Azərbaycan Demokratik Respublikasının milli ordusu

Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu — 1918-ci ildə, Şimali Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı milli ordu Azərbaycan Xalq Cümhuriyyəti Silahlı Qüvvələrinin təşkilinə Cümhuriyyətin elan edildiyi gündən başlanmışdı.

1918-ci ildən başlayaraq Ermənistan yaranmış gərgin vəziyyətdən istifadə edərək və bolşeviklərin dəstəyi ilə zorla Azərbaycanın Zəngəzur, Dağlıq QarabağNaxçıvan bölgələrini işğal etmək məqsədilə onun sərhədlərini pozur və sərhədyanı rayonlarda hərbi toqquşmalar yaradırdı. Belə bir şəraitdə ölkənin ərazi birliyini, müstəqilliyini müdafiə etmək üçün güclü ordu yaratmaq dövlətin birinci dərəcəli vəzifəsi idi.[1]

1914-cü ilin yayında Birinci Dünya müharibəsi başladı və dörd il davam etdi və bu da cox pis bir hadisəyə çevrilmişdir.[1]

Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu

[redaktə | mənbəni redaktə et]

Hələ Türkiyə hərbi qüvvələri Azərbaycanda olarkən başlamış ordu quruculuğunu yenidən canlandırmaq və onu daha səmərəli aparmaq üçün 1918-ci il oktyabrın 23-də respublika hökumətinin iclasında Hərbi Nazirliyin yaradılması qərara alındı. Nazirlər Şurası tərəfindən belə bir qərar 1918-ci il noyabrın 1-də imzalandı. Yeni şəraitdə Azərbaycanın ərazi bütövlüyünün qorunması tamamilə Hərbi Nazirliyin üzərinə düşməli idi. Bu struktur hökumətin qarşısında dayanan tarixi vəzifələrin həllində çox mühüm rol oynadığından ona rəhbərliyi ilk vaxtlar Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski öz üzərinə götürdü. Tam artilleriya generalı Səməd bəy Mehmandarov nazir müavini təyin edildi və nazirliyin formalaşdırılması ona tapşırıldı.[2]

Cəmiyyət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğunun da özünəməxsus obyektiv qanunauyğunluqları vardır və bu qanunauyğunluqlara riayət edilməməsi ordunun formalaşdırılmasında ciddi çətinlik yarada bilər. Bütün dövrlərdə, bütün ordular üçün ümumi olan qanunauyğunluqlar, eyni zamanda, milli ənənələrdən, xalqın mənəvi potensialından, ölkənin iqtisadi, siyasi, demoqrafik imkanlarından, coğrafi vəziyyətindən və s. irəli gələn xüsusiyyətləri də əhatə edir. Ordu quruculuğu üçün ümumi cəhətlər çoxluq təşkil etsə də, hər bir ölkədə bu prosesin həmin ölkəyə xas olan xarakterik xüsusiyyətləri də vardır. Azərbaycan Xalq Ordusunun qısa vaxt ərzində formalaşdırılmasının əsas səbəblərindən biri də bu idi ki, həmin prosesə rəhbərlik edən şəxslər ümumi nəzəri dəyərlər və əldə olan təcrübə ilə ordu quruculuğunun Azərbaycan şəraitindən irəli gələn xüsusiyyətlərini çox incəliklə və üzvi şəkildə birləşdirə bilmişdi. Hərbi Nazirlik bərpa edildikdən sonra bu istiqamətdə müəyyən çətinliklər də mövcud idi. Bir tərəfdən türk qoşunları Azərbaycanı yenicə tərk edirdilər. Cümhuriyyət ordusu quruculuğunun ilkin mərhələsi türk hərbçilərinin rəhbərliyi altında aparıldığından ordu daxilində onların dəst-xəti qalmaqda idi. Digər tərəfdən Cümhuriyyət ordusunda xidmət edən yüksək rütbəli zabitlərin, demək olar ki, hamısı xidməti çar ordusu sıralarında keçmişdilər və rus ordusunun ənənələri ruhunda tərbiyə olunmuşdular. Cümhuriyyət ordusunun milli dəyərlər üzərində formalaşdırılması üçün, ilk növbədə, bu təsirlərin Azərbaycan şəraitinə uyğun gəlməyən tərəfləri aradan qaldırılmalı idi. Həmin problem Hərbi Nazirliyin mövcud olduğu təxminən ilyarım ərzində ardıcıl olaraq həll edildi. Ordu quruculuğuna türk və rus təcrübəsinin güclü təsirə malik olmasına baxmayaraq, Azərbaycanda milli zəminə söykənən bir ordu formalaşdırıldı və proseslərin sonrakı inkişafı da qonşu dövlətlərin ordu quruculuğu təcrübəsinin kor-koranə təkrarlanmamasının doğruluğunu təsdiqlədi.

1918–1920-ci illərdə Azərbaycanda ordu quruculuğunun başlıca aspektlərindən biri bu fəaliyyət sahəsinin dövlət quruculuğunun mərkəzində dayanması idi. Müstəqilliyin qorunması üçün düzgün seçilmiş siyasi-strateji xətt ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə real zəmin yaratmışdı. Hərbi quruculuq məsələləri yeni cəmiyyət quruculuğunun bütün sahələri ilə sıx şəkildə tənzimlənir, bütün imkanların Azərbaycanın ərazi bütövlüyünün qorunmasına səfərbər olunması üçün təxirəsalınmaz və qəti addımlar atılırdı.

Həm ali qanunvericilik orqanı olan ölkə parlamenti, həm də icraedici orqan olan Nazirlər Şurası bu istiqamətdə öhdələrinə düşən vəzifələrə böyük məsuliyyətlə yanaşırdılar. Ölkə parlamenti mövcud olduğu dövrdə hərbi quruculuğun müxtəlif sahələri ilə bağlı 9 qanun layihəsini nəzərdən keçirmiş və müvafiq qərarlar qəbul etmişdi. Həmin qərarların hər biri dövlətin müdafiə gücünün artırılması üçün həm cari, həm də perspektiv əhəmiyyətə malik idi və bu qərarlar icraedici orqanların fəaliyyətinin istiqamətləndirilməsi üçün əsas kimi qəbul edilmişdi. Öz işini ölkə daxilində cərəyan edən proseslərlə sıx surətdə əlaqələndirən parlament dövlətin müstəqilliyinin qorunması sahəsində gərginlik yaradan məsələlərə dərhal reaksiya verir və bunları müzakirə obyektinə çevirirdi.

