Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Mərkəzi Nəbatat Bağı — Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində publik hüquqi şəxs.[1] "Mərkəzi Nəbatat Bağı" publik hüquqi şəxsin yaradılması və Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Baş nazirinin 7 yanvar 2022-ci il tarixində № 5 qərar imzalamışdır.[2]
Mərkəzi Nəbatat Bağı | |
---|---|
Mərkəzi Nəbatat Bağı | |
Növü | Elmi-tədqiqat mərkəzi |
Yaranma tarixi | 3 iyul 1934 |
Qeydiyyat tarixi | 2000 |
Rəsmi dili | Azərbaycan dili |
bakubotanicalgarden.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Bakı şəhərində ilk dəfə olaraq Botanika bağının yaradılması haqqında təkliflər artıq 1930-cu illərdə irəli sürülmüşdü. O vaxtlar Bakı şəhəri iri neft sənayəsi və respublika mərkəzi kimi abadlaşdırılmalı və yaşıllaşdırılmalı idi. Botanika bağının elmi-tədqiqat müəssisəsi olması ilə əlaqədar olaraq 1932-ci ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsinin botanika bölməsində P. V. Kovalskaya-İlinanın rəhbərliyi altında yaşıllaşdırma bölməsi təşkil olundu və bu bölmədə bitkilərin örtülü və açıq şəraitdə becərilməsi işinə başlanıldı.
1935–1938-ci illər ərzində burada institut binası, oranjereyalar, istixanalar, bağın əməkdaşları üçün yaşayış binası, emalatxanalar və təsərrüfat binalarının inşasına başlanıldı.
Təşkil olunduğu 1936-cı ildən müstəqil təşkilat kimi fəaliyyət göstərdiyi 2000-ci ilədək Botanika bağı Botanika İnstitutunun şöbəsi olmuşdur. Botanika İnstitutunun ilk direktoru Qafqaz florasının görkəmli tədqiqatçısı, akademik Aleksandr Alfonsoviş Qrossheym, Botanika bağının ilk direktoru isə Mixail Vasilyeviç Brjezitskiy təyin olunur. Bu vaxtdan etibarən Botanika bağının sahələrində Azərbaycan və ekzot floradan olan bitkilərin kolleksiyasının yaradılması ilə yanaşı, texniki, dərman bitkiləri üzərində elmi-tədqiqat işləri aparılır.
1937–1940-cı illərdə bağ üçün nəzərdə tutulan ərazilərdə neft hasilatı üçün quyuların qazılması ilə əlaqədar bağın sahəsi 16 hektar qalır. Ağır müharibə illəri (1941–1945) tikinti işlərinin dayandırılmasına, introduksiya işlərinin ləng getməsinə baxmayaraq, yerli floradan olan ağac və ot bitkilərinin üzərində elmi-tədqiqat işləri davam etdirilir. 1948–1952-ci illərdə Botanika bağına rəhbərlik b.e.n. Əhməd Şərbət oğlu Hacıyevə və sonralar b.e.n. Muxtar Əli oğlu Rəhimova həvalə olunur. Bu illərdə bağın ərazisini genişləndirmək məqsədilə Əhmədli yaylasında yeni bağ sahəsi ayrılır və orada yaşıllaşdırma işlərinə başlanılır, lakin 1954-cü ildə bu bağ sahəsi alınır və əsas işlər Botanika bağının indiki ərazisində davam etdirilir.
