Animizm (lat. anima – ruh) — ruhun varlığına inancı bildirən termin. Animizmə görə, insanları, heyvanları, maddi aləmin digər cism və hadisələrini ruh idarə edir. Yəni ruhların mövcudluğu, onların heyvanların, insanların həyatına , ətraf aləmin predmetinə və hadisələrinə təsir etməsinə inancdır. İbtidai insan doğum, ölüm, bayılma, yuxu, xəstəlik və s. hadisələri bədəndəki ruhun fəaliyyəti ilə bağlayırdı. Axirət dünyasına, əcdada, təbiətə pərəstiş animizmin əsas ideyasıdır. İnsanın və heyvanın ruhu onun nəfəsində, qanında, bəzi orqanlarında (ürək, baş, gözlər), kölgəsində yerləşə bilərdi. "Animizm" terminini elmə ilk dəfə 18-ci əsrin əvvəllərində alman həkimi G. Ştal gətirmişdir. 19-cu əsrdə ingilis idealist filosofları, təkamülçülük nümayəndələri E. Taylor və H. Spenser A. nəzəriyyəsini inkişaf etdirmişlər. 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində yaranmış bir sıra nəzəriyyələrə görə, animizmdən əvvəl magiya (C. Frezer) olmuşdur. 20-ci əsrin ikinci yarısında animizm semiotika mövqeyindən öyrənilmişdir.
Animistik təsəvvürlər ibtidai cəmiyyətdə meydana gəlmişdir. Qədim insanların inancına görə, pərvanəni öldürmək olmazdı, çünki pərvanə evə gəlmiş dədə-baba ruhu sayılırdı. Animizmin bir çox ünsürlərinə xristian, islam və s. dinlərdə təsadüf edilir. Dünyanın bütün xalqlarının keçmişi üçün səciyyəvi olmuş bu dini görüşə görə dünyada hər şeyin (dağ, çay, dəniz, ağac və s.) ruhu vardır. Ona görə də qədim insanlar bu təbiət qüvvələrinə sitayiş edir və qurban kəsirdilər. Animizmin yaranmasının əsas səbəbi insanların təbiət və onun qanunları haqqında bilik ehtiyatlarının az olması olmuşdur. İnsanlar yabancı təsəvvür etdiyi kor-təbii təbiət qüvvələrinə qarşı durmağa qabil deyildilər. Bu qüvvələrin canlandırılması cəmiyyətin inkişafının müəyyən pilləsində həmin qüvvələrin mənimsəmə forması olmuşdur. Animistik təsəvvürlər bütün dini etiqadların əsasını təşkil etmişdir.
Animizm – elə bir inama əsaslanır ki, insanın, xüsusilə ölünün ruhunun əbədilik mövcudluğu ön plana çəkilir və zənn edilir ki, cismən bədən fəaliyyətini dayandırsa da, ruh real dünyada yaşamaqda davam edir, lakin məhsuldarlığını itirmiş olur. Animizm bütün varlıqlarda ruhun mövcudluğuna inancına əsaslanır.
Animizmin ilk elmi təhlilini E. Teylor vermişdir. Onun öz təlimində iki ehkamı qabardır:
Animizmdə təbiət qüvvələri, bitkilər, bir çox cansız predmetlər, heyvanlar şüurlu başlanğıca malik hesab edilir və fövqəltəbii xüsusiyyətlərin icraçılarına çevrilir. Rituallar insanlar və ruhlar arasında əlaqə saxlamaq üçün həyata keçirilir. Yerli xalqlar ruhları sakitləşdirmək və ovçuluq və müalicə kimi fəaliyyətlər zamanı onlardan kömək istəmək üçün tez-tez bu ritualları yerinə yetirirlər. Arktika bölgəsində heyvanların ruhlarına hörmət göstərmək üçün ovdan əvvəl müəyyən rituallar geniş yayılmışdır.[1]
Qədim türk xalqlarının mənəvi həyatında animizm dini də mühüm yer tuturdu.
Azərbaycan ərazisində ilk animistik təsəvvürlər e.ə. 5–4-cü minilliklərdə yaranmışdır. Animistik görüşlər Azərbaycanda hər sahədə özünə geniş yer almışdır. Folklorun epik, lirik ənənəsində, mərasimlərdə, oyun və tamaşalarda, canlı danışıqda, mədəniyyətin bütün formalarına aid nümunələrdə cansız varlıqların şüurlu başlanğıca malikliyi ideyasına təsadüf edilir.[2] Məsələn, əncir ağacını kəsəndə "Ruhu səni tutacaq" qənaətinə gəlirlər. Gecə yerə qaynar su atanda "Torpağın ruhunu incitdin" deyirlər. Quşa daş atanda "Onun ruhundan qorx!.." xəbərdarlığını edirlər. Azərbaycan xalqını formalaşdıran bəzi etnik qrupların Tanrıçılığa və İslama qədərki dini dəfn adətlərində həyatın o biri dünyada davam etdirilməsinə güclü inam var idi. "Kitabi-Dədə Qorqud"da (XI boyda) Qazan xanı əsir alıb quyuya salan türk tayfasının inamına görə, yeraltı aləmdə günlərini daha xoş keçirmələri üçün ölülər gerçək dünyanın nemətləri ilə təmin olunurdular.[3]