Ermənistanda LGBT tarixi — müxtəlif dövrlərdə erməni cəmiyyətində homoseksuallıqla bağlı məlumatları əhatə edir.Ermənistan Respublikasının qurulmasından sonra konstitusiyanın homoseksualizm əleyhinə 116-cı maddə nəzərdə tutulmuşdu. 2003-cü ildə homoseksuallığı qadağan edən qanun Robert Koçaryan tərəfindən Cinayət Məcəlləsindən çıxarılmışdır.
İkiçayarası xalqlarının ən qədim nəsr nümunələrindən olan Gilqameş dastanında xalq qəhrəmanı Gilqameşla güclü döyüşçü Enkidu arasındakı əfsanəvi məhəbbətdən söz açılır.[1][2] Sevgilisi Enkidunun ölümü bu cür təsvir edilir: "Gilqamış özünü yerə çırpır, paltarlarını cırır, saçlarını yolur".[3] Bu dastan bir müddət sonra Mesopotamiya taryfalarının ünsiyyətdə olduğu bütün yaxın ərazilərdə sürətlə yayılmış və şöhrət qazanmış[4][5], həmçinin Erməni ədəbiyyatına da təsir göstərmişdir.[6][7]
E.ə IV əsrdə Makedoniyalı İsgəndərin geniş Əhəməni torpaqlarını da imperiyasının tərkibinə qatması bu ərazilərdə yeni mədəniyyətin yayılması ilə müşahidə edilir.[8] Böyük İsgəndərin yürüşləri nəticəsində yayılan Ellinizm mədəniyyəti, Qədim Yunanıstan mədəniyyətindən gələn[9][10][11] homoseksual münasibətlərin təbliği və yayılmasında ciddi rol oynamışdır.[12][13] Romanın Ermənistana yürüşləri və bu ərazini əsarəti altına alması, imperator Adrianın (117–138) öz həmcinsiylə təntənəli şəkildə evləndiyi dövrə təsadüf edir.[14]
B.e. III əsrindən etibarən Ermənistanda Maniçilik yayılmağa başlayır və sonradan manixeylər cinsi nizamsızlıq və homoseksuallıqda günahlandırılırlar.[15]
VIII əsrdən Ermənistanın Ərəb Xilafətinin tərkibinə daxil olur. İslam dini eynicinsli əlaqələri birmənalı olaraq qadağan etsə də, hakim dairələrdə və saraylara bu cür əlaqələrin gizli olaraq davam etdirilməsi haqqında bəzi məlumatlar dövrümüzə çatmışdır. Dövrün məşhur tarixçisi İsgəndər böyük oğlu üçün yazdığı "Şahzadələr üçün güzgü" əsərində "qadın və ya gənc oğlan olsun, fərqi yoxdur, həzz almağından qalma. Qışda oğlanlarla, yayda isə qadınlarla vaxtını keçir" deyirdi.[16]
I Şah Abbasın 1599–1601-ci illərdə Böyük Moskva knyazlığı və Avropa ölkələrinə göndərdiyi diplomatik nümayəndə heyətinin I Katibi olan, Qərbdə Don Juan de Persiya adıyla tanınan Oruc bəy Bayat 1604-cü ildə İspaniyada nəşr etdirdiyi xatirələrində yazır: "Əlbəttə çoxları kimi durub hamambaşı fars Aləmdarın yanına gedə, bir abbasıya erməni, rumlu oğlanlarla nəfsimi öldürə, ya da Culfa adlanan erməni məhəlləsində Maronun say- seçmə qızlarıyala şərab içib gecəyarıyacan hər şey unuda bilərdim"[17]
Romanovların hakimiyyətdə olduğu Çar Rusiyasında orta əsrlərdən bəri gizli həyat keçirən homoseksuallar, kilsənin də gücünün zəifləməsindən istifadə edərək fəallaşmağa başlamışdılar. Hələ I Pyotrun hakimiyyəti zamanında, 1716-cı ildə çarlıqda ilk dəfə homoseksuallıqla bağlı qanun imzalamışdı. Qanuna görə, orduda homoseksuallıq qadağan edilirdi.[18]
