Gəgəli

GəgəliAzərbaycan Respublikasının Ağsu rayonunun Gəgəli kənd inzibati ərazi dairəsində kənd.[2]

Gəgəli
40°32′32″ şm. e. 48°29′46″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 153 m
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0618[1]
Xəritəni göstər/gizlə
Gəgəli xəritədə
Gəgəli
Gəgəli
Gəgəli kəndinin görünüşü

Ləngəbiz silsiləsinin ətəyindədir.

Nərgizava nekropolunda qazıntılar. 2018-ci il

Gəgəli kəndinin əsasını Axtaçı oymaqından olan padarlar qoymuşdur. Dördüncü Axtaçı obası olan Axtaçı-Gəgəli obası yaylaqlarının adı ilə sonradan Gəgəli adlanmışdır. 1821, 1831-ci il siyahıalınmalarında Axtaçı, 1847, 1863, 1874, 1886-cı il siyahıyalınmalarında isə kəndin adı Axtaçı-Gəgəli kimi qeydə alınmışdır. Kənd əhalisinin müxtəlif yerlərdən köçməsi haqqında rəvayətlər siyahıyalınmalarda öz əksini tapmamışdır. Artıq XIX əsrin 40-50-ci illərindən başlayaraq Gəgəli adlı Axtaçı obası Ağsu və Bico kəndləri arasındakı yazlaq sahəsini daimi binə yeri seçmişdir. Həmin binə yeri antik dövr Nərgizava yaşayış yerinin qalıqlarını tamam əhatə edir və Yasamal torpağı adlanır. 1862-63-cü illərin rəsmi dövlət sənədində belə arayış var: «Bakı Quberniyasının Yerölçmə Mütəxəssisi cənablarına. Xançoban dairəsi Gəgəli obasının sakinləri Şamaxı Qəza Rəisi cənablarına Yasamal adlanan məxsusi torpaqda və icma qışlaqlarında oturaq həyata başlamağa icazə haqqında ərizə ilə müraciət etmişlər. Şamaxı Qəza Rəisinin topladığı məlumatlardan aydın olur ki: 1. Yasamal torpağı Gəgəlilərə məxsus olub, təxminən 2,25 verst (2,4 km) uzunluğunda və 2,5 verst (2,6 km) enində sahəni əhatə edir. O şərqdən Qobu-Yasamal, qərbdən Mollalar obasına məxsus torpaqlar, cənubdan Söyüdlü-Arx və şimaldan Qərib-Yalı adlanan dərə ilə sərhəddir. 2. Gəgəlilərin istifadə etdiyi Qobu-Qışlaq, Həsən-Təpəsi, Çoban-Təpəsi, Şirin-Əli, Buğnuca, Yarımca-Amdam adlı qışlaqlar şərqdən Hacı Qədirli obasının torpaqları, qərbdən Ərəb obasının torpaqları, cənubdan Cani-Qobusu, şimaldan Şamaxıya gedən yolla sərhəd olub, 6,5 verst (6,9 km) uzunluğunda və 6 verst (6,4 km) enində sahəni əhatə edir. 3. Baxmayaraq ki, yuxarıda təsvir olunmuş torpağın yaxınlığında tarlaları suvarmaq üçün su var, amma istifadə üçün yararsızdır. Odur ki, lazım olan içməli suyu Ağsu çayından gəgəlilərin çoxdan çəkdikləri Ömər-Laic və Qazan-Arxı adlı arxlar vasitəsilə götürürlər. 4. Şamaxı Qəza Rəisinin təminatına görə yuxarıda adı çəkilən torpaqda məskunlaşan 74 ailə ətraf sakinlərdən heç kimi sıxışdırmayıblar. Şamaxı Qəza Rəisinin keçən 31 yanvar 602 saylı raportuna əsasən Sizin Cənabınıza əmr edirəm ki, yuxarıda adı çəkilən torpağın planını çəkəsiniz və gəgəlilərə qanuna uyğun hər ailəyə 25 desyatin (27 hektar) olmaqla bölüb verəsiniz. Planı əllə çəkilmiş layihə ilə birlikdə Quberniya idarəsinə iki nüsxədə gələcək sərəncamlar üçün təqdim edəsiniz. Qubernator əvəzi - Vitse Qubernator Müşavir və Stolonaçalnik əvəzi».

Əhalisi tarixən qışlaq, yaylaq və yazlaq torpaqlarında maldarlıqla məşğul olmuş bu türk obasının bəzi folklor nümunələri özünəməxsusluq təşkil edir. Axır çərşənbədə oturma hadisəsi və insanlarla yanaşı heyvanların da çərşənbə tonqalından keçirilməsi adətinin təhlili bu obanın timsalında əski türklərdə axır çərşənbə mərasiminin necə önəmə malik olduğunu görməyə imkan verir.

Axtaçı adının etimologiyası, yerləşdiyi coğrafi məkanın tarixi, axır çərşənbədə gecənin qaranlığından səhərin alatoranına qədər oturmaq, insanların və ev heyvanlarının iki odun arasından keçməsi, atın gövşəməsinə inam kimi folklor hadisələri haqqında maraqlı etnoqrafik müşahidələr vardır. 2015-ci ildən başlayaraq hər il ənənəvi olaraq Gəgəli kəndində Tərəkəmə Çərşənbəsi Beynəlxalq Folklor festivalı keçirilir.