Hərbi Nazirliyin bərpa edilməsindən sonra, ilk növbədə, pərakəndə olan hissələri möhkəmləndirmək, onları vahid rəhbərlik altına gətirmək üçün mərkəzi hərbi idarəetmə orqanlarının təşkilinə diqqət yetirildi. Qısa müddət ərzində Hərbi Nazirliyin aparatı yaradıldı. Hərbi Nazirliyin təşkili barədə hökumət qərarından iki həftə sonra, noyabrın 15-də ordunun Ümumi Qərargahının (Qlavnıy ştab) təsis edilməsi barədə S. Mehmandarovun müvafiq əmri imzalandı.

Mudros müqaviləsinin şərtlərinə görə, müttəfiq dövlətlər adından Bakıya gəlməli olan ingilis qüvvələri komandanı general V. Tomson hələ Azərbaycana qədəm qoymamışdan əvvəl tələb edirdi ki, 1918-ci il noyabrın 17-dək türk qoşunları kimi Azərbaycan qoşunları da Bakını tərk etsinlər. Çünki Tomson Bakı şəhərini istər iqtisadi baxımdan, istərsə də hərbi-siyasi baxımdan mühüm strateji mərkəz sayırdı və ona nəzarəti tamamilə öz əlində saxlamaq istəyirdi. O, müstəqil Azərbaycan hökumətini tanımaq istəmədiyi kimi, onun nəzarəti altında olan hərbi qüvvələrə də etibar etmirdi. Ona görə 1918-ci il noyabrın 22-də Hərbi Nazirlik Gəncəyə köçdü və öz fəaliyyətini burada davam etdirdi. İngilis qoşunlarının komandanlığı Hərbi Nazirliyin Bakıdan kənarda fəaliyyət göstərməsinə etiraz etmirdi.

Bütün hökumət strukturlarının Bakıda yerləşdiyi halda, Hərbi Nazirliyin Gəncəyə köçürülməsi, şübhəsiz ki, bu strukturla hökumət orqanlarının əlaqələrində və bütünlüklə ordunun formalaşma prosesində çətinliklər yaradırdı. Bununla belə Hərbi Nazirliyin rəhbərliyinin səmərəli fəaliyyəti ordu quruculuğu prosesində bir ardıcıllıq yaratdı. Bu istiqamətdə düzgün siyasətin formalaşması və onun yerinə yetirilməsi üçün yüksək təşkilatçılıq işlərinin həyata keçirilməsi qısa zaman ərzində öz nəticəsini verdi. Həmin səmərəli fəaliyyətin nəticəsi idi ki, Cümhuriyyət ordusunun əsas qüvvələri də məhz Hərbi Nazirliyin Gəncədəki fəaliyyəti zamanı təşkil edilmişdi.

Hərbi Nazirlik yaradılana kimi mövcud olan hissə və birləşmələr başlıca olaraq Gəncədə və Qarabağda yerləşdirilmişdi. Bu da tarixi şəraitlə və qoşun hissələrinin icra etdikləri vəzifələrlə bağlı idi. Hərbi Nazirlik Gəncədə yerləşəndən dərhal sonra – 1918-ci il noyabrın 27-dən dekabrın 3-dək ordu rəhbərliyi Gəncə və Ağdam ətrafında yerləşən hərbi hissələrə səfər etdi və oradakı vəziyyətlə şəxsən tanış oldu. Hərbi nazir hələ türk qoşunları Azərbaycanda olarkən təşkil edilmiş bu hissələrdə çox ciddi nöqsanlarla rastlaşdı və bu nöqsanları ümumiləşdirərək xüsusi əmr imzaladı və hissə komandirlərindən belə nöqsanların aradan qaldırılmasını tələb etdi. Hər şeydən əvvəl hissə və bölmə komandirləri qarşısında vəzifə qoyuldu ki, müstəqil Azərbaycan Ordusunda xidmət edən bütün şəxslərin dərhal Azərbaycan Xalq Cümhuriyyətinə sədaqət andı içməsi təşkil olunsun.

1918-ci ilin sonu – 1919-cu ilin əvvəllərində Hərbi Nazirliyin rəhbərliyində və strukturunda qismən dəyişiklik edildi ki, bu da ordunun formalaşması prosesinə müsbət təsir göstərdi. Nazirlər Şurasının 1918-ci il 25 dekabr tarixli qərarı ilə tam artilleriya generalı Səməd bəy Mehmandarov hərbi nazir təyin edildi. Hökumətin 1918-ci il 29 dekabr tarixli qərarı ilə general-leytenant Ə. Şıxlinski hərbi nazirin müavini təyin edildi. Bu qərar da Azərbaycan Ordusunun formalaşdırılması istiqamətində hökumətin qəbul etdiyi dəyərli qərarlardan biri idi. Çünki onların təcrübəsi və biliyi orduda quruculuq işlərinin səmərəli xarakter almasına zəmin yaratdı.

Hərbi Nazirliyin rəhbərliyi ordu və dövlət arasındakı münasibətlərin mahiyyətini kifayət qədər dəqiqliklə müəyyənləşdirmiş və bütün fəaliyyəti boyu ona riayət etmişdi. S. Mehmandarov əmrlərində dəfələrlə qeyd etmişdi ki, ordu heç bir siyasətə qarışmamalı, ona tapşırılan vəzifələrin icrası ilə məşğul olmalıdır. Məhz bu tələbi rəhbər tutmağın nəticəsi idi ki, respublika hökumətinin bir neçə kabineti təşkil edilsə də, Hərbi Nazirliyin rəhbərliyi dəyişməz qalmışdı. S. Mehmandarov və onun silahdaşlarının prinsipiallığı, ardıcıllığı bütün kabinetlər tərəfindən yüksək qiymətləndirilmişdi. Yeni qurulan hökumətlərin rəhbərləri Hərbi Nazirliyin rəhbərliyini dəyişməz olaraq saxlamışdılar.

