Niyaz Əvəz oğlu Kərimov (oktyabr 1931, Goran, Goranboy rayonu – 24 dekabr 1981) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyasının Qutqaşen (1978–1981) və İmişli (1968–1978) rayon komitələrinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin VIII, IX və X çağırış deputatı.
Niyaz Kərimov | |
---|---|
1978 – 24 dekabr 1981 | |
1968 – 1978 | |
Sonrakı | Qadir İsmayılzadə |
1965 – 1968 | |
1963 – 1963 | |
1961 – 1963 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | oktyabr 1931 |
Doğum yeri | |
Vəfat tarixi | 24 dekabr 1981 (50 yaşında) |
Partiya |
|
Təhsili |
|
|
|
Təltifləri |
Niyaz Əvəz oğlu Kərimov 1931-ci ildə Qasım İsmayılov rayonunun Goran qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə orta məktəbdə müəllimliklə başlamışdır. 1954–1956-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Ordudan tərxis edildikdən sonra komsomol işində olmuş, əvvəlcə Azərbaycan LKGİ Qasım İsmayılov Rayon Komitəsinin məktəbli gənclər şöbəsinin müdiri, 1957-ci ildən isə birinci katibi vəzifəsinə irəli çəkilmişdir.[1]
Niyaz Kərimov 1961-ci ildə Azərbaycan Kommunist Partiyası Qasım İsmayılov Rayon Komitəsinin ikinci katibi, 1963-cü ildə isə Qasım İsmayılov Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmişdir. Həmin il Sov.İKP Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbinə[rus.] daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti Partiya-Dövlət Nəzarəti Komitəsinin inspektoru işləmişdir.[1]
1965-ci ildə Niyaz Kərimov Azərbaycan KP İmişli Rayon Komitəsinin ikinci katibi, 1968-ci ildə isə birinci katibi seçilmişdir.[2] 1978-ci ildən həyatının sonunadək Azərbaycan KP Qutqaşen Rayon Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.[1]
Niyaz Kərimov 1957-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan Kommunist Partiyasının XXVIII, XXIX, XXX qurultaylarında Azərbaycan KP MK üzvlüyünə namizəd seçilmişdir.[1] Azərbaycan SSR Ali Sovetinin səkkizinci, doqquzuncu və onuncu çağırış deputatı olmuşdur.[3] "Oktyabr inqilabı" ordeni, üç "Qırmızı əmək bayrağı" ordeni və SSRİ medalları ilə təltif edilmişdir.[1]
Niyaz Kərimov 24 dekabr 1981-ci ildə 51 yaşında vəfat etmişdir.[1]