti dövründə (1813–1918) bütün Zaqafqaziyada rus xəstəxanaları və aptekləri yaradıldı, amma 1920-ci ildə sovet hakimiyyəti yaranana qədər ənənəvi aptek məntəqələri — əttar dükanları mövcud idi. Cənubi (İran) Azərbaycanda yenə də Şərq müalicəxanaları və aptekləri üstünlük təşkil edirdi.
  13. 1892-ci ildə azərbaycan alimi Əbdül-Xaliq Axundov Azərbaycanda tibb tarixinin elmi tədqiqatının əsasını qoydu. O, IX əsr müəllifi Əbu Mənsur Xaravinin Məşhur farmakoloji ensiklopediyasını tədbiq etmiş, fars dilindən alman dilinə tərcümə etmişdi. Kitab Almaniyada çap olunmuşdur, müəllif isə Tartu Universitetində tibb tarixindən dissertasiya müdafiə etmişdir.
  14. 1895-ci ildə Bakı Tibb Cəmiyyəti yaradılmışdır. Onun yaradıcısı Məmməd-Rza Vəkilov, Kərimbəy Mehmandarov və başqaları olmuşdur.
  15. 1918-ci ildə Rusiya imperiyası dağılması nəticəsində Azərbaycanın müstəqilliyi bərpa olunmuşdur və Azərbaycan Demokratik Respublikasının Səhiyyə Nazirliyi yaradılmışdır. Bakıda, Gəncədə və digər şəhərlərdə onlarca yeni apteklər və xəstəxanalar açılmışdır.
  16. 1919-cu ildə tibb fakültəsinə malik Bakı Dövlət Universiteti yaradılmışdır və burada tibb tarixi də tədris olunmuşdur. Bakı Dövlət Universitetinin tibb kafedrasının ilk müdiri professor Razumovski olmuşdur.
  17. 1920-ci ildə Azərbaycan Demokratik Respublikası XI Qırmızı Ordunun zərbələri ilə devrildi, Azərbaycanda ixtisasca həkim olan Nəriman Nərimanovun rəhbərliyi ilə sovet hökuməti yaradıldı. Azərbaycan SSR-nin ilk səhiyyə xalq komissarları həkim Ağahüseyin Kazımov (1920-dən 1921-ci ilə qədər) və Mir Mövsüm Qədirli (1921-ci ildən 1935-ci ilə qədər) olmuşlar.
  18. 1930-cu ildə Azərbaycan Tibb İnstitutu yaradılmışdır və rektor Əziz Əliyev təyin olunmuşdur.
  19. 1920–1940-cı illərdə Azərbaycanda yeni poliklinikalar, xəstəxanalar və apteklər yaradılımışdır. Akademik Mir Əsədulla Mirqasımov, akademik Mustafa Topçubaşov, professor Əlibəy Əlibəyov, professor Kamil Balakişiyev və s. kimi alim-həkimlər dünya şöhrəti qazandılar.
  1. Sevinc TELMANQIZI. "İşğalın viran qoyduğu ekologiyamız..." (az.). Yeni Müsavat. 12.02.2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 fev 2024.