Fəxrəddin Manafov

Manafov Fəxrəddin Manaf oğluAzərbaycan teatr və kino aktyoru,[2] Azərbaycan SSR əməkdar artisti (1987), Azərbaycan Respublikasının Xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006).

Fəxrəddin Manafov
Fəxrəddin Manaf oğlu Manafov
Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı. 1 mart 2019-cu il[1].
Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı. 1 mart 2019-cu il[1].
Digər adı Fərhad Manafov
Doğum tarixi (69 yaş)
Doğum yeri Həsənabad, Xankəndi, Azərbaycan SSR
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1977—h.h.
Təhsili M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2000 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1987
IMDb ID0541250
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Fəxrəddin Manafov fanatları ilə görüşdə doğum gününü qeyd edərkən, 2 avqust 2017

Fəxrəddin Manafov 2 avqust 1955-ci ildə Xankəndidə çoxuşaqlı ailədə anadan olub. Bir müddət sonra isə ailə Bakıya köçüb. Uşaqlıqdan futbola böyük marağı olub. Çox yaxşı futbol oynayırmış. Hətta yaxın adamlar, ailə üzvləri onun gələcəkdə futbolçu olacağını düşünürmüşlər. 16 yaşı olarkən, 1971-ci ildə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik Aktyorlar evində kinomexanik kimi işə düzələn Fəxrəddin bir müddət sonra Almaniyaya hərbi xidmətə yola düşmüşdür. Hərbi xidmətdən qayıdıb sənədlərini M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna vermiş və 1975-1980-ci illərdə orada ali təhsil almışdır. Tələbəlik illərində, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərmişdir. 1980-ci ildə ali təhsilini başa vurub aktyorlar evindəki fəaliyyətini davam etdirmişdir. Orada rejissor Vaqif İbrahimoğlu ilə tanış olan F.Manafov bir müddət sonra Vaqif İbrahimoğlunun quruluşunda “Ac həriflər” tamaşasında səhnəyə çıxır. Aktyor müsahibələrinin birində həmin illəri belə xatırlayır:

“İlk dəfə aktyor evinin foyesində səhnəyə çıxanda o dövrün böyük sənətkarları Mehdi Məmmədov, Şəmsi Bədəlbəylini orda gördüm. Onların hamısı bilirdi ki, mən orda işləyirəm. Ancaq birdən-birə Vaqifin quruluşunda hazırlanan “Ac həriflər” tamaşasında səhnəyə çıxdım. Orda bir neçə sözü olan rol ifa edirdim. Yadımda deyil, ya Mehdi müəllim, ya da Şəmsi müəllim dedi ki, Fəxrəddinə deyin, səhnədən çıxsın, tamaşa gedir. Onda ətrafdakılar onlara dedilər ki, o da tamaşada iştirak edir. Vaqif məni səhnəyə belə gətirdi”.[3].

Bir müddət sonra Fəxrəddin Manafov Vaqif İbrahimoğlunun yaratdığı "Yuğ" teatrında aktyor kimi fəaliyyət göstərməyə başlayır. Beləliklə, 1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyir. Ona ən çox uğur gətirən teatrda hazırlanan “Şəhriyar” tamaşasında ifa etdiyi Məhəmmədhüseyn Şəhriyar rolu olur. O vaxt İran səfiri həmin tamaşaya baxandan sonra deyir: “Fəxrəddin eyni ilə Şəhriyarın cavanlığıdır”. Ancaq həmin illərdə aktyor xeyli çətinlik yaşamış, kasıb həyat tərzi sürmüşdür. 68 manat, 40 qəpik maaş alan aktyorun məvacibi ona bəs etmir. Hər gün anasının verdiyi bir manata özünə dörd peraşki alır, gününü həmin peraşkilərlə yola verir. Tədris teatrında işlədiyi günlərin birində isə o, səhnədə huşunu itirib yıxılır. Həkim onu yoxlayanda, məlum olur ki, aktyorun aclıqdan ürəyi gedib. 1998-ci ildə Slovakiyada yaşayanda atasının ölüm xəbəri gəlir. Qardaşı ilə Azərbaycana gələn aktyor atasını dəfn edəndən sonra anası ilə söhbətləşir. Anası ona deyir ki, atanın ilini verəndən sonra mən də gedəcəm. Aktyorun atasının ölümündən bir il, bir ay keçir və ananın ölüm xəbəri gəlir...[3]

1977-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilir. "Evləri köndələn yar", "İşgüzar səfər", "Park", "Şeytan göz qabağında", "Ölsəm bağışla", "Təhminə", "Otel otağı", "Dronqo", "Qraf Krestovski", "Əlvida, cənub şəhəri", "Hökmdarın taleyi", "Sübhün səfiri", "Mahmud və Məryəm" kimi ekran işlərində iştirak edib. Aktyora ən böyük uğuru isə, “Ölsəm bağışla” və “Təhminə” filmlərindəki rolları gətirmişdir.

