Kipu

Kipu (keçua "khipu" -> isp. "quipu" – "düyün", "düyünləmək", "say"; aym. "chino" – "çino"[4]Andların dağlıq sistemində yaşamış inklərin və onların sələflərinin qədim mnemonik və say sistemidir (say avadanlığı olan yupana ilə birgə). Pambıqdan və ya dəvəkimilər (alpakalama) yunundan hazırlanan mürəkkəb ip sarmaşıqları və düyünlərindən ibarət özünəməxsus yazı növüdür. Fərqli sayda sallanan saplara malik ola bilər: bir neçəsindən tutmuş 2500-ə dək. Xüsusi tərzdə salınmış imperiya yolları vasitəsilə çapar çaskilər tərəfindən məlumatların ötürülməsi üçün, həmçinin ictimai həyatın müxtəlif aspektlərində (təqvim, topoqrafik sistem, vergilərinqanunların təsbit edilməsi) istifadə edilirdi. İspan xronistlərindən biri olan Xose de Akosta yazırdı ki, bütün ink imperiyası kipu vasitəsilə idarə edilirdi[5] və heç kim düyünlə hesab aparanlardan qaça bilməzdi[6].

kipu
Dillər keçua, aymara (Kolya krallığı), pukina?
Yarandığı yer Mərkəzi Andlar, Karal
Ərazi Karal, Parakas, Uari, Kolya (Aymara), İnklər imperiyası
Yaradan İnka Mayta Kapaka[1] zəmanəsinin müdriki - əfsanəvi İlya
Yaranma tarixi e.ə III-cü minillik
Dövr e.ə III-cü minillik[2] - e. XVIII-ci əsri[3] (bəzi növləri indiyədək istifadə olunur)
Status rəqəmsal işarələr və rəng anlayışlarının bir hissəsi deşifrə edilib, yazı işarələri - edilməyib
İşarələri müəyyən edilməyib
Mənşəyi Dəqiq bilinmir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ən qədim protokipu 12 sallanan sapdan ibarət idi, həmçinin onlardan bəziləri düyünlü, bəziləri isə taxta çubuğa dolanmış idi. Arxeoloq Rut Marta Şeydi Solis (Ruth Martha Shady Solís) tərəfindən Karal[7] (Supe vadisi) adlı arxeoloji obyektində yerləşən ən iri piramidaların birindəki germetik otağın qazıntısı zamanı aşkar edilmişdi. Stratiqrafik qatı analizi nəticəsində protokipunun e.ə 3-cü minilliyə[8] təsadüf etdiyi müəyyən olunmuşdu. Bu səbəbdən kipu bəşəriyyətin ən qədim (şumer mixi yazıları və misir ieroqliflərindən sonra) yazı növlərindən kimi qəbul edilə bilər[9]. Bu tapıntıdan öncə əldə olan ən qədim kipunun radiokarbon analizi vasitəsilə eramızın 779–981-ci illərə təsadüf etdiyi müəyyən olmuşdu. Bu tarixlər arasındakı belə böyük fasilə hələ də tarixçilər tərəfindən izah edilməyib.

Yazılı mənbələrdə kipu haqda ilk məlumata 1533-cü ildə konkistador Ernando Pisarro tərəfindən yazılmış və kral audiyensiyası üçün Santo-Dominqo şəhərinə göndərilən "Məktubda" rast gəlmək olur[10]. Konkistador məktubunda yazır:

" Onlar (hindular) bir neçə ipdə (düyünlənmiş) düyünlərin köməyi ilə sayırdılar...onların odun, qarğıdalı və qalan şeyləri saxlamaq üçün ambarları var; və onlar (hindular) iplərindəki düyünlərin köməyi ilə hər bir qəbilə başçısının gətirdiyinin sayını aparırlar. "

Ernando Pisarro kipu ilə ilk dəfə Ataualpanın həyatı qarşılığında vəd edilən canpulunun bir hissəsini təşkil etmiş Paçakamak məbədinin xəzinəsini götürmək üçün gedəndə rastlaşmışdı. Məhz o, kipunun gəlirlərin və xərclərin hesablanması üçün istifadə edildiyini qeyd etmişdi.