Hərbi Nazirliyin rəhbərliyi orduda xidmətin təşkilinin hüquqi əsasda nizamlanmasına xüsusi diqqət yetirirdi. Qısa müddət ərzində Azərbaycan Ordusunun yeni qanunvericilik bazasının yaradılması mümkün olmadığı üçün hərbi nazirin 1919-cu ilin əvvəlində imzaladığı əmrlə 1917-ci il yanvarın 1-dək keçmiş Rusiya imperiyasında qəbul edilmiş hərbi qanunvericilik aktları qüvvədə saxlanılırdı. Buraya hərbi nizamnamələr, döyüş təlimatları, xidmətin bütün sahələrini tənzimləyən sənədlər, səfərbərlik, hərbi məhkəmə işlərinin aparılması üzrə təlimatlar və s. daxil idi. Ancaq bu qanunvericilik aktlarının Azərbaycan müstəqilliyi, milli orduda xidmətin bu və ya digər tələbləri ilə uyğun gəlməyən tərəfləri ləğv edilir və nazirin əmri ilə həmin məqamlar təkmilləşdirilir, ya da yenisi ilə əvəz edilirdi. Məsələn, nazir hələ 1918-ci il dekabrın 27-də 34 saylı əmri ilə hərbi qulluqçular arasında salamlaşmanın Azərbaycan dilində və azərbaycanlılar arasındakı salamlaşma ənənələrinə uyğun olaraq aparılmasını tələb edirdi. Yəni, salamlaşan şəxs "salam" deməli, qarşı tərəf isə "əleyküm salam" deyə cavab verməli idi. Əsgəri tərifləyərkən və ya ona minnətdarlıq bildirərkən "mərhəba" deyilməli, əsgər isə cavabında "çox sağ ol" deməli idi.

Azərbaycan dili orduda da dövlət dili elan edildi. Bununla bağlı hərbi nazir orduda xidmət edən qeyri-azərbaycanlı zabitlər qarşısında belə bir tələb qoydu ki, bir ay müddətində heç olmasa komanda sözlərinin azərbaycanca qarşılıqlarını öyrənsinlər və əsgərlərə Azərbaycan dilində komanda versinlər. Bir ay müddətində bu tələbi yerinə yetirə bilməyən zabitlər dərhal ordudan xaric edilməli idilər.

Azərbaycan dilinin öyrənilməsi və savadsızlığın ləğvi üçün orduda müvafiq kurslar yaradıldı və həmin kursların aparılmasına təcrübəli mütəxəssislər cəlb edildi.

Əsgərlərlə ünsiyyətin Azərbaycan dilində aparılması və onlara hərb işinin Azərbaycan dilində öyrədilməsi, şübhəsiz ki, şəxsi heyəti xidmətə daha yaxından bağlayır, onların mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərirdi. Bu məsələyə Hərbi Nazirliyin rəhbərliyi xüsusi diqqət yetirirdi.

Azərbaycan döyüşçüsünün mənəvi dünyasının yaradılmasında mənsub olduğu xalqın tarixi keçmişinin öyrənilməsinə, onun qəhrəmanlıq nümunələri üzərində tərbiyələndirilməsinə böyük əhəmiyyət verilirdi. Bu baxımdan S. Mehmandarov çox qiymətli fikirlər irəli sürmüşdü. Həmin fikirlərin mahiyyəti ondan ibarət idi ki, Azərbaycanın qəhrəmanlıq tarixi həm araşdırılmalı, həm də xalq kütlələrinə, o cümlədən qoşunların şəxsi heyətinə çatdırılmalıdır. S. Mehmandarov şübhə etmirdi ki, azərbaycanlılardan təşkil edilmiş olan hərbi qüvvələr öz xalqının qəhrəmanlıq tarixini yaxşı bilməli, ondan ibrət götürməlidir. Hərbi nazir bu istiqamətdə aparılan işlərdə ifratçılığa varmağa, milli tərbiyənin millətçiliyin qızışdırılması ilə bir səviyyədə tutulmasına razı deyildi. O, milli tarixi keçmişin öyrənilməsində yalnız sağlam hisslərin aşılanmasını və mütərəqqi xəttin izlənməsini əsas vəzifə sayırdı. S. Mehmandarov yazırdı: "Bolşevizmə qarşı mübarizənin istiqamətlərindən biri xalq içərisində sağlam milli hisslərin yaradılmasıdır. Azərbaycanın yaranmaqda olan gənc ordusu üçün bu xüsusilə lazımdır. Yalnız azərbaycanlılardan təşkil olunmuş hərbi qüvvələrimiz öz xalqının ümumdünya tarixinin səhifələrinə yazmış olduğu və bizdən daha çox Avropa xalqının xatırlayıb danışdıqları çoxlu igidlikləri, şərəfli döyüş keçmişini bilməlidirlər. Bir əsrdən də artıq davam edən rus ağalığından xilas olmuş türk xalqı bilməlidir ki, biz heç də həmişə əsarətdə olmamışıq, həm də öz iradəmizi Avropa və Asiyaya nümayiş etdirmişik. Güman edirəm türk tarixinin bilicilərindən kimsə xalqımızın müxtəsər tarixini və bu günümüzə qədər olan ən mühüm hadisələri əks etdirən kütləvi kitabçaların tərtib və nəşr edilməsinin kiməsə tapşırılması faydalı olardı. Belə kütləvi tarixi nəşrlər xalq arasında və qoşunlarda geniş yayılmalı, bunun üçün hər bir kənd müəllimi, hər bir müsəlman zabit ondan geniş istifadə etməlidir.

Şəxsi heyətin mənəvi durumunun qaldırılması məqsədilə qoşunların ümumi təlim-tərbiyəsi çərçivəsində əsgərlərlə söhbətlər aparılması, onlara Azərbaycanın tarixi, hərbi anda sədaqət və s. mövzuların çatdırılması nəzərdə tutulurdu. Belə dərslərin aparılmasına ən yaxşı zabitlər və hissələrin mollaları cəlb edilirdilər.