1920–1991-ci illərdə Ermənistan SSRİ-nin tərkbində olub. Lenin I Nikolayın 1832-ci ildə imzaladığı homoseksuallığı qadağan edən qanununu ləğv etdi.[19] Lenin ölümündən sonra hakimiyyətə gələn Stalin 1934-cü ildə bütün SSRİ-də kişilər arasında homoseksuallığı qadağan etdi. Sovet Cəza Qanununun 121-ci maddəsində homoseksuallıq (sodomçuluq) dövlətə qarşı edilən cinayət hesab edilir, 5 il həbs cəzası və həmin müddətdə ağır şərtlərdə icbari əməklə cəzalandırılırdı. Sosialistlər bunu Qərbin, kapitalizmin əməli olduğunu bildirirdilər. Avropada və Amerikada 1968-ci ildən fəallaşmağa başlayan homoseksual birliklər və kiçik lobbilər SSRİ-dəki insan hüquqlarıyla bağlı problemləri də dünya mediasında işıqlandırmağa başladılar.[20]
Ermənistan Respublikasının qurulmasından sonra konstitusiyanın homoseksualizm əlehinə 116-cı maddə nəzərdə tutulmuşdu.[21] 2003-ci il, homoseksuallığı qadağan edən qanun Cinayət Məcəlləsindən çıxarıldı[22]
2006-cı ildə Fransadan olan erməni gay cütlük Üçkilsə kafedralında nikah mərasimi həyata keçirmişdir.[23][24] "168 Zham" (168 Saat) qəzetinin bu haqqda məlumat yayması ölkədə qalmaqala səbəb olmuşdur.[25]
2007-ci ildə Ermənistanda cinsi oriyentasiyaya görə diskriminasiya ilə mübarizə üçün nəzərdə tutulmuş və LGBT insanlarının hüquqları üçün mübarizə aparan "Pink Armenia" adlı QHT-nın əsası qoyulmuşdur.[26]
8 may 2012-ci ildə İrəvanda LGBT insanlarının toplaşdığı "DIY" adlı bara terror hücumu təşkil edilmiş və aktivist Marina Burutyan bu hadisənin arxasında Daşnaksutyun partiyasının dayandığını açıqlayaraq "erməni millətçilərinin homofobik mövqedə durduqları"nı bildirmişdir.[27] 22 may 2012-ci ildə İrəvanda ilk gey prayd keçirilməsinə cəhd edilmiş, lakin bunun qarşısı alınmışdır. Tədbirin təşkilatçıları əvvəlcə yürüşün başqa məqsəd daşıdığını açıqlasalar da, sonradan yürüş iştirakçılarının səsləndirdikləri şüarlar qalmaqala səbəb olmuş və yürüş yarımçıq dayandırılmışdır.[28]
2013-cü ildə "İctimai informasiya və Bilik ehtiyacı" QHT-nın yaydığı illik hesabatda müasir Ermənistanda LGBT insanlarının acınacaqlı vəziyyəti aşağıdakı fikirlərlə ifadə edilir: "Ermənistanda şəxsi oriyentasiya və gender identikliyi məsələlərinə əsasən mənfi yanaşılır, LGBT hüquq müdafiəçilərinə "xalq düşməni" kimi baxılır, LGBT insanları isə cəmiyyətin düşməni kimi qəbul edilir. Nəticədə ictimai həyatın istənilən sahəsi LGBT insanları üçün diskriminasiya, təhqir və təzyiq yerinə çevrilmişdir. Dövlət rəsmilərinin açıqlamaları isə yalnız LGBT insanlarının hüquqlarının pozulmasının əsaslandırılmasına hədəflənir."[29]
Qədim dövrlərdə olduğu kimi, müasir erməni cəmiyyətində də güclü mövqeyə və təsir dairəsinə malik olan Erməni Qriqoryan Kilsəsi homoseksualizmə qarşı sərt mövqedə dayanaraq, eynicinsli münasibətləri "xəstəlik" hesab edir, lakin cəmiyyətdə kilsənin bu mövqeyinə qarşı çıxan və mübarizə aparan müxtəlif şəxslər və təşkilarlar mövcuddur.[30]
