Azad nekrapolu

Azad nekropoluOrdubad rayonundakı Azadkəndin şərqində, yüksək təpənin ətəyində arxeoloji abidə.

Qəbiristanlıqda orta əsrlərə aid bir neçə sənduqə və başdaşı tipli qəbirüstü xatirə abidəsi qalmışdır. Burada vaxtilə qırmızımtıl rəngli Darıdağ daşından hazırlanmış 3 ədəd daş qoç fiquru da olmuşdur. Sənduqələr düzbucaqlı prizma formasında boz və çəhrayı rəngli daşdan hazırlanmışdır. Bəzi sənduqələrin üzərində müxtəlif təsvirlər həkk edilmişdir. Sənduqələrin üzərindəki kitabələr ərəb dilində, abidənin səthində və yan tərəfində yazılmışdır. Kitabələrin çoxu aşınmaya məruz qalmışdır. Qəbiristanlıqda Dərviş bəy əl- Azadinin 1584-cü ildə vəfat etmiş qızı Zərifənin, yenə onun 1588-89-cu illərdə vəfat etmiş oğlu Əli Sultanın, Xacə bəy əl Azadinin 1588-89-cu ildə vəfat etmiş oğlu Dərviş bəyin xatirəsinə hazırlanmış sənduqə tipli qəbirüstü abidələr üzərindəki məzar kitabələri, kitabələrdə qeyd olunan əl-Azadi nisbəsi (Azadlı, mərhumun əslən Azad şəhərindən olmasını göstərən kəlmə) sübut edir ki, adı orta əsr qaynaqlarında xatırlanan Azad şəhəri bu ərazidə yerləşmişdir. Nekropolda ən geci 14-cü əsrdən dəfn mərasimləri keçirilməyə başlanmışdır. [1]

  1. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: 2008