Qoşunların şəxsi heyətinin milli tarixi köklərə bağlanması və onların mənəvi saflaşması baxımından Novruz bayramlarının ümumordu miqyasında qarşılanmasının və keçirilməsinin təşkilinə diqqəti cəlb edirdi. Öz mövcudluğu dövründə Azərbaycan Ordusu iki dəfə Novruz bayramını qarşılamış və hər ikisini də təntənəli şəkildə keçirmişdi. Novruz bayramının qeyd edilməsi əsl bayram əhval-ruhiyyəsində həyata keçirilirdi. Hər iki bayram da qoşunların rəsmi keçidi ilə şəxsi heyətin yadında qalmışdı.

1919-cu ilin Novruz bayramı ərəfəsində hərbi nazirin imzaladığı əmrə əsasən şəxsi heyət üç gün təlimdən azad edildi. Bu əmrə əsasən bütün hissələrdə bayram süfrəsi açıldı və qoşunlara bayram yeməyi verildi.

Hərbi Nazirliyin bərpasının ilk günlərindən hərbi qulluqçuların geyim formasının da milliləşdirilməsi və onun Azərbaycan Ordusuna uyğunlaşdırılması üçün də zəruri işlərin görülməsinə başlandı və bunun üçün xüsusi komissiya yaradıldı. Komissiyanın işinə hərbi nazirin müavini, general-leytenant Ə. Şıxlinski sədrlik edirdi. Komissiyanın hazırladığı geyim layihəsi 1919-cu il yanvarın 1-də hərbi nazirin əmri ilə rəsmi şəkildə təsdiq edildi. Ancaq buna qədər Hərbi Nazirlik fəaliyyətə başlayarkən nazirin əmri ilə geyim formasında qismən dəyişiklik edilmişdi. Həmin dəyişiklik əsasən baş geyiminə aid idi. Nazir tələb edirdi ki, yeni geyim layihələri hazırlanana kimi furajkalar baş geyimi kimi istifadədən birdəfəlik götürülsün və papaqla əvəz edilsin. Furajkaların papaqla əvəz edilməsi üçün nazir bir ay vaxt ayırmışdı.

Azərbaycan Ordusunda tətbiq edilən yeni geyim formasının maraqlı elementlərindən biri poqonlar idi. Həm hərbi qulluqçular, həm də orduda qulluq edən məmurlar poqon gəzdirirdilər və həmin poqonların üzərində ərəb əlifbası ilə "Azərbaycan" sözü yazılmalı idi.

Yeni dəyərlər üzərində qurulan ordunun yeni milli kadrlarının hazırlanması da Hərbi Nazirliyin rəhbərliyinin qarşısında dayanan mühüm vəzifələrdən biri idi. Bu vəzifənin həllinə nail olmaq üçün hələ türk qoşunlarının Azərbaycanda olduğu vaxt Gəncədə fəaliyyətə başlamış hərbi məktəbin fəaliyyəti yenidən quruldu və onun statusu artaraq praporşiklər məktəbinə çevrildi. Məktəbdə təlim-tərbiyə prosesi də yeni statusa uyğun olaraq yenidən quruldu. Bu statusun mahiyyəti ondan ibarət idi ki, əgər əvvəlcə məktəbi bitirənlər ilkin zabit rütbəsini yalnız hissələrdə bir neçə ay xidmət etdikdən və zabitliyə layiq olduqlarını sübut etdikdən sonra alırdılarsa, praporşiklər məktəbini bitirənlər dərhal ilkin zabit rütbəsi olan praporşik rütbəsinə layiq görülürdülər. Bu ilin sonunda isə praporşiklər məktəbinin bazasında Hərbiyyə məktəbi açıldı. Bundan başqa, Azərbaycan Ordusuna milli hərbi kadrlar hazırlayan İstehkam məktəbi və hərbi dəmiryolçular məktəbi və hərbi feldşer məktəbi də açılmışdı.

Yaradıldığı ilk gündən Hərbi Nazirliyin qarşısında dayanan mühüm vəzifələrdən biri də xidmətə çağırış və səfərbərlik işinin təşkili məsələsi idi. Bu məsələnin həllinin başlıca çətinliyi ondan irəli gəlirdi ki, türk qoşunları Azərbaycanda olarkən ciddi ədalətsizliklərə yol verilməsi əhalidə əsgəri xidmətə qarşı böyük bir etimadsızlıq, təşviş və qorxu hissləri yaratmışdı. Digər tərəfdən də əvvəllər xidmətə cəlb olunanlara qarşı fiziki cəzaların tətbiq edilməsi, onların şəxsiyyətlərinin təhqir olunması, ən ali yaşayış normalarına malik olmamaları fərariliyin kütləvi şəkil almasına zəmin yaradırdı. Çağırış və səfərbərliyin təşkili yeni nazirliyin rəhbərliyi üçün nə qədər aktual idisə, fərariliyin qarşısının alınması və bunun üçün səmərəli tədbirlər sisteminin tətbiq edilməsi də o qədər vacib idi.

Azərbaycan korpusunun yaradılması

[redaktə | mənbəni redaktə et]
Azərbaycan Demokratik Respublikasının milli ordusu

1917-ci ilin aprel ayında Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında xüsusi hərbi hissələrin yaradılması ilə məşğul olan büronun təsis edilməsi haqqında qərar qəbul edildi. Müsavat Partiyasının 1917-ci ilin oktyabr ayının 26-da keçirilən birinci qurultayında milli ordu yaradılması məsələsi tələb edilirdi. Həmin ilin noyabr ayının 5 də Gəncədə keçirilən Qafqaz müsəlman hərbi qurultayı şəhərə gələn tatar atlı batalyonu bazasında Azərbaycan korpusunun yaradılmasını tövsiyə etdi. Ölkədə yaranmış gərgin vəziyyətlə əlaqədar olaraq nəzərdə tutulan tədbirlər çox çətinliklə və ləng həyata keçirilirdi.

