Aşağı Daşarx nekropolu

Aşağı Daşarx nekropoluŞərur rayonunda eyniadlı kənddən şimal-qərbdə, Naxçıvan-Sədərək avtomobil yolunun sol tərəfində yerləşən İlk Tunc dövrünə aid arxeoloji abidə.

Aşağı Daşarx nekropolu
Ölkə  Azərbaycan
Yerləşir Aşağı Daşarx kəndi
Aidiyyatı İlk Tunc dövrü
Üslubu arxeoloji abidə
KateqoriyaYaşayış yeri, Nekropol
ƏhəmiyyətiÖlkə əhəmiyyətli

Abidə şərqdən Ələddin çayının qolu ilə, digər tərəfdən isə yaşayış sahələri və evlərlə əhatələnmişdir. Abidənin cənub-qərb hissəsində açılmış yarğanda 7-8 metr qalınlığında mədəni təbəqə izlənir. Şimal-şərq hissəsində olan kəsikdə isə 3,5-4 metr qalınlığında İlk tunc dövrünə aid mədəni təbəqə vardır. Nekropolun ərazisində təsərrüfat işləri görülərkən bir neçə torpaq qəbir dağıdılmışdır.

Abidə ilk dəfə arxeoloq S.H.Aşurov tərəfindən 2001-ci ildə tədqiq edilmişdir. 2011-ci ildə isə yaşayış yeri yenidən arxeoloqlar Vəli Baxşəliyev və A.Q.Seyidov tərəfindən araşdırılmışdır.

Qazıntılar zamanı dörd tikinti qatı aşkar edilmişdir.

Birinci tikinti qatı abidənin üzərindən 0,8-1,30 metr dərinlikdə yerləşir. İri çay daşlarından iki cərgə hörülmüş divar oval planlıdır. Divar qazıntı sahəsinin şərqindən qərb hissəsinə doğru uzanır. Divarın inşasında bərkidici məhlul kimi palçıqdan istifadə edilmişdir.

İkinci tikinti qatı 1,8 metr dərinlikdə aşkar olnmuşdur. Bu tikinti qatında divar qalıqlarına rast gəlinməmiş, yalnız qazıntı sahəsinin qərb tərəfində 5 ədəd çay daşından qurulmuş qövsşəkilli hörgü aşkar olunmuşdur. Onun hündürlüyü 25-30 sm-dir. Bu hörgü ilə eyni dərinlikdə qazıntı sahəsinin şərq küncündə diametri 70-80 sm olan qalın kül və kömür qalığının izlənilməsi onun ocaq yeri olduğunu ehtimal etməyə imkan verir.

Üçüncü tikinti qatı 2,2-2,5 metr dərinlikdə qeydə alınıb. Bu tikinti qatına möhrədən dairəvi formada hörülmüş binanın qalığı aiddir. Evin içərisində dairəvi formalı bir cərgə daşdan qurulmuş ocağa da rast gəlinmişdir. Ocağın bir hissəsi qazıntı sahəsindən kənara çıxıb. Onun diametri 80-85 sm-dır. Ocağın içərisində kül və kömür qalıqları olub. Bu tikinti qatına aid olan ikinci binanın qalığı birinci ilə eyni təbəqədə 2,2-2,6 metr dərinlikdə yerləşir. Dairəvi planlı binanın divarı iki cərgə çay daşı ilə hörülərək palçıq məhlulu ilə bərkidilmişdir. Onun hündürlüyü 40 eni, 40-45 sm-dir.

Dördüncü tikinti qatı isə 2,6-3 metr dərinlikdə yerləşir. Bu divar kiçik çay daşları və möhrədən qurulmuşdur. Eni 28-32 sm olan dairəvi planlı tikinti qalığının çox hissəsi qazıntı sahəsindən kənara çıxır.

2011-ci ildə qazıntılar zamanı 1,5 metr dərinlikdə uzunluğu 1 metr 40 sm, eni 35 sm, hündürlüyü 45 sm olan oval formalı, dairəvi planlı, möhrədən tikilmiş divar qalınlığına rast gəlindi. Divarın bir ucu qazıntı sahəsindən kənara çıxırdı.

Qazıntılardan əldə edilmiş arxeoloji materiallar qara və boz rəngli keramika parçalarından, ocaq qurğusu, daş və sümük alətlərdən ibarətdir. Arxeloji materiallar arasında keramika çoxluq təşkil edir. İlk Tunc dövrünə aid keramika əvvəllki dövrlərə görə çox fərqlənir. Cənubi Qafqaz ərazisində bu dövrün keramikasının B.A.Kuftin "çəhrayı astarlı, qara rəngli" adlandırılmışdır. Ç.Barney Cənubi Qafqaz və Şərqi Anadolu ərazisində aşkar olunmuş keramikanın bənzər xüsusiyyətlərini nəzərə alaraq buna "Zaqafqaziya-Şərqi Anadolu ilk tunc dövrü keramikası" adı vermişdir. Bu tip keramika "Karaz" ,"Kür-Araz" və "Kirbet-Kerak" adı ilə də tanınmışdır.

Aşağı Daşarx qədim yaşayış yerinin Kür-Araz mədəniyyəti təbəqəsindən aşkar olunmuş keramika nümunələrinə təsərrüfat küpü, küpə, kasa, qazan, badya, banka, parç, araba təkəri modeli, manqal və başqaları aiddir. Belə gil qabların Sarıdərədən, Şahtaxtıdan, Qızılburundan və digər yerlərdəndən də tapıldığı məlumdur. Tapıntılar Şərur rayon Tarixi-Diyarşünaslıq Muzeyində saxlanılır.

