Henrix Böll

Henrix Teodor Böll (alm. Heinrich Theodor Böll‎, 21 dekabr 1917[1][2][…], Köln, Prussiya[3]16 iyul 1985[1][2][…]) — alman yazıçı, tərcüməçi, ssenarist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1972), Kölnün fəxri vətəndaşı (1983).

Henrix Böll
alm. Heinrich Böll
Doğum tarixi 21 dekabr 1917(1917-12-21)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 16 iyul 1985(1985-07-16)[1][2][…] (68 yaşında)
Təhsili
Fəaliyyəti söz yazıçısı[d], ssenarist, tərcüməçi, şair, romançı, yazıçı
Əsərlərinin dili alman dili
Tanınmış əsərləri
Üzvlüyü
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi Cross of the Order of Merit of the Federal Republic of Germany
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alman yazıçısı Henrix Böll Kölndə doğulmuşdu. Bəzi məlumatlara görə əqidəli katolik olan Böll nəsli anqlikan kilsəsinin təqiblərindən yaxa qurtarmaq üçün orta əsrlərdə Almaniyaya İngiltərədən pənah gətirmişdi.

Gələcək yazıçının yeniyetməlik və ilk gənclik illəri vətənində nasizmin tüğyan etdiyi dövrə düşmüşdü. Gimnaziyada hitleryugend təşkilatına qoşulmaqdan boyun qaçırsa da, Köln Universitetində oxuduğu 1939-cu ildə səfərbərlikdən yayına bilməmişdi. Kapral Henrix Böll altı il Fransa, Rumıniya, Macarıstan və SSRİ ərazisində döyüşlərdə iştirak etmiş, bir neçə dəfə yaralanmışdı. 1945-ci ildə amerikalılara əsir düşmüşdü. Bir müddət Fransanın cənubundakı həbs düşərgələrində saxlanıldıqdan sonra Qərbi Almaniyaya qayıtmışdı.

Yaradıcılığa müharibə mövzusu ilə başlamışdı. İlk mətbu əsərində – "Qatar vaxtında gəldi" (1949) povestində alman gənclərinin müharibə illərində üzləşdikləri faciələri öz acı həyat təcrübəsindən çıxış edərək göstərməyə çalışmışdı. Hərb illərinin faciələri və müharibədən sonrakı dövrün çətinlikləri Henrix Böllün "Yolçu, sən Spaya gələndə..." (1950), "Harada idin, Adam?" (1951), "O illərin çörəyi" (1955) kimi roman və povestlərinin də əsas mövzusu olmuşdu.

Böll hamını düşündürən, heç kəsi laqeyd buraxmayan mətləblər haqqında sadə, aydın, anlaşıqlı və inandırıcı danışmağı, oxucularla ünsiyyət qurmağı bacarırdı. Nasistlərin hər sahədəki kimi dildə də alman müstəsnalığı yaratmaq istədikləri dövrdən sonra bu çox vacib idi. Böllün də fəal üzvlərindən olduğu "47-lər" qrupunun məqsədi həm də yeni dövrün reallıq və tələblərinə uyğun gələn alman ədəbi dilinin formalaşmasına öz töhfələrini verməkdi.

Henrix Böllün Berlindəki büstü

Lakin sadəlik axtarışları ifrat həddə qədər davam edə bilməzdi. "Onun yarısında bilyard" (1959) romanından başlayaraq yazıçının bədii forma axtarışlarının genişləndiyi, roman və povestlərində çoxlaylı və mürəkkəb konstruksiyalara müraciət etdiyi aydın sezilirdi. Henrix Böllün böyük ehtiva dairəsinə malik bir sıra əsərlərində hadisələr sadəcə bir gün ərzində cərəyan edirdi. Ancaq zaman məhdudluğuna baxmayaraq, məhz kompozisiyanın bacarıqla qurulması nəticəsində keçmişə və gələcəyə uğurlu keçidlər etmək mümkün olurdu.

Məsələn, "Onun yarısında bilyard" romanındakı qəhrəmanın ad günü təkcə özünün və ailəsinin üç müxtəlif nəslinin deyil, həm də Almaniyanın yarıməsrlik mövcudluq və inkişafının tarixi idi. Əsər on bir personajın daxili monoloqu üzərində qurulmuşdu. Bu isə yazıçıya zaman və məkan baxımından kifayət qədər sərbəstlik və manevr imkanları yaratmışdı.