Gəgəli kəndinin Bico kəndinin əkin sahələrindən görünüşü

Antik və ilk orta Nərgizava yaşayış yeri və nekropolu

[redaktə | mənbəni redaktə et]
Gəgəli və Bico kəndlərinin ərazilərini ayıran Bicodərəsi çayının yatağı

Bico kəndi ilə Gəgəli kəndi ərazisində, Gəgəli kəndindən təxminən 2 km cənubi-şərqdə, Bico və Gəgəli kəndinin sakinləri tərəfindən "Nərgizava" adlandırılan, Bicodərəsi ilə Yasamal adlı qobuluq ərazidə qədim yaşayış məskəni yerləşir. 10 hektardan geniş bir sahəni əhatə edən bu ərazinin böyük bir hissəsi Bico və Gəgəli kəndlərinin sakinləri tərəfindən uzun müddət əkin məqsədləri üçün şumlandığına görə, abidənin tarixi-mədəni təbəqəsi güclü dağıntıya məruz qalmışdır. Buna baxmayaraq, 1997-2010-cu illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu ekspedisiyası tərəfindən aparılmış genişmiqyaslı arxeoloji tədqiqatlar nəticəsində ərazinin indiki Gəgəli kəndi ərazisindəki hissəsində aşkarlanmış, b.e.ə. III-II əsrlərə aid 69 torpaq tipli qəbir, xeyli miqdarda və müxtəlif növdən olan daş, saxsı və metal məmulatları burada qədim və inkişaf etmiş mədəniyyətə malik yaşayış məskəninin mövcud olduğundan xəbər verir. Nərgizava şəhərinin dağılması 1192-ci ilin dağıdıcı zəlzələsi və 1221-ci ildən başlayan monqol-tatar yürüşləri ilə əlaqələndirilir.

Gəgəli 20-ci əsrin əvvəllərində

[redaktə | mənbəni redaktə et]

20-ci əsrin əvvəllərində ermənilərin yaşadığı Xankəndi, Dərəkərkənc və başqa erməni kəndlərindən Gəgəliyə bir-neçə dəfə hücumlar edilmiş, lakin layiqli cavablarını almışlar. Həmin vaxtlarda Gəgəlili Səfərin adı ermənilər üçün xoşagəlməz hadisələrlə xatırlanır. 1918-ci ilin martında Bakıdan Kürdəmir yolu ilə Şamaxıya qayıdan 400 nəfərlik erməni hərbi dəstəsi bir-çox kəndləri o cümlədən Ləngəbizi talan etsələr də, Bico kəndində Pirəmsaq döyüşündə bicolular tərəfindən darmadağın edildiyi üçün Gəgəli kəndi bu basqından salamat qurtarmışdır.

1918-1920-ci illərdə Azərbaycan Xalq Cumhuriyyətinin ordusunda xudmət edən, Gəgəlidən olan Məmmədsadıq Sadıqovun, Əlimusa Cəbiyevin, Allahverən Eminalıoğlunun, Yusif Cəbrayılovun, Köşək Musaoğlunun, Omar Məmmədoğlunun adı Musavat əsgərləri kimi xatırlanır.

1926-ci ildə Gəgəli kəndindəki yaşlılar məktəbinə Canalı Mirzəyevin (1908-1996) direktor təyin edilməsi barədə vəsiqə

Əvvəllər Kürdəmir rayonunun inzibati ərazi vahidliyinə daxil olub. Ağsu rayonu yaradıldıqdan sonra bu rayonun ən böyük kənd inzibati vahidlərindən biri olub.

Gəgəlidə ilk məktəb 1924-cü ildə yaşlılar üçün təsis edilib. 1932-ci ildə Gəgəlidə tam olmayan orta məktəb açılır. Məktəbdə təshilin təşkili 1939-cu ilədək burada direktor vəzifəsində çalışan Canalı Mirzəyevə (1908-1996) həvalə edilir. O, əvvəllər də, hələ 18 yaşı olarkən (1926-27-ci illərdə) Gəgəli yaşlılar məktəbinin direktoru olmuşdu. İkinci dünya müharibəsinin ağır illərində tamamilə fəaliyyətsiz hala düşmüş Gəgəli məktəbinin fəaliyyətinin yenidən bərpa edilməsi də 1947-ci ildə yenidən Canalı müəllimə həvalə edilir.

Əhalisinin sayına görə Gəgəli Ağsu rayonunun ən böyük kənd məntəqəsidir. Burada 3500 nəfərə yaxın sakin yaşayır.

  • 1. V.H. Əliyev, F.S.Xəlilov "Ağsunun tarixi səhifələri" - Bakı, "ADĠLOĞLU" nəşriyyatı - 2001, 94 səh.
  • 2. AMEA-nın "Tarix-Fəlsəfə-Hüquq" seriyası, 1990-cı il, №1.
  • 3. Fariz Xəlilli "Qədim Nərgizava və Gəgəli" - Bakı, "ADĠLOĞLU" nəşriyyatı - 2003, 38 səh.
  • 4. Canalı Mirzəliyev "Gözəl Ağsu", Bakı, "Gənclik" nəşriyyatı-2003, 311 s.
  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]