Aşağı Daşarx qədim yaşayış yerindən Kür-Araz mədəniyyətinin ilk mərhələsinə az rast gəlinir. Lakin İlk Tunc dövrünün orta mərhələsinə aid kasa və çölməklərin gövdəsinin proporsiyasında müəyyən dəyişiklik qeydə alınır. Orta mərhələnin xarakterik xüsusiyyəti çölmək küpə və bankatipli qablarda çəhrayı astarın meydana çıxmasıdır. Bu rəng narıncıdan qəhvəyiyədək dəyişir. Bu mərhələnin qabları yaxşı anqoblanmış bəzi qabların səthi yüngülcə cilalanmışdır. Ancaq belə qablar olduqca azdır. Əsası Eneolit dövründə başlayan və İlk Tunc dövründə daha da inkişaf edən bəzək üsullaının Erkən və Orta Tunc dövründə təkmilləşməsi mədəniyyətlərin bir-biri ilə genetik bağlılığını göstərcisidir.

Aşağı Daşarx yaşayış yerindən müxtəlif məqsədlər üçün istifadə olunan daş və sümük alətlərdə tapılmışdır. Onlar dəvəgözü, çaxmaq daşı, çay daşı və tufdan hazırlanmış müxtəlif alətlərdən -balta ,gürzə, dəstə, sürtgəc və digərlərindən ibarətdir. Aşağı Daşarxdan tapılmış dəvəgöz və çaxmaq daşından hazırlanmış məlumatlar kəsici və deşici alətlərdən ibarətdir.Müxtəlif məqsədlər üçün hazırlanan kəsici və deşici alətlərin böyük hissəsini dəvəgözü və çaxmaqdaşından hazırlanmış bıçaqşəkilli lövhələr təşkil edir. belə lövhələrin uzunluğu 2-3 sm-dən 7-8 sm-ə qədərdir. Onların işlək ucu pardaxlanaraq itilənmişdir. Bu cür alətlər Azərbaycanın bir sıra həmdövr abidələrindən aşkar edilmişdir. Qazıntı yerindən dörd ədəd daş dəstənin qırığı əldə edilmişdir. Onların işlək ucu yumru və dördkünc olub kənarı bir az dəyirmidir. Çox işləndiyindən uc hissələrində qırıq və çapıqlara rast gəlinir. Diametrləri 3-8 sm uzunluğu isə 11-13 sm-ə çatan dəstələrin əl tutulan hissələri zərif hamarlanmışdır. Onları əsasən müxtəlif növ şay daşından hazırlanmışdır. Dəstələrin üçü dairəvi formalıdır. Onların biri isə küncləri ovalvari olan düzbucaqlını xatırladır.

Qazıntıdan həmçinin bir ədəd sürtkəcin qırığı tapılmışdır. O Kür-Araz mədənyyəti üçün xarakterik olan ənənəvi sürtgəclərin bənzəridir. Onun qalınlığı 6 sm eni isə qırılmış hissədə 10 sm-dir.

Asma bəzək nümunəsi xırdabuynuzlu heyvanın qabırğa sümüyündən hazırlanıb. Üzərinin cilalanması göstərir ki ondan uzun müddət istifadə edilmişdir. Əldə olunmuş arxeloji materiallardan görünür ki bu dövrdə metallurgiyanın yüksək inkişafına baxmayaraq metal əşyalarla yanaşı sümük alətlərin işlənməsi davam etmişdir. Belə əşyaların çoxluğu o dövrün insanlarının təsərrüfat həyatında tələbata uyğun sümükişləmə kimi peşə sahəsinin mövcud olduğunu təsdiqləyir.

Naxçıvanın I Kültəpə (Babək), II Kültəpə, I Kültəpə (Maxta, Şərur)Ovçular təpəsi kimi İlk Tunc dövrü abidələrindən xeyli metal əşya əldə edilməsinə baxmayaraq Aşağı Daşarxdan cəmi bircə ədəd yarpaqşəkilli tunc nizə ucu tapılmışdır. Onun uzunluğu 8,5 sm-dir. Nizə ucu orta hissədə enli uc hissədə isə ensiz və itidir. O çox səliqə ilə hazırlanmışdır. Onun arxa hissəsində yerləşən saplağınnın uzunluğu 3 sm-dir. İlk görünüşdə onu bıçağada bənzətmə olar.

Arxeoloji tapıntılardan görünür ki Naxçıvanın ərazisində metallurgiya dövrünə görə normal inkişaf mərhələsi keçmişdir. O.H.Həbibullayev göstərir ki, I Kültəpənin (Babək) İlk Tunc dövrü təbəqəsindən mis-arsen qarışığı olan 17, xalis qurğuşundan hazırlanmış bir əşya, metal şlak qalığı və gil qəliblər tapılmışdır. Son Eneolit dövründə Naxçıvanda metallurgiya və metalişləmə xüsusilə inkişaf etmişdir.

  • A.Q.Seyidov, V.B.Baxşəliyev, S.M.Məmmədov, S.H.Aşurov. Qədim Şərur. Bakı: 2012.
  • S.H.Aşurov. Naxçıvanda arxeoloji tədqiqatlar (2001-2002). Bakı: Nafta-Press, 2003.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]