Dizə nekropolu — Şərur rayonunda eyniadlı kəndin qərbində ilk tunc dövrünə aid arxeoloji abidə.
Dizə nekropolu | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Naxçıvan Muxtar Respublikası |
Aidiyyatı | Şərur rayonu |
Üslubu | Arxeoloji abidələr |
Kateqoriya | Qədim yaşayış məskəni |
Əhəmiyyəti | Region əhəmiyyətli |
|
Nekropol Dizə kəndindən qərbdə, Ovçular təpəsi yaşayış yerinin şimalında yerləşir. Abidə erkən tunc dövrünə aiddir. Yerüstü əlaməti olmadığından nekropolun sahəsini dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Abidə Ovçular təpəsinin Arpaçaya enən yamacında yerləşir. Nekropol qərb tərəfdən Arpaçayla məhdudlaşır.
Abidə 1969-cu ildə təsərrüfat işləri görülərkən təsadüfən aşkar olunmuşdur. Burada dağıdılmış iki qəbirin materialları R.B.Göyüşov və V.H.Əliyev tərəfindən nəşr edilmişdir. Birinci qəbirin kamerasının bir hissəsi salamat qalmışdı. Onun divarları çay daşlarından palçıqla hörülmüşdür. Qəbir kamerası şərq-qərb istiqamətində olub, tağşəkilli örtüklə tamamlanmışdır. Qəbir kamerasının döşəməsi palçıqla suvanmışdı. Saxlanmış sümük qalıqlarına əsasən demək olar ki, burada iki dəfn aparılmışdır. Bükülü vəziyyətdə olan skeletlərin başı cənub tərəfə yönəldilmişdir. Bu qəbirdən parç və banka tipli qablar tapılmışdır. Onların gilinə narın qum qatılaraq yaxşı bişirilmiş, xarici səthi cilalanmışdır. Bəzi qabların gövdəsinin yuxarı hissəsində yarımşar formalı qulpu var.
Aşkar olunmuş materialların təhlilinə əsasən demək olar ki, Dizə nekropolu Kür-Araz mədəniyyətinin ilk və orta mərhələsini əhatə edir. Nekropolu e.ə. IV minilliyin sonu III minilliyin əvvəllərinə aid etmək olar.