1923-cü ildə amerikalı tarixçi Lesli Lelan Lok "The ancient quipu" kitabında inklərin düyün sarmaşıqlarının həqiqətən də yazı növü olduğunu sübut etmişdi[11]. 2006-cı ildə amerikalı araşdırmaçı Qeri Erton (Gary Urton) kipu düyünlərində, daha çox binar sistemə bənzəyən, hansısa şifrə olduğunu aşkar edir; şifrə 27=128 variyasiyaya imkan verir[12]. Bəşəriyyət tarixində ilk dəfə kipu ikili qeyd kimi mühasibat uçot növünü tətbiq etməyə imkan vermişdi[13].

Kipuların saxlanma yerləri

[redaktə | mənbəni redaktə et]

"Quipu Database Project" layihəsi[14] çərçivəsində Harvard universitetinin professoru Qeri Erton və həmkarı Kerri Breyzan tərəfindən yaradılan məlumat bazasına istinadən, dünyada Avropadan tutumuş Şimali və Cənubi Amerikayadək 831 dənə kipunun[15] mövcudluğu məlumdur (bunlardan üçdə ikisi rəqəmsal sturktura malik olanlar qismində klassifikasiya edilib[16]). Onların əksəriyyəti And ölkələrinin xaricindəki muzeylərə yerləşdirilib; bəziləri isə öz doğma yerlərində yaradanlarının varislərinin himayəsində bulunur.

Ən böyük kipu kolleksiyası (298 ədəd) Berlinin (Almaniya) "Museum für Völkerkunde"[17] muzeyində saxlanılır. Arxeoloji abidə sayılan Paçakamak (Peru) şəhərində yerləşən "Museo de Pachacamac"[18] və Limanın (Peru) "Museo Nacional de Arqueologia, Antropologia e Historia"[19] muzeylərinin hərəsində 35 kipu saxlanılır. Leymebamba (Peru) şəhərinin "Centro Mallqui"[20] 32, Limanın (Peru) "Museo Radicati" məbədində 26, İka (Peru) şəhərinin "Museo de Ica" muzeyində 25 kipu, Puruçuko (Perunun ATE ilçəsi) arxeoloji qazıntılar ərazisində yerləşən "Museo Puruchuco"[21] muzeyində isə 23 kipu saxlanılır.

Yerli sülalə kolleksiyalarındakı kipular layihənin məlumat bazasına yerləşdirilməyib və onların dəqiq sayı məlum deyil. Belə kolleksiyalarıdan biri də (263 ədəd)[22] Rapaz (Peru) kəndinin sakinləri tərəfindən saxlanılır və 1994-cü ildə Medisonun (ABŞ) Viskonsin universitetinin əməkdaşı Frenk Salomon tərəfindən araşdırılıb[23]. Santa-Barbarada (ABŞ) yerləşən Kaliforniya universitetinin antropologiya və arxeologiya bölməsində bir kipu saxlanılır.

Araşdırma mərkəzi

[redaktə | mənbəni redaktə et]

Kipu məsələləri ilə bağlı əsas araşdırma mərzkəzi rəhbəri Harvard universitetinin arxeologiya departamentinin professoru Qeri Erton olan "Khipu Database Project" layihəsi sayılır. Kipu haqda məlumat bazasının idarə edilməsi Kerri C. Breyzandadır.