Qafqaz İslam Ordusu

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Qafqaz İslam Ordusu
border=none Əsas məqalə: Nuru paşa
Azərbaycan artilleriyaçısı

Gərgin vəziyyət Azərbaycan Demokratik Respublikası hökumətini ciddi tədbirlər görmək məcburiyyəti qarşısında qoydu. Gəncəyə qarşı yarıdan çoxu ermənilərdən ibarət olan Qafqaz qızıl ordusu tərəfindən gözlənilən təhlükənin qarşısını almaq üçün hökumət qərbi Azərbaycanda hərbi vəziyyət elan etdi.

Azərbaycan Demokratik Respublikası hökumətinin dəvəti ilə 1918-ci ilin may ayının sonunda Nuru paşa 300 nəfərlik təlimatçı qrupu ilə Azərbaycana – Gəncəyə gəldi. Bu vaxt çoxsaylı bolşevik və daşnak qoşunları Gəncə istiqamətidə hücuma başladılar. Məqsəd Azərbaycan Demokratik Respublikasının milli ordusunu məhv etmək və bütün Azərbaycan ərazisini işğal etməkdən ibarət idi. Vəziyyətin çıxılmaz olduğunu görən təcrübəli hərbçi Nuru paşa üçüncü ordunun komandanı Vəhib paşaya məktub yazıb, tə’cili hərbi yardım istədi. Hərbi yardımı rəsmləşdirmək məqsədilə 1918-ci ilin iyun ayının dördündə Batumda Azərbaycanla Türkiyə arasında bağlanan müqaviləyə əsasən türk qoşunları Gəncəyə göndərildi. İlk olaraq beşinci Qafqaz diviziyasına daxil olan doqquzuncu və ikinci suvari alay Azərbaycana yola düşdü, alaylar iyun ayının 15-də Gəncəyə çatdılar.

Beləliklə, beş minlik əlahiddə Azərbaycan hərbi korpusu, beşinci, doqquzuncu və on beşinci çanaq qala alayları bazasında Qafqaz islam ordusu yaradıldı, onun komandanı Nuru paşa tə’yin edildi.

Bu vaxt S. Şaumyanın rəhbərliyi ilə bolşevik-daşnak qüvvələri Bakı—Şamaxı—Göyçay istiqamətində hərəkət edir, Qaraməryəmi tutaraq Ucara doğru irəliləyirdilər. Təhlükənin qarşısını almaq üçün Nuru paşa Gəncədəki erməniləri tərksilah etdi və qoşunu Göyçay istiqamətinə göndərdi. Onuncu alayı hazırsız döyüşə qoşan Osman bəyin uğursuzluğunu öyrənən Nuru paşa general Ə. Şıxlinski ilə birlikdə iyun ayının 18-də Müsüslüyə, sonra isə Göyçaya gəldi, real vəziyyəti təhlil etdi, milli ordu hissələrini və yerli könüllüləri döyüşə hazırladı.

Bakı döyüşü

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Bakı döyüşü

Görülən tədbirlərin nəticəsində iyun ayının 27–30-da başlanan döyüşlərdə bolşevik-daşnak qüvvələri darmadağın edildi və Qafqaz islam ordusu Bakıya tərəf hərəkətə başladı. Qafqaz islam ordusu 1918-ci ilin sentyabr ayının 15-də Bakı şəhərini tutdu və Azərbaycan Demokratik Respublikası hökumətinin paytaxta köçməsi üçün şərait yaratdı. Qafqaz islam ordusu Bakını daşnaklardan, eserlərdən və ingilislərdən təmizlədi, şəhəri Azərbaycan Demokratik Respublikasının rəsmi paytaxtına çevirdi, Azərbaycanı təhlükədən xilas etdi, bütün ölkəyə nəzarəti hökumətin sərəncamına verdi.

Bakının azad edilməsi ilə əlaqədar olaraq Türkiyənin hərbi naziri Ənvər paşanın (o, Nuru paşanın böyük qardaşı idi) Xəlil paşa və Nuru paşaya göndərdiyi teleqramada deyilirdi:

"Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin zəbti xəbərini böyük bir sevinc və məmnunluğla qarşıladım. Türk və islam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpər, şəhidlərimizə fatihələr ithaf edirəm".

Bakının azad edilməsi uğrunda müxtəlif düşmən qüvvələrin birləşmiş qoşun hissələri ilə vuruşlarda min nəfər türk əsgərləri və zabiti, beş min yerli əhali həlak oldu.

Bakıda hakimiyyət Azərbaycan Demokratik Respublikasına verilsə də Qarabağda daşnak erməni təhlükəsi davam etməkdə idi. Bu bölgədə xalq hakimətinin mövqeini möhkəmləndirmək üçün Qafqaz İslam Ordusunun hissələri Qarabağa göndərildi. Orduya yerində rəhbərlik etmək üçün Nuru paşa Ağdama gəldi, vəziyyəti öyrəndi və böyük güclə hücuma keçib Şuşaya daxil oldu, şəhərdə Azərbaycanın bayrağını qaldırdı, müdafiə mövqelərini möhkəmləndirdi. Lakin o, Türkiyənin birinci dünya müharibəsində məğlubiyyəti və Bakıya ingilis qanunlarının daxil olması ilə əlaqədar olaraq 1918-ci ilin noyabr ayının 17-də başladığı əməliyyatları yarımçıq qoyub Türkiyəyə qayıtdı.

Nuru paşanı təqib edən ingilislər İstanbulda hərbi nəzarət polisi tərəfindən onu həbs edib edam etmək üçün Batuma briqada göndərirlər. Lakin Nuru paşanın müdafiə etdiyi azərbaycanlılar onu xilas edir, sağ salamat vətənə yola salırlar.

Ordu quruculuğu proqramı

[redaktə | mənbəni redaktə et]

1918-ci ilinin 28 mayında qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Bu zərurətlə bağlı 1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-nə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Bu müddət ərzində üç polkdan ibarət iki piyada diviziyası, artilleriya diviziyası, xüsusi hissələrin daxil olduğu teleqraf, atlı, pulemyotçu dəstələri, tərkibində üç polk olan süvari diviziyası, hava dəstəsi, dəmir yol batolyonu təşkil edilməli idi.