3 dekabr 2013-cü ildə İrəvanda Rusiya əlehinə keçirilən "#PUTinOUT" etiraz kompaniyası çərçivəsində Ermənistan tarixində ilk dəfə etirazçılar meydana LGBT bayraqları ilə çıxmışlar.[31] 2013-cü ildə Nyu-York Erməni Gey və Lezbiyan Assosasiyasının təşkilatçılığı ilə[32] aralarında musiqiçi Serj Tankyan, şairə Dianna der Hovannisyan, aktrisa və prodüsser Arsine Xançiyan və rejissor Atom Eqoyanın da olduğu Erməni diasporunun ən tanınmış nümayəndələri Ermənistan prezidentinə açıq müraciət ünvanlayaraq Ermənistanda LGBT hüquqlarının tanınmasını tələb etmişlər.[33][34]
2014-cü ildə erməni trans oğlan T. J. Curiyanın adı illik təşkil edilən və dünyanın yaşayan ən nüfuzlu trans şəxslərinin göstərildiyi "Trans 100" siyahısına daxil edilmişdir.[35]
Ən qədim dövrlərdən erməni mədəniyyətində fallos kultunun olması haqqında məlumatlar vardır. Belə ki, Qədim Yunanıstan mədəniyyətindəki mimlərdə olduğu kimi, ermənilər arasında geniş yayılmış qusanlar adlandırılan küçə aktyorları da, fallos formal geyimlər geyinirdilər. Lakin bu simvolun Ermənistanda daha qədimlərə gedən tarixi olduğunu iddia etmək üçün əsas vardır. Belə ki, Nərədüz yaxınlığında yerləşən Müqəddəs Minas monastırında, Göyçə gölünün cənubunda, Zəngəzur ərazisindəki Ardzevəng kəndində fallos formalı daş stellalar aşkarlanmışdır. Qars ərazisindəki Sarıqamış kəndi yaxınlığında arxeoloji qazıntılar zamanı isə bürünc fallos fiqurları və bu formalı paltar geyinmiş kişi heykəlcikləri aşkarlanmışdır. Sonrakı dövrdə bu cür təsvirlər erməni miniatür sənətində və digər təsviri sənət sahələrində də meydana çıxır. Belə ki, 1410-cu ilə aid Bibliya əlyazmasında orkestrin müşayiət etdiyi qusan məhz bu cür geyimdə təsvir edilir. Həmçinin Ağdamar kilsəsindəki 915–921-ci illərə aid çılpaq Vəftizçi İohann freskasını və Eçmiədzin İncilində Makar və Markos tərəfindən çəkilmiş Adəm təsvirləri də bu xüsusiyyətinə görə diqqət çəkir.[36]
1973-cü ildə məşhur erməni rejissoru, Ermənistan və Ukraynanın Xalq Artisti Sergey Paracanov homoseksuallığını gizlətmədiyinə görə İrəvandan Kiyevə gələrkən həbs edilmişdi.[37][38] Sənətkarın beş illik həbs cəzasına məhkum edilməsinə dünyanın ən nüfuzlu sənət xadimləri etiraz etmişlər. Fransua Trüffo, Jan-Lük Qodar, Federiko Fellini, Lukino Viskonti, Roberto Rossellini, Mikelancelo Antonioni, Andrey Tarkovski və Lui Araqon Brejnevə məktubla müraciət edərək Paracanovun azad edilməsini xahiş etmişdilər və yalnız bundan sonra 30 dekabr 1977-ci ildə Paracanov azadlığa buraxılmışdır.[39].
2009-cu ildə Ermənistanın İsveçrədəki səfiri, erməni mənşəli müğənni Şarl Aznavur "The New York Times"a verdiyi müsahibədə eynicinsli sevgiyə həsr etdiyi ilk mahnısından bəhs etmişdir.[40][41]