1987-ci ildə Azərbaycan SSR-nin əməkdar artisti, 2000-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülub. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Fəxrəddin Manafov gənclik illərində Tədris teatrında işləyən vaxt Vahidə adlı xanımla tanış olur. Vahidə xanım da həmin teatrda aktrisa kimi fəaliyyət göstərir. Sonradan məşhur diktora çevrilən Vahidə xanımla Fəxrəddin Manafov ailə həyatı qururlar. Onların heç bir zaman övladı olmur. Vahidə xanım dəfələrlə aktyora başqa qadınla evlənməyi təklif etsə də, Xalq artisti xanımının bu istəyini qətiyyətlə rədd edir. Bir-birlərinə böyük məhəbbəti olan cütlüyün bu sevgisi illərlə davam edir. Fəxrəddin Manafov xanımı haqqında müsahibələrinin birində deyir:

“Hər bir insanın bir neçə örtülü qapısı olur. Mənim bircə qapım var ki, o qapı Vahidəyə açılır. O qapını açıb nə istədiyimi deyə bilərəm. Təsəvvür et ki, qaranlıq bir guşədir, mən sadəcə başımı o guşəyə salıb bütün ağrımı, sevincimi, sirrimi, arzularımı həmin qaranlığa deyə bilirəm. Hərçənd ki, Vahidə onların hamısını bilir. Mən insani tərəfdən çox peşmanlıq çəkmişəm. Yəni elə şeylər vardı ki, eləməməliydim. Etmişəm, amma mövqeyim düz idi. Düzdür, Vahidə mənə deyir ki, sən düz etmisən, hətta insan kimi də, dost kimi də doğru etmisən. Amma mənim elədiyim bu günə kimi məni ağrıdır. Vahidə mənim sirli ensiklopediyam, kitabımdı. Onun haqqında həyatım, sevdiyim insan sözlərini demirəm. Bunu demək artıqdı. Çünki bunlar onsuz da belədi. O, çox böyük qadındı. Mənə çox böyük köməyi dəyib”.[3]

3 mart, 2021-ci ildə aktyorun həyat yoldaşı Vahidə Manafova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişir. Bu itki Xalq artisti üçün ağır olur. O, müsahibələrinin birində deyir: “Mənim ən yaxınım, böyük ağrı ilə deyirəm ki, dünyasını dəyişdi. Bu, həyat yoldaşım Vahidə xanım idi. Mən hər gün səhər gözümü açanda da, gecə yuxuda da, yatmazdan qabaq da bu ağrını yaşayıram. Fikirləşirəm ki, artıq qəribə bir ömür başlayıb həyatımda... Mən hətta ən yaxınlarıma, anama və atama belə demədiklərimi Vahidəyə deyirdim. Amma artıq bu gün bunları deyə biləcək kimsəm yoxdur”.

  1. Arzunu yarat (film, 1977)
  2. Üzeyir ömrü (film, 1981)
  3. Evləri köndələn yar (film, 1982) — Şamil
  4. İşgüzar səfər (film, 1982) — Ənvər
  5. Qaladan tapılan mücrü (film, 1982) — Nuriyev
  6. Qocalar, qocalar... (film, 1982) — Eldar
  7. Ömrün yolları (film, 1982) — Natiq
  8. Gəmi saatının sirri (film, 1983)
  9. Park (film, 1983) — Marat
  10. Köhnə bərə (film, 1984) — Eldar
  11. Tənha narın nağılı (film, 1984)
  12. Əlvida, yaşıl yay (film, 1985)
  13. İşarəni dənizdən gözləyin (film, 1986) — Şəfibəyov
  14. Qəm pəncərəsi (film, 1986) — Kefli İsgəndər
  15. Şəhərli biçinçilər (film, 1986) — Mədət
  16. ...Əks-səda doğuracaq (film, 1987)
  17. Şeytan göz qabağında (film, 1987) — Teymur
  18. Özgə ömür (film, 1987) — Tahirbəyov
  19. Alman klinikasına şəxsi səfər (film, 1988)
  20. Meyl (film, 1988)
  21. Doğma sahillər (film, 1989)
  22. Lətifə (film, 1989)
  23. Ölsəm... bağışla (film, 1989) — Yusif
  24. Təxribat (film, 1989)
  25. Gecə qatarında qətl (film, 1990) — Rüstəm
  26. Qətldən yeddi gün sonra (film, 1991) — Rauf
  27. Qəzəlxan (film, 1991)
  28. Dünən, bu gün, sabah (film, 1992)
  29. Təhminə (film, 1993) — Zaur
  30. Nigarançılıq (film, 1998)
  31. Otel otağı (film, 1998) — Kərim Əsgəroğlu
  32. Etimad telefonu (film, 2001) — Farik
  33. Dronqo (serial, 2002) (Rusiya) — Narkobaron Sadıqov
  34. Bir anın həqiqəti (film, 2003) — Mahir Cavadov
  35. Ovsunçu (film, 2002)
  36. Əkizlər (film, 2004) (Rusiya) — Ruslan Xocayev
  37. Qraf Krestovski (teleserial, 2004) — "NTV"(Rusiya, 2004)
  38. Əlvida, cənub şəhəri (film, 2006) — Rza
  39. Çalış, nəfəs alma (film, 2006)
  40. Hökmdarın taleyi (film, 2008) — İbrahim xan
  41. Silah (film, 2008) (Rusiya)
  42. Sübhün səfiri (film, 2012)Abbasqulu ağa Bakıxanov
  43. Mahmud və Məryəm (film, 2013) — Ziyad xan
  44. Həyat çiçəyi (teleserial, 2013) — Aslan Quliyev
  45. Beş dəqiqə (film, 2015)
  46. Əli və Nino (film, 2015)
  47. Son səhnə (film)
  48. Birlikdə (film, 2024)
  1. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər Arxivləşdirilib 2023-06-28 at the Wayback Machine. president.az, 01.03.2019  (az.)
  2. Fəxrəddin Manafovun 60 yaşı tamam oldu: [Xalq artistinin yubileyi münasibətilə] //Hürriyyət.- 2015.- 3-6 avqust.- S.14.
  3. 1 2 3 "Aclıqdan ürəyi getdi, yoldaşı ona başqa qadınla evlənməyi təklif etdi – Rasim Ocaqovu niyə əsəbiləşdirdi?". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]