Kipunun saxlanılması problemləri

[redaktə | mənbəni redaktə et]
Lima (Peru) şəhərinin Milli muzeyində sərgilənən kipu

Kipunun saxlanılması eksponatlara daha az zərərlə uzun müddət qalmağa imkan verən metodikanln tədbiqini tələb edir. Muzeylərdə, arxivlərdə və xüsusi kolleksiyalarda kipunu adi tekstil məmulatları kimi saxlayırlar. Kipu zülal materiallara əsaslanan liflərdən hazırlanır: lama və digər dəvəkimilərin yunundan yaxud sellülozadan (pambiqdan). Adətən kipunun sallanan sapları "mənasının məmurlara bələd olduğu müxtəlif rənglərə boyanan mürəkkəb düyünlənmiş sap sistemi[24]" ilə hazırlanırdı. Təbii və ya süni rəngin qorunub-saxlanılması sonadək həll edilməyən problem kimi qalır – rənglər tədricən dəyişib və gələcəkdə liflərə daha çox zərər vura bilər. Rənglər toz və müəyyən boyaların səbəbindən tündləşir. Bağlara bərkidilmiş müxtəlif bəzəkli (məsələn, çanaq) kipulara rast gəlinirdi; və bu qeyri-tekstil materialların saxlanılması əlavə çətinliklər yaradır.

Bütün tekstil material ultrabənövşəyi şüaların mənfi təsirinə məruz qalır. Materialın rəngliliyi və davamlılığı tədricən azalır. Temperatur, nəmişlik və işıqlandırma avtomatik olaraq istilik, havalandırma və ventilyasiya (HVAC) sistemləri ilə idarə olunur. Havanın nisbi rütubəti 60% və ya daha az olmalıdır. Yüksək temperatur kövrəkliyi artıra və kipunun liflərinin xarab olmasın gətirib çıxara bilər. Rütubətin yüksək səviyyədə olması zülalın kipunun materialında qalması üçün arzuolunmayan şəraitə gətirib çıxara bilər. Hər bir parça növünə aid olduğu kimi, sərin, təmiz, quru və qaranlıq məkan ən arzuolunandır. Sərgilərdə kipu üçün həmçinin xüsusi mühit yaradılır[25]. Kipunu həşərat və onun sürfələrinin olub-olmamasını yəqin etmək üçün yoxlayırlar.

Asılmış vəziyyətdə kipunun lifləri bir-biri ilə sürtünmədən və ya öz çəkisindən zərər görə bilər[26]. Kipunu horizontal vəziyyətədə panellərdə saxlayırlar. Mümkün turşu zərərindən qorunmaq üçün panelləri turşuluq baxımından neytral olan kağızla örtürlər. Kipunun gücləndirilimiş işlənilməsi gələcək zərər təhlükəsini artırır. Qeri Ertona kipuların kövrək olub-olmaması haqda verilən suala professor belə cavab vermişdi:

" Bəziləri kövrəkdir. Siz onlara toxuna bilmirsiniz, çünki qırıla və ya toza dönüşə bilərlər. Çoxu yaxşı qalıb; və onları zərər vermədən araşdırmaq olar. Əlbəttə ki, bunun kimi qədim parçaya toxunduqda, az da olsa, ona zərər verirsən, lakin bu saplar ümumi olaraq olduqca uzun müddət qalırlar [27] - internet. "

Rut Şeydi (perulu arxeoloq), ehtimala görə, təxminən 5 min yaşı olan kipu aşkar edib. Tapıntı yerində olduqca yaxşı qalmış "nazik sütunlara dolanmış qəhvəyi pambıq saplı" kipu və "bir sıra qurbanlıqlar, həmçinin tora bükülmüş müxtəlif ölçüdə müəmmalı lif yumaqları və qədim qamış səbətləri" aşkar edilmişdi. Həmçinin burada tapılan "əsrlər boyunca qəhvəyi çirkli rəng almış yolunmuş və toxum içərən xam pambıq topaları və pambıq saplarından olan yumaq" da yaxşı qalıb. Kipunun və digər eksponatların yaxşı qalmasının səbəbi Karalın quraqlıq iqlimi ilə də bağlı ola bilər.