Ordu quruculuğu proqramının həyata keçirilməsində Azərbaycan Demokratik Respublikasının hökuməti bir sıra çətinliklərlə üz-üzə gəlirdi. Çar Rusiyasının hərbi siyasətində bir çox xalqlarla bərabər azərbaycanlılara qarşı qərəzli münasibət mövcud idi. Azərbaycanlılar bə’zi istisnalar nəzərə alınmasa əsasən hərbi məktəblərə qəbul edilmir, ordu sıralarına çağrılmır, yalnız hərbi vergi verirdilər. Elə bu səbəbdən Azərbaycanda böyük hərbi hissələr və kifayət qədər hərbi silah yox idi. O vaxt yalnız Qafqaz atlı diviziyasının tərkibinə daxil olan azərbaycanlı atlı polku var idi.

Türk ordusu Azərbaycanı tərk etdikdən sonra ölkədə çox ağır vəziyyət yarandı, xarici təzyiqlər artdı, hərbi müdaxilə təhlükəsi çoxaldı. Ağır vəziyyət barədə Məhəmməd Əmin Rəsulzadə deyirdi: Türk ordusu çəkildi, Azərbaycanın hərbi hissələri isə yox idi, müxtəlif yerlərə səpələnmiş 1500 Azərbaycan əsgəri var idi. Göründüyü kimi vəziyyət çox ağır, vaxt isə yox idi. Çıxış yolu ordu quruculuğu sahəsində təcili tədbirlər görməkdə idi.

Başlanan ordu quruculuğu və müdafiə tədbirləri Nuru paşa və Türk hərbi hissələri Azərbaycanı tərk etdikdən sonra böyük vüsət aldı, yeni hazırlıq işləri görüldü, planlar hazırlandı. Məşhur hərbçi, rus ordusu tərkibində döyüşlərdə böyük şücaət qazanmış general Əliağa Şıxlinski ordu quruculuğunu sürətləndirmək məqsədi ili hərbi planlarla çıxış etdi, strateji təkliflər hazırladı. Plana görə 1919-cu ildə 25 minlik, 1920-ci ildə isə 40 minlik mütəşəkkil, müasir silahla təmin edilmiş milli ordu yaradılmalı, ən vacib bölgələrdə yerləşdirilməli idi.

Vacib məsələlərdən biri hərbi nazirliyin yaradılmasından ibarət idi. Hərbi nazir vəzifəsi rəsmi tə’sis edilməsə də bu vəzifəni 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-nə qədər Xosrov bəy Sultanov icra etmişdir. Oktyabrın 6-dan dekabrın 26-dək hərbi işlər üzrə müvəkkil İ. Ziyadxanov olmuşdur. Nazirlər kabineti oktyabr ayının 23-də hərbi nazirliyin yaradılması haqqında qərar qəbul etdi. Bu qərar noyabr ayının 7-də rəsmiləşdirildi və hərbi nazir vəzifəsi Fətəli xan Xoyskiyə həvalə edildi. 1918-ci ilin dekabr ayının 26-da rus ordusunda xidmət etmiş rus arteleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir , həmin ayın 29-da rus general-leytenantı Əliağa Şixlinski onun müavini, tə’yin edildi. General-leytenant Suleyman Sulkeviç baş qərargah rəisi tə’yin edildi.

1918-ci ilin dekabr ayının 13-də Gəncədən göndərdiyi məlumatda milli Azərbaycan korpusunun komandanı general Əliağa Şixlinski bildirirdi ki, o, yeni Azərbaycan ordusunun layihəsini hazırlamışdır. Layihədə general ordunun quruluşunu, strukturunu, tərkibini müəyyən edən sxem hazırlamışdı. Peşəkar hərbçi, hərbi nazir vəzifəsinə böyük təcrübəyə və təhsilə malik olan zabitin tə’yin edilməsini, korpuslar əvəzinə ən’ənəvi diviziyaların yaradılmasını tövsiyə edirdi.

Səməd bəy Mehmandarov yaxşı bilirdi ki, bolşeviklərin təbliğatı nəticəsində orduda vəziyyət yaxşı deyil, ərzaq çatışmır, səfərbərlik planı yerinə yetirilmir. Bütün bunları nəzərə alan nazir elə həmin gün xalqa müraciət etdi və bildirdi ki, ölkəmizin bütün vətəndaşları — istər kasıb, istər dövlətli, eyni şəkildə hərbi qulluqu çəkməli və kimsə dövlətliləri hərbi qulluqdan azad etsə ağır cəzalanacaqlar. Generalın əqidəsinə və hazırladığı plana görə müstəqil Azərbaycanın milli təhlükəsizlik, ərazi birliyini və dövlət sərhədlərini müdafiə etmək üçün bütün vətəndaşlar əsgərlik çəkməli, torpaqlarımızı qorumalı vətəndaşlıq nümunəsi göstərməlidirlər.

1918-ci ilin iyul ayının 6-da Azərbaycan Demokratik Respublikası hökumətinin pullu hərbi mükəlləfiyyət haqqında sərəncamına müvafiq olaraq sıravilərə 50 rubl, yefreytorlara 60 rubl, kiçik unter zabitə 70 rubl, unter zabitə 90 rubl, feldfebelə 120 rubl maaş müəyyən edildi.

1918-ci ilin iyul ayının 11-də milli orduya çağırış haqqında əmr verildi və 1894–1899-cu illərdə anadan olmuş 24–29 yaşlı oğlanlar səfərbər edildi. Maliyyə çətinliklərinə baxmayaraq milli zabitlər hazırlamaq məqsədilə Gəncədə hərbi məktəb yaradıldı. Görülən tədbirlər nəticəsində az vaxt ərzində 40 minə yaxın əsgəri olan milli ordu yaradıcılığına başlandı. O vaxt Orduda 24 min süngü, 6 min piyada, suvari, topçu və sairə qoşun növlərindən ibarət olan və ən müasir silahla silahlanan canlı qüvvə, Xəzər dənizində kiçik bir donanama var idi. Orduda hərbi intizamı möhkəmləndirmək məqsədilə hərbi nazirliyin yanında divani hərbi, yə’ni hərbi məhkəmə fəaliyyət göstərirdi.