1952-ci ildə Botanika bağının direktoru vəzifəsinə b.e.d. Qasım Fərrux oğlu Axundov, 1956-cı ildə isə b.e.d. Vahid Cəlal oğlu Hacıyev təyin edilir və Bağda əkin işləri böyük vüsət alır. 1957-ci ilin iyun ayından bağın direktoru vəzifəsinə Leninqrad Meşə Mühəndisliyi Akademiyasını bitirmiş Azərbaycan Kənd Təsərrüfatı Institutunun müəllimi, k.-t.e.n. Üzeyir Musa oğlu Ağamirov təyin edilir. 1950–1960-cı illər ərzində Botanika bağında suvarma suyunun çatışmaması introduksiya işlərinin aparılmasına maneçilik törədir. 1960-cı ildə Ceyranbatan su anbarının tikilməsi və həmin suyun Botanika bağına verilməsi, bağda əkin və elmi-tədqiqat işlərinin genişləndirilməsinə imkan verdi. Elə həmin dövrdə bağın 16 hektarlıq sahəsinə yaxın olan 25 hektar yaşıllıq sahəsinin Botanika bağına verilməsi, bağın sahəsinin 41 hektaradək artmasına səbəb oldu.
1960–1978-ci illər bağın çiçəkləndiyi illər hesab olunur. Bu illərdə Botanika bağı Bakı, Gəncə, Sumqayıt şəhərləri və Naxçıvan MR-nın, o cümlədən Bakı şəhərinin Yaşıllaşdırma Təsərrüfatı və Abşeronun sənaye müəssisələrinin (Bakı Məişət Kondisionerləri zavodu, Azərelektroterm, Radio və Gəmi təmiri zavodları), məktəb və bağçaların yaşıllaşdırılması üçün 10 mindən artıq ağac, kol və çiçək bitkiləri (100 növdən ibarət) vermişdir. Beləliklə, Botanika bağında M. Brjezitski, İ. Səfərov, M. Mikayılov, R. Rəhimova, A. Əliyev, S. Pityayev, Ü. Ağamirov, M. Ağamirova, M. Rəhimov, K. Quliyev, Ə. Məsiyev, T. Kazımova, İ. Qolniyeva, Ş. Babayev, R. Babayev, C. Mirzəliyev, A. İsgəndərov, N. Babayev, A. Bayramov, O. İbadlı, M. Qurbanov və başqa görkəmli alimlər elmi-tədqiqat işləri aparmışlar. 1970-ci ildən başlayaraq Abşeronun və Bakı şəhərinin yaşıllaşdırılması üzrə dövlət tədbirləri Botanika bağında ağac və kol bitkilərinin introduksiya işlərinin daha da genişləndirilməsinə səbəb oldu. Bu illərdə Botanika bağının yeni ərazisində botaniki-coğrafi rayonlaşdırma prinsipə görə sahələrin yaradılması işlərinə başlandı. 1977-ci ildə akademik Həsən Əliyevin rəhbərliyi ilə yaradılmış xüsusi komissiya Bakı şəhər Yaşıllaşdırma Tresti, Milli Elmlər Akademiyasının alimləri, Bakı şəhər Sovetinin nümayəndələri ilə birlikdə bağın inkişafı haqqında tədbirlər planı hazırladı. Həmin tədbirlər Akademiya tərəfindən Nazirlər Sovetinə təqdim edildi və Nazirlər Sovetinin qərarı ilə bağın abadlaşdırılması məsələsi Bakı şəhər Abadlaşdırma Trestinə həvalə olundu.
Bununla əlaqədar olaraq 1978–1980-ci illərdə Botanika bağının abadlaşdırılması işlərinə yeni təkan verildi. 1980-ci ilin axırlarında bağın direktoru vəzifəsinə b.e.n. Arif Əli oğlu Bayramov təyin edildi. Bu illərdə Nazirlər Sovetinin qərarı ilə Bakı Soveti Botanika Bağında abadlıq işlərinə başlayır, lakin çox təəssüflər olsun ki, bu işlər ləng aparılır. Bağın bir neçə keçid yollarının, bağın binasının qarşısındakı meydançanın və A. A. Qrossheymin abidəsinin ətrafının abadlaşdırılması ilə iş dayandırılır. 1980-ci illərin axırı və 1990-cı illərin əvvəllərində layihələndirilmiş böyük tikililərin, hovuzların inşaası dayandırıldı. Yay mövsümündə suyun çatışmaması, qışda oranjereyalarda istiliyin olmaması, fəhlə qüvvəsinin çatışmaması səbəbindən, Botanika bağının qiymətli kolleksiyaları: soğangülü (georgin), payızgülü, qarğasoğanı, buynuzbaş, qiymətli ağaclar, güllər, çəmən və oranjereya bitkilərinin bir hissəsi məhv olub sıradan çıxmışdı.
AMEA Rəyasət Heyətinin "Botanika bağının fəaliyyətinin yaxşılaşdırılması haqqında" 04 fevral 2000-ci il tarixli 7/2 saylı qərarı ilə Botanika bağı Botanika institutunun strukturundan ayrılaraq Biologiya Elmləri Bölməsinin nəzdində sərbəst elmi-tədqiqat müəssisəsinə çevrildi. AMEA Rəyasət Heyətinin 22 noyabr 2000-ci il tarixli 22/9 saylı qərarı ilə Nəbatat bağının adı dəyişdirilərək "Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağı" adlandırıldı. Bağın Nizamnaməsi, Elmi şurası və elmi strukturu təsdiq edildi. Elmi Şuranın tərkibinə Nəbatat Bağının əməkdaşlarından əlavə, digər elmi idarə və müəssisələrin ixtisasçıları da cəlb edildi.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 7 yanvar 2022-ci il tarixli № 5 Qərarı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat Bağı" publik hüquqi şəxs yaradıldı. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Mərkəzi Nəbatat Bağı publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" 25 iyun 2022-ci il tarixli № 249 Qərarı ilə Bağın Nizamnaməsi və strukturu təsdiq edildi.
Hazırda Mərkəzi Nəbatat Bağının strukturunda "Bitki ekologiyası", "Dekorativ bitkilərin introduksiyası və seleksiyası", "Qida və dərman bitkilərinin biokimyası ", "Oduncaqlı bitkilər", "Tropik və subtropik bitkilər" laboratoriyaları ilə yanaşı, ,"Strateji inkişaf, beynəlxalq əməkdaşlıq və layihələrin idarə olunması ", "Bioloji kolleksiyalar", "Bağçılıq və landşaft quruculuğu", "Təchizat və xidmət" və s. şöbələri fəaliyyət göstərir.
İn situ şəraitində reintroduksiya edilmiş 6 növ nadir ağac və kol bitkilərinin qafqaz dağdağanı (Celtis caucasica Willd.), tornefort dağdağanı (Celtis tournefortii Lam.), pontika yemişanı (Crataegus pontica C. Koch.), iyli ardıc (Juniperus foetidissima Willd.), kütyarpaq püstə (Pictacia mutica Fisch. et Mey.), meşə gilası (Padus avium Mill.) böyümə və inkişaf xüsusiyyətləri ex situ şəraiti ilə müqayisəli şəkildə öyrənilmişdir. 5 növ bitkinin çoxbaşlı berqerantus (Bergerantus multiceps), müxtəlifyarpaqlı rusxya (Ruschia diversifolia), qozadaşıyan akantostaxis (Akanthostachys strobilaceae), əyri exmeya (Aechmea recurvata) və terminal kordilina (Cordyline terminalis) untoduksiya şəraitində morfogenezi, struktur əlamətləri öyrənilmiş və ontogenezin ilkin dövrü üçün becərilmə üsulları işlənib hazırlanmışdır. AMEA Mərkəzi Nəbatat Bağında tumurcuq mutasiyası nəticəsində alınmış "Əsrin müqaviləsi", "Sarı gəlin" və "Nazpəri" qızılğül sortları daxil olmaqla ümumilikdə 10 qızılgül sortları üçün müəlliflik şəhadətnaməsi və patent alınmışdır. Qarğasoğanı cinsi növlərinin kolleksiyası yaradılmışdır Ağıriyli ardıcın (Juniperus foetidissima Will.) radial artım dinamikası öyrənilmiş, oduncaq-həlqə xronologiyası yaradılmışdır.
Mərkəzi Nəbatat Bağının rəsmi saytı
Mərkəzi Nəbatat BağıFacebook.com