Osman ağa Gülməmmədov (16 avqust 1892, Yuxarı Salahlı, Qazax qəzası – 1 noyabr 1950, Qars, Qars ili) — Çar Rusiyasının və Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki.
Osman ağa Gülməmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 avqust 1892 |
Doğum yeri | |
Vəfat tarixi | 1 noyabr 1950 (58 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Nəzakət xanım |
Uşaqları | Xəzər, Mahmud, Erdal, Türkan, Fatma Lalə, Yüksəl. |
Atası | Gülməmməd ağa |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
Rusiya imperiyası (1914-1917) Azərbaycan Cümhuriyyəti (1918-1920) Türkiyə |
Qoşun növü |
Azərbaycan Cümhuriyyəti Quru Qoşunları Türkiyə Quru Qoşunları |
Xidmət illəri | 1914- |
Rütbəsi | Albay |
Döyüşlər |
Birinci Dünya müharibəsi (1914-1917) Kürdəmir döyüşləri (1918) Bakı döyüşü (1918) Qarabağ hərəkatı (1918) Əsgəran döyüşü Qarabağ üsyanı (1920) Türkiyə İstiqlaliyyət Müharibəsi (1920-1923) |
Təltifləri |
Birinci Dünya müharibəsində, Bakı döyüşündə, Əsgəran döyüşündə, Aprel işğalından sonra işğala qarşı baş tutmuş Qarabağ üsyanında və Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib.
Birinci Dünya Müharibəsində göstərdiyi qəhrəmanlığa görə ikinci, üçüncü və dördüncü dərəcəli "Müqəddəs Georgi" xaçı, ikinci, üçüncü və dördüncü dərəcəli "Müqəddəs Georgi" medalları ilə, Bakı döyüşündə göstərdiyi qəhrəmanlığa görə "Məcidiyyə" ordeni ilə, Türkiyə İstiqlaliyyət Müharibəsində göstərdiyi qəhrəmanlığa görə isə "İstiqlal" medalı ilə təltif edilib.
Osman ağa Gülməmməd ağa oğlu 1892-ci il avqustun 16-da Yelizavetpol quberniyasının Qazax qəzasındakı Salahlı kəndində anadan olub.[1]
Hərbi xidmətinə 1914-cü ilin sentyabrında könüllü olaraq