Azərbaycan Demokratik Respublikasının hərbi quruculuq siyasətində, milliliyə, ana dilinə xüsusi əhəmiyyət verilirdi. Hərbi nazir Səməd bəy Mehmandarovun əmrində göstərilirdi ki, orduda danışıq və dəftərxana dili ana dili olmalıdır. Əmrdə deyilirdi ki, "Sırada eləcə də sıradan kənarda olarkən əsgərlərin azərbaycanca salamlaşması — bir sözə "salam", cavabı isə "əleyküm salam" olmasını bütün zabitlərə əmr edirəm. Təltif zamanı əsgərə deyilməlidir: "mərhaba", əsgər cavab verməlidir "çox sağ ol". Zabitlərin çoxu rus dilli olduğu üçün əsgərlərin əmrləri çətin başa düşdüyünü nəzərə alaraq danışığın azərbaycan dilində olması zəruri idi.

Dövlətçiliyin təhlükəsizliyini qorumaq üçün, hökumət ordu quruculuğuna mümkün olan qədər vəsait ayırırdı. 1919-cu ilin dövlət büdcəsində toplanan 1600 446 952 rubldan müdafiə xərcləri üçün 399452 242 rubl ayrılmışdı ki, bu da ümumi büdcənin 27,7 faizinin təşkil edirdi.

15 yanvar 1919-cu ildə müvafiq idarə və şö’bələri birləşdirən nazirliyin geniş səlahiyyətli baş qərargahı yaradıldı və general Süleyman bəy Sulkeviç onun rəisi təyin edildi. Qərargahın yanında xüsusi mətbəə, hərbi məhkəmə və hərbi prokuror nəzarəti, hərbi nazirin yanında hərbi şura tə’sis edildi. Gözlənilən təhlükələri nəzərə alaraq 1919-cu ilin iyun ayında dövlət müdafiə komitəsi yaradıldı.

Ordu quruculuğu proqramını həyata keçirmək və güclü ordu yaratmaq məqsədilə Azərbaycan Demokratik Respublikasının parlamenti 9 qanunvericilik aktını müzakirə etmiş, hərbi nazirliyi kifayət qədər vəsaitlə tə’min etmək üçün müvafiq qərarlar qəbul etmişdi. Bu xüsusi diqqət onunla əlaqədar indiki ölkədə hərbi baza zəif idi, hərbi proqramla 1919-cu ildə 25 minlik, 1920-ci ildə 40 minlik ordu yaradılmalı idi.

Ordunu milli zabit kadrları ilə tə’min etmək üçün həbi təhsil müəssisələrinin yaradılması zəruri idi. Bu məqsədlə 1918-ci ilin iyun ayında Gəncədə hərbi məktəb yaradıldı və bu təhsil müəssisəsi 1919-cu ilin noyabr ayında hərbi uçilişiyə çevrildi. Uçilişinin üç şö’bəsində — ümumi, topçuluq və mühəndislik şö’bələrində 250 dinləyici oxuyurdu.

1919-cu ilin sonunda, 1920-ci ilin əvvəlində kovalyer, topçuluq və snayper uçilişləri yaradıldı. Bu tədris müəssisələrində dərs demək üçün mütəxəssislər də’vət edildi. 1918–1920-ci illərdə türk və rus zabitlərinin köməkliyi ilə piyada və atlı polklar, artilleriya briqadası, diviziyası yaradıldı. 1919-cu ilin sonunda milli ordunun tərkibində 2 piyada diviziyası, bir kavaleriya diviziyası var idi. Birinci piyada diviziyasına birinci Cavanşir, ikinci Zaqatala və üçüncü Gəncə polkları daxil idi. İkinci piyada diviziyasına dördüncü Quba, beşinci Bakı və altıncı Göyçay polkları daxil idi. Şirvan polku bazasında üçüncü piyada diviziyasının yaradılması başlandı. Birinci Tatar, ikinci Qarabağ və üçüncü Şəki atlı polkları bazasında kavaleriya diviziyası yaradıldı.

Cənubda təhlükəsizliyi qorumaq üçün Lənkəranda ehtiyat batalyonu və "yardım alayı" — Milis polku yaradıldı. Azərbaycan Demokratik Respublikasının Parlamentini mühafizə etmək məqsədilə xüsusi bölmə, respublikanın ərazisində asayişi qorumaq üçün mobil dəstələr təsis edildi. Ordunun tərkibinə iki artilleriya briqadası, bir yüngül artilleriya diviziyası, üç bronlu poezd, beş aeroplan, bir neçə hidroaeroplan, altı ağır və yüngül bronlu avtomobil daxil idi. İngilislər köçüb getdikdən sonra, hərbi nazirlik hərbi liman yaratdı, Xəzər hərbi donanmanı yenidən qurdu, "Qars" və "Ərdahan" adlı gəmiləri, "Astrabad", "Araz" və "Nargin" adlı lodkaları, onun sərəncamına verdi. Azərbaycan Demokratik Respublikası hökuməti ordunun müvafiq silah növləri və hərbi sursatla təmin edilməsi üçün daim axtarışlar aparır və ciddi tədbirlər həyata keçirirdi. Bu sahədə Azərbaycan parlamentinin 27 iyun 1919-cu ildə təsdiq etdiyi "Azərbaycan—Gürcüstan hərbi müdafiə paktı" böyük rol oynamışdır. Bu müqaviləyə müvafiq olaraq Azərbaycan Tiflisdən 12 yüngül, 12 dağ topu, 24 "Maksim" tipli plemyot, 3 min tüfəng, çoxlu hərbi sursat aldı. Silah sursat almaq üçün İtaliya hərbi nazirliyi ilə danışıqlar başlandı.

Ağqvardiyaçıların Şimali Qafqazda məğlub edilməsindən sonra cənuba qaçan denikinçilər 1920-ci ilin mart ayında Azərbaycan ordusuna 20 top, 100 pulyemyot, 9 təyyarə, 15 min tüfəng, 10 milyon patron verdilər.