Kipunun cari durumu

[redaktə | mənbəni redaktə et]

İspaniyanın müstəmləkələrə aid sənədlərində təxminən 15 və ya 20 kipu haqda məlumat keçir. Bu zamandək gəlib çıxan və səndələrdə qeyd edilən kipular arasında tənasüb müəyyən edilmədiyi səbəbindən, hesab edilir ki qeyd edilən kipular bizim dövrə gəlib çıxa bilməyib. İspanlar inkləri fəth etdikdən sonra kipu Perudakı dağlıq ərazidə davam edir. Bəzi tarixçilər inanırlar ki, müəyyən kipuları yalnız onların müəllifləri – kipukamayoklar oxuya bilirdilər. Belə olduğu halda, kipunu yazı forması yox, mnemonik avadanlıq hesab etmək olar. Bir çox tarixçi tarixin inka (ispan yox) versiyasını öyrənmək üçün kipuları deşifrə etməyə çalışıblar; çünki bu inklərin keçmişinə başqa prizmadan baxmaq imkanı verəcəkdi.

1994-cü ildə Frenk Salomon (Frank Salomon) kipunun hələ də ictimai həyatın mühüm hissəsi olan Perunun Tupikoça (Tupicocha) kəndində bir araşdırma aparır. 1994-cü ildə bu Kolumbdan öncəki kipunun sahib olduğu strukturlu kipuların yerli idarəetmə orqanları tərəfindən qeydlər aparmaq üçün istifadə edildiyi yeganə kənd idi. Lakin yerli sakinlər öz kipularının inklərin artefaktları ilə hansısa bağlantısı olduğunu təkzib edirdilər[28]. 2005-ci ildə Frenk Salomon Perunun Rapas (Rapaz)[29] kəndində bir çox araşdırma aparır. 2009-cu ilin sentyabrın 12-də Perunun Ankaş bölgəsində yerləşən ucqar Kuspun kəndində Qreqoriya "Likuna" Rivera (Gregoria "Licuna" Rivera) adlı kipu tərtib edən qadından müsahibə götürülür. "Son kipukamayok" adlandırırlan bu qadının yalnız kənd sakinləri öldükdə kipu hazırladığı təsbit edilmişdi. Onun nümayiş etdirdiyi kipu bir neçə metr uzunluğuna malik və çoxlu sayda (göründüyü qədər eyni) ilmələr olmaqla mavi saplardan hazılranmış idi. Bu kipu ayinlər üçün hazırlanırdı: onu kəmər kimi ölmüş insanın belinə dolayırdılar ki, kipu insanı "başqa dünyaya keçərkən ölülər yolunda qorusun"[30]. Əgər bu kipunun rənglərinin (ağ və mavi) mənalarını müəyyənləşdirmək üçün Antonio de la Kalançanın[31] siyahısına müraciəe etsək, aydın olur ki, mavi "Mavi göylərdə yaşayan Tanrını", ağ isə "dünyanı" təcəssüm edir və "axirətdə olan göylərdəki aləm" mətni formalaşdırır.

Berlinin "Museum für Völkerkunde" adlı muzeyində saxlanılan ВА42527 nömrəli kipu Amerikanın Kolumbdan öncəki dövrə aid edilir. 2003-cü ildə Harvard Universitetini təsil edən antropoloq və professor Hari Urton (Gary Urton) tərəfindən araşdırılan bu kipu "Z" və "S" formasında səmtlənmiş 4 xüsusi kvadrantdan ibarətdir. Bu kipu ilə şifrələşdirilən məlumatların statistik təhlilini 2012-ci ildə nəşr edilən işində[32] Alberto Saes Rodriqes (Alberto Sáez-Rodríguez) həyata keçirir.

Təhlil onu göstərir ki, "Z" formasında səmtlənmiş ilməli sapların məlumatları bərabər dərəcədə horizontal ərz, "S" formasında səmtlənmişinkilərin məlumatları isə vertikal ərz boyunca paylanmışdır. İlmələr vasitəsilə şifrələnmiş rəqəmləri düzbucaq koordinat sistemində 7 nöqtənin "x"və "y" koordinatları olduğunu qəbul edərək və qrafik üzərində bu 7 nöqtəni çəkən Alberto Saes Rodriqes iddia edir ki, ВА42527 nömrəli kipuda Pleyadlar ülkərinin xəritəsi şifrələnib. Qrafikin 6 nöqtəsinə Pleyadlar ülkərinin gözlə görünən 6 parlaq ulduzu münasibdir: 7-ci nöqtə isə Yerdəki müşahidəçinin mövqeyindən baxdıqda hər 8 ildən bir Pleyadlar ülkərindən keçən Venera planeti ola bilər. Pleyadlar ülkərinin əsl xəritəsinin Albert Saes Rodriqes tərəfindən hazırlanan qrafikə nə qədər bənzədiyini müəyyən etmək üçün Pirsonun xətti korrelyasiya əmsalını istifadə etmək olar. Bu təqdirdə, əmsalın "x" və "y" rəqəmlərinin sıraları arasında güclü korrelyasiya bağının olduğunu göstərdiyini müşahidə etmək olar: X position r(7) = 0.73 (df = 5; p < 0.0617); Y position r(7) = 0.43 (df = 5; p < 0.3397). Bu da onu göstərir ki, "Həndəsə" (1637-ci ildə nəşr edilib) kitabında Rene Dekart (René Descartes, 1596–1650) tərəfindən tətbiq edilən düzbucaqlı koordinat sistemi Dekartdan uzun illər öncə bəlli olub və qədim inklər tərəfindən istifadə edilib[33].

Kipunun öyrənilmə tarixi

[redaktə | mənbəni redaktə et]

Kipuya öz diqqətini çoxlu sayda araşdırmaçı yetirib (mötərizədə onların işlərinin nəşr olunduğu tarix qeyd olunub)[34]: T. P. Tompson (1829), Svonton (1843), Rivero-i-Ustaris (1857), Bolaert (1864), Peres (1864), Ernst (1871), Sefrey (1876), Larrabure-i-Unanue (1888, 1893), Bastian (1895), Ule (1897, 1907), Qimaraes (1907), Lokk (1912, 1923), Urteaqa (1919), Loaysa (1923), Şau (1923), Nordenskold (1925), Vassen (1931), Lyano Sapata (1933), İmbelloni (1935), C. E. Tompson (1935), Altyeri (1937, 1939, 1941), Şedl (1943), Poznanskiy (1943), Eşli (1944), Porras (1947), Bennet (1949), Karlos Radikati di Prmelyo (1949, 1952, 1965, 1976, 1977, 1984, 1987, 1990, 1991), Nunyes del Prado (1950), Mexiya Ksespe (1952), Espexo Nunyes (1953, 1957), Yakobsen (1963), Molina Munto (1966), Birket-Smit (1966–1967), Dey (1967), Holm (1968), Marsiya və Robert Aşerlər (1969, 1972, 1975, 1978, 1981, 1986, 1997), Makkey (1970, 1990), Kuzmişev (1972), Murra (1973), Konklin (1982, 2001), Robles (1982, 1990), Uilyam Börns (1984), Zuidema (1989), Rostvorovski (1990), Ruis (1990), Pis (1990), Bueni (1990), Parssinen (1992), Erton (1994, 1997, 1998, 2001, 2002, 2003, 2004), Bune (1994), Prada (1995), Pereyra (1996, 1997), Salomon (1997, 2002, 2004), Brokav (1999, 2001, 2002, 2003), Arelyano (1999), Reqalado de Urqado (2002), Kilter (2002).

Kipunun inklərdən əvvəl olması fərziyyəsini ilk dəfə 1893-cü ildə Larrabure-i-Unanue səsləndirir. Bu hipotez 1968-ci ildə öz təsdiqini tapır. Həmin ildə Yösitaro Amano Pampa Blankada aparılan qazıntılar zamanı orta horizonta (inklərdən əvvəlki dövr) aid edilən məzarda kipu qalıqları aşkarlayır, lakin tapıntı haqda məlumat yalnız 1982-ci ildə işıq üzü görür. Həmin illərdə Amerikanın Təbii Tarix Muzeyi eyni arxeoloji horizonta aid edilən bir neçə kipu əldə edir.

Karlos Radikati di Primelyo

[redaktə | mənbəni redaktə et]

Karlos Radikati di Primelyo kipunun fiziki parametrləri, müəyyənedici açarları, sapların fırladılması növləri ilmələrin yerləşməsi, sapların qalınlığı və rəngi barədə əsas bilgiləri istifadəyə verən ilk araşdırmaçıdır. Həmçinin, sərdabələrdəki arxeoloji tapıntıları araşdırdıqdan sonra o, kipu "arxivləri" terminini də istifadəyə verir. Bu isə öz növbəsində inklərin çoxlu sayda nüsxəsi[35] olan kipu şəklində dövlət reyestr qeydlərinə malik olduğunu sübuta yetirmişdi. Araşdırmaçının kipunun öyrənilməsi sahəsinə verdiyi başqa mühüm töhfə isə kipuda "seriación" (söhbətin kipuda rəqəmsal bilgilər, onluq və iyerarxik sturkturdan getmədiyi hallarda oluşan seriyalar) adı alan şifrələşdirmə üsulunun müəyyənləşdirilməsi olub. Radikati bu kipuları narrativ hesab edirdi. Daha sonra bu kəşf digər alimlərin araşdırmalarında davam edir. Radikatinin başqa vacib kəşfi "kanuto" kipusu olur. Burada, adətən, əsas qaytanın üzərində sallanan ilməsiz iplər yerləşir. Qıraqdakı iplər bərk şəkildə çox nazik və rəngbərəng saplarla sarılmışdır; belə kipularda ilmələr təsadüfi qaydada yerləşir, iyerarxiyasızdır və onluq sistemə sahib deyil. Radikatinin irəli sürdüyü fərziyyəyə əsasən, kipu və piktoqrafik "kilka" (keçuaların erkən lüğətlərində "hərf", "kitab", "kağız" mənasını verən termin), yəni ikiboyutlu yastı materiallar üzərində yazılar, arasında bağlantı mövcuddur. Xronikaların araşdırılması bu yazı sistemi üsulunun kipudan öncə mövcud olduğunu təsdiq etmişdir. Qeydlər müxtəlif boyalarla taxta əsa və çubuqların üzərinə edilirdi. Bu yazını işarə bilgilərinə sahib çox az adam bacarırdı. Öz növbəsində, qeyd edilən sistem (Radikatinin fikrincə) inklərdə kipuda, sallanan sapların üst hissəsindəki lent, zolaq və parçalara kartuşların əlavə edilməsi səviyyəsinə qədər inkişaf edir (ola bilsin ki, bu məsələdə Radikatiyə böyük əhəmiyyət verdiyi həmvətənlisinin "La lettera apologetica" adlı kitab təsir etmişdir).

1964-cü ilə təsadüf edən nəşrində[36] Karlos Radikati di Primelyo müəyyən kipu növlərinin yayqınlığı ilə İnka imperiyasının əhalisinin tərəfindən onların tərtib olunması bacarığı arasında uyğunluq olduğunu təsbit etmişdir:

  • statistik kipu bilgisi ümumi idi;
  • sadə ideoqrafik kipu bilgisi xüsusi təlim keçmiş müəyyən şəxslər qrupuna bəlli idi;
  • ən mükəmməl, kübar ideoqrafik kipu bilgisi isə yalnız olduqca azsaylı alim (amauta) və kipukamayok qrupuna bəlli idi.
  1. Juan Anello Oliva. Historia Del Reino Y Provincias Del Perú (1631)
  2. Jude Webber. Pre-Incas kept detailed records too. Reuters with ABC Science Online.
  3. Churín: Cajatambo; 17 marzo 1725. Archivo Arzobispal de Lima. Legajo VI, N.° 10.
  4. Juan M. Ossio. Los Indios del Perú
  5. Милослав Стингл. Государство инков. Слава и смерть "сыновей Солнца". — М.: Прогресс, 1986, страница 188.
  6. Carlos Radicati di Primeglio, Gary Urton. Estudios sobre los quipus. Lima, UNMSM, 2006 год, страница 100.
  7. Shady Solís, Ruth Martha. La ciudad sagrada de Caral-Supe en los albores de la civilización en el Perú
  8. Perú. Descubren quipu con más de 4500 años de antigüedad en Caral
  9. Unraveling Khipu’s Secrets
  10. Письмо Эрнандо Писарро Королевской Аудиенции в Санто-Доминго, ноябрь 1533
  11. Leslie Leland Locke. The ancient quipu, or Peruvian knot record. — New York: The American Museum of Natural History, 1923.
  12. А. Скромницкий. Подборка документов по кипу и юпане инков
  13. Dale Buckmaster (1974). "The Incan Quipu and the Jacobsen Hypothesis". Journal of Accounting Research 12 (1): 178–181.
  14. Khipu Database Project
  15. Questioning the Inca Paradox
  16. "Experts 'decipher' Inca strings". BBC. 12.08.2005. 2011-09-17 tarixində arxivləşdirilib.
  17. "Musem Fünf Kontinente". 2022-09-05 tarixində arxivləşdirilib.
  18. "Museo de Pachacamac". (#cite_web_url)
  19. Museo Nacional de Arqueologia, Antropologia e Historia
  20. Centro Mallqui
  21. Museo Puruchuco
  22. Университет Висконсин-Мэдисон. Департамент Антропологии. Фрэнк Саломон
  23. Университет Висконсин-Мэдисон. Департамент Антропологии. Резюме Фрэнка Саломона
  24. Bingham Hiram III. Lost City of the Incas, The Story of Machu Picchu and its Builders’. — New York, 1948 год, Duell, Sloan & Pearce.
  25. Conservation Register
  26. Piechota Dennis. Storage Containerization Archaeological Textile Collections. // Journal of the American Institute for Conservation. — 1978 год, vol.18, страницы 10–18
  27. Archeology Archive. "Conversations: String Theorist". November/December 2005. 2021-05-17 tarixində arxivləşdirilib.
  28. Salomon, 2004
  29. "The Khipu Patrimony of Rapaz, Perú". 2011-08-18 tarixində arxivləşdirilib.
  30. "Gregoria "Licuna" Rivera, la última quipucamayoc". 2011-08-18 tarixində arxivləşdirilib.
  31. А. Скромницкий. = Textos/Peru/A-Skromnitsky-Materiales-sobre-quipu-sacados-de-los-cronicas-del-Peru-al-ruso.pdf "Сведения о кипу в документах (извлечения)" (#bad_url) (PDF). 2011-08-21 tarixində arxivləşdirilib (PDF).
  32. Alberto Saez-Rodríguez. "An Ethnomathematics Exercise for Analyzing a Khipu Sample from Pachacamac (Perú). Revista Latinoamericana de Etnomatemática". 2012 год. 5(1), страницы 62–88.
  33. Urton, G. "Signs of the Inka Khipu. Binary Coding in the Andean Knotted-String records". 2003 год. University of Texas Press, Austin.
  34. Carlos Radicati di Primeglio, Gary Urton. "Estudios sobre los quipus. — Страницы 23-24". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.
  35. Carlos Radicati di Primeglio, Gary Urton. "Estudios sobre los quipus. — Страница 48". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.
  36. Carlos Radicati di Primeglio, Gary Urton. "Estudios sobre los quipus. — Страница 42". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27.