Ölkənin nasist keçmişi ilə bağlı düşüncələr, bu dövrün hər bir almanın üzərinə qoyduğu məsuliyyət, müharibədən sonrakı Almaniyada katolik kilsəsinin mövqeyi Henrix Böllün savaşdan sonra yazdığı bir sıra əsərlərin əsas mövzusunu təşkil edirdi.

"Təlxəyin gözləri ilə" (1963), "Özbaşına gediş" (1964), "Bir ezamiyyətin sonu" (1966), "Xanımla kollektiv portret" (1971) povest və romanları Böllü hər zaman alman vicdanını oyaq saxlamağa çalışan, cəmiyyətdəki ciddi problemlərin heç birindən yaxasını kənara çəkməyən güclü ictimai cəsarət hissinə malik sənətkarlar sırasına daxil etməyə əsas verir.

1972-ci ildə Henrix Böll "alman ədəbiyyatının dirçəldilməsinə mühüm töhfə olan və müasir cəmiyyətin geniş mənzərələrini ayrı-ayrı xarakterlərin təsvirində yüksək sənətkarlığı ilə birləşdirən yaradıcılığına görə" Nobel mükafatına layiq görüldü. İsveç Akademiyasının üzvü Karl Raqnar Qirov Henrix Böllün yazıçı böyüklüyünü, ilk növbədə nasizmin cinayətkar siyasəti nəticəsində dünya miqyasında alman xalqına və alman mədəniyyətinə vurulan ləkənin təmizlənməsi istiqamətində atdığı mühüm addımlarla əlaqələndirirdi.

Henrix Böll Nobel laureatı kimi yazdığı "Katarina Blyumun ləkələnmiş namusu" (1974), "Qayğıkeş nəzarət altında" (1979) romanları ilə əvvəlki ədəbi və mənəvi mövqelərindən çəkilmədiyini, yenə də bədii sözlə mübarizə aparmaq əzmində olduğunu bir daha sübut etmişdi.

Çox ehtimal ki, faşizmə ünvanlanan sərt ittihamlarına görə Henrix Böllün əsərləri keçmiş SSRİ-də vətənindəkindən daha böyük tirajla çap olunub yayılırdı. Yeri gəlmişkən, alman yazıçısının "O illərin çörəyi" povestini xalq yazıçısı Əkrəm Əylisli Azərbaycan dilinə tərcümə etmişdi.

1974-cü ildə Henrix Böllün Beynəlxalq PEN-klubun sədri kimi sosialist düşərgəsindən olan dissidentlərə müəyyən qayğı göstərməsi, SSRİ-dən qovulan yazıçı A.Soljenitsına, germanist professor L.Kopelevə evində müvəqqəti sığınacaq verməsi onun Sovet İttifaqı ilə uzunmüddətli dostluq münasibətlərinə ciddi zərbə olmuşdu. Yazıçını bir də yenidənqurma dövrü başlananda yada salmış, Moskvada əsasən antifaşist mövzulu əsərlərinin toplandığı beşcildliyini çap etmişdilər.

Henrix Böll həm də mahir tərcüməçi idi. O, xanımı Anna Mari Çexlə birlikdə Amerika ədəbiyyatının bir sıra nümunələrini, o cümlədən Bernard Melamudun və Cerom Selincerin əsərlərini ustalıqla alman dilinə çevirmişdi.

Yazıçının əsərləri əksər hallarda mövcud alman reallıqlarının tənqidi üzərində qurulsa da, onun yaradıcılığına maraq azalmır. Almanlar öz tarixlərini həm də bu namuslu sənət adamının əsərlərindən öyrənirlər.

  • Qatar vaxtında gəldi
  • Yolçu, sən Spaya gələndə...
  • Harada idin, Adam?
  • Və o heç bir şey demədi
  • O illərin çörəyi
  • Onun yarısında bilyard
  • Təlxəyin gözləri ilə
  • Özbaşına gediş
  • Bir ezamiyyətin sonu
  • Xanımla kollektiv portret
  • Katarina Blyumun ləkələnmiş namusu
  • Qayğıkeş nəzarət altında
  • Əsgər mirası
  • Atasız evlər
  • İrlandiya gündəmi
  • Müharibə başlayanda
  • Dörd oğluma məktub və ya dörd velosiped
  • Mələk susdu
  • Solğun köpək
  • Burulğanın içində
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Heinrich Boll // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Catalog of the German National Library (alm.).
  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]