Azərbaycan ordusunu silah sursatla təmin etmək məqsədilə hökumət 1920-ci ilin yanvar ayında hərbi sənaye kompleksinin yaradılması haqqında qanun layihəsini, Gəncədə tikiləcək hərbi zavodunun smetasını və ştatını hazırlamışdı. 1920-ci ilin fevral ayının 23-də parlament hərbi zavodun tikilməsi və onun üçün 670 milyon vəsaitin ayrılması haqqında qanun qəbul etdi. Nəzərdə tutulmuş proqramın həyata keçirilməsi üçün Azərbaycan Demokratik Respublikası hökuməti Antantanın Ali şurasına memorandum göndərmiş və hərbi zavodun müasir texnologiya ilə tə’min edilməsini xahiş etmişdi.

Azərbaycan Demokratik Respublikasının Məhəmməd Əmin Rəsulzadə təcrübədən bilirdi ki, ordu dövlətin dayağıdır, onun ərazi birliyinin tə’minatçısıdır. Tarixi təcrübədən aydındır ki, bir ölkəni zəiflətmək, sarsıtmaq və məhv etmək üçün hər şeydən əvvəl onun ordusunu dağıdırlar. Belə məqamda orduda təfriqə salmaq, zabitlərin əqidəsini yad hissələrlə zəhərləmək və onun əli ilə dövlət çevrilişi təşkil etmək təcrübəsi çoxdur. Bu təhlükəni aradan qaldırmaq üçün Azərbaycan Demokratik Respublikası hökuməti şəxsi heyətin siyasətləşməsinə, siyasətlə məşğul olmasına yol verə bilməzdi. Hərbi nazirin əmrində deyilirdi ki, zabitlər və əsgərlər dünyada baş verən hadisələri bilməli və onları təmsil etdikləri dövlətlərin mənafeyi baxımından qiymətləndirilməlidirlər. Odur ki, zabitlər və əsgərlər hər hansı bir siyasi partiyanın üzvü ola bilməz, hərbçi üçün əzəli partiya onun dövlətçiliyidir. Azərbaycan Demokratik Respublikasının hökuməti partiyasız, siyasətsiz ordunun yaradılmasını məqsədə müvafiq sayırdı. Çünki zabit bir partiyanın üzvü olsa, əsgərlər başqa partiyanın üzvü ola bilərlər, beləliklə də orduda xaos, qarşıdurma yarana bilər.

Azərbaycan Demokratik Respublikasının ordu qruculuğu siyasətində milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa bağlılıq duyumu əsas prinsiplərdən biri idi. Hər bir zabit və əsgər özünün tarixini, keçmişini, kökünü, soyunu bilməli, onlara qırılmaz köklərlə bağlı olmalıdır. Əsgər və zabit hər şeydən əvvəl vətəndaş, vətənpərvər olmalı, vətənini, dilini, millətini sevməlidir, onların qeyrətini çəkməlidir. Bu milli xüsusiyyətləri nəzərə alan Səməd bəy Mehmandarov əsgər və zabitlərin, xalqımızın tarixini, qəhrəmanlıq ən’ənələrini əks etdirən kitablarla tə’min edilməsinə xüsusi fikir verir, bu kitabları oxumaq üçün onlara şərait yaradırdı. Səməd bəy Mehmandarov yazırdı: "Ziyalılarımızın ən mühüm vəzifələrindən biri xalqı və əsgərləri öz tarixi ilə tanış etməkdir. Bu, şübhəsiz ki, xalqın milli hisslərini və türk irqinə məxsusluğu ilə iftixarını artıracaqdır". Bu ideya da dövlətin daxili siyasətini əhatə etdiyi bir mətləbin təzahürü idi: "Xalqla ordu yekdildir". Ardıcıl görülən tədbirlər şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksəldir, vətənpərvərlik tərbiyəsini möhkəmləndirir, döyüş qabiliyyətini və mübarizilik əzmini gücləndirirdi.

Səməd bəy separatistlərə, ölkəni parçalamağa səy göstərənlərə xatıladırdı ki, Azərbaycanın güclü, nizamlı ordusu vardır, bu ordu cinayətkarlara dövlət əleyhinə fəaliyyət göstərənlərə imkan verməyəcəkdir. Lakin real vəziyyətdən xəbərdar olan bəzi düşmən qüvvələr Azərbaycan Demokratik Respublikasının gənc ordusunun döyüş hazırlığının aşağı səviyyədə olduğunu zənn edərək ona qarşı təxribat əməliyyatları həyata keçirməyə sə’y göstərirdilər. Elə bu təsəvvürlə erməni daşnaqları Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədilə 1920-ci ilin mart ayının 22-də Əsgəran keçidini bağladılar və Qarabağın dağlıq hissəsini blokadaya aldılar. Bu təhlükəli vəziyyəti aradan götürmək və daşnaklara dərs vermək üçün Azərbaycan Demokratik Respublikası hökuməti operativ və çox ciddi tədbirlər gördü. Hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə general Həbib bəy Səlimovun komandanlığı altında Əsgəran ətrafına güclü hərbi qüvvə göndərildi və başlanan döyüşdə düşmən darmadağın edildi, erməni hərbi dəstələrinin başçısı Dəli Qazar öldürüldü, erməni yaraqlılarının qərargahı Keşişkənd dağıdıldı, daşnak qiyamı yatırdıldı milli ordu özünün döyüş qabiliyyətini nümayiş etdirdi.

Azərbaycan Demokratik Respublikasının ordu quruculuğu proqramı, onun acı tarixi dərsləri bu gün müasir Azərbaycanın müdafiə strategiyasının əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycan Demokratik Respublikasının təcrübəsi və günümüzün müasir reallığı təsdiq edir ki, güclü milli ordu ölkəmizin təhlükəsizliyinin, müstəqilliliyinin və ərazi bütövlüyünün qarantıdır.

Hərbi rütbələr

[redaktə | mənbəni redaktə et]

Kornet, Podporuçik, Poruçik, Stabs-rotmistr, Rotmistr, Podpolkovnik, Polkovnik, General.

  1. 1 2 "Azərbaycan Xalq Cümhuriyyəti Ordusu". Milliyyət Araşdırmalar Mərkəzi. 15 iyul 2019 tarixində arxivləşdirilib.
  2. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu Arxivləşdirilib 2019-08-23 at the Wayback Machine. 23.01.2018. AZƏRTAC.