Elm və Din

Elm və Din münasibətləri — "Elm" termini "bilik" mənasına gəlir. Din isə burada ümumi olaraq səmavi dinləri nəzərdə tutur.

Elm və Din münasibətiləri haqqında

[redaktə | mənbəni redaktə et]

Bu mövzu "Din fəlsəfəsi" sahəsinin əsas mövzularındandır. Bəşəriyyət dünəndən bu günə varlıq, insan, Uca Yaradan Allah və bunların bir-biri ilə qarşılıqlı münasibətləri haqqında həmişə düşünmüş, aralarındakı sirli əlaqələri anlamağa çalışmışdır. Varlıq (Kainat) Cənabi-Allahın qüdrət və iradəsi ilə yazdığı bir kitabdır. Bu kitab Allahın müəyyən plan, proqram, ölçü və tarazlığa görə tənzimlədiyi əşya və hadisələr kitabıdır. Bununla yanaşı, Allahın bir də Kəlam sifətindən gələn Quran kitabı vardır. Allah bu Kitabı ilə insanlara kainatı izah edir, kainatdakı əşya və hadisələrə işıq tutur. Allah-Təala Quranda Kainatı nizam-intizamla yaratdığını bəyan edir.. Quran, kainat və insan Allahın isim və sifətlərinin müxtəlif şəkillərdə təcəlli etdiyi bir kitabdır. Fərqli üslüblarda yazılmış bu iki kitabı mütaliə edən də insandır. Bunlar bir-biri ilə sıx şəkildə münasibətdədirlər, bir-birini izah və şərh edirlər. Nəticədə, bunlar Allahı tanıdan üç kitabdır. Aralarında harmoniya və ahəng vardır. Elm varlıq və insan kitabını araşdıraraq təcrübələr nəticəsində bəzi həqiqətləri müəyyən edir. Müxtəlif araşdırma və təcrübələr nəticəsində əldə olunan məlumatlar isbat edilirsə, buna elm deyilir. İsbat edilməyənlər isə nəzəriyyə şəklində qalır.

Həqiqi elmlər Allahın kainatdakı icraatından, kainatdakı İlahi qanunlarla əşya və hadisələrin münasibətindən süzülmüş hesabatlardan ibarətdir. Həqiqət bu cür olduğu halda, bunları bir-birindən ayrı düşünmək olarmı, bunlar bir-birini təkzib edərmi? Müxtəlif sahələrdə inkişaf edən elmlər İslam dini ilə sıx, qarşılıqlı münasibətdədir. Hər nəzəriyyəni İslam dininin əsas mənbəyi olan Quran və Sünnəyə uyğunlaşdırmağa çalışmaq məqsədəuyğun deyil. Çünki bu vəziyyətdə isbat edilməyən hər hansı bir nəzəri fikir əsas götürüləcək, ayə və hədislər də bu fikrə uyğun şərh olunacaq. Əslində, bu tərsinə olmalıdır, yəni elmi nailiyyətlər və məlumatlar Quran, səhih Sünnə işığında şərh olunmalıdır. Çünki isbat edilməyən nəzəriyyələri elmi həqiqət kimi qəbul edib, Allahın bildirdiyi həqiqətləri onlara uyğunlaşdırmağa çalışmaq məqsədəuyğun deyil. Dinlə doğru elm bir həqiqətin iki fərqli üzü kimidir. Din insanı doğru yollarda gəzdirir və əbədi xoşbəxtliyə doğru aparır. Məqsədi və hədəfi müəyyən olan elm isə bir məşəl kimi bu yollarda onun önünü işıqlandırır.

Allah-Təala insan, varlıq və Yaradan haqqında doğru məlumat vermək üçün peyğəmbərlər göndərmişdir. Fövqəladə və xüsusi fitrətə sahib olan bu müstəsna insanların Qüdrəti Sonsuzla xüsusi münasibətləri vardır. Varlığın pərdə önü, pərdə arxası (görünən və görünməyən aləmlər) məna və mahiyyəti ilə bağlı ən doğru şərhləri və açıqlamaları onlar vermişlər.

Bəli, bu gün müasir elmlərin irəli sürdüyü nə qədər məlumatlar var ki, onları hələ çox əvvəllər xülasə şəklində peyğəmbərlər vəhyə əsaslanıb, batini elm və müstəsna fətanətləri ilə ortaya qoymuşlar. Bu gün müasir laboratoriyalar və inkişaf etmiş texnologiyalarla işləyən araşdırma mərkəzləri peyğəmbərlərin irəli sürdüyü həqiqətləri necə izah etməsindən asılı olmayaraq, milyonlarla insan hər şeyi onların xəbər və şərhləri çərçivəsində qiymətləndirir, xüsusilə, insan-kainat-Allah mövzusunda qeydsiz-şərtsiz onların dediklərini qəbul edir və arxasınca gedir.[1]

  1. "Elm və din arasindaki münasibət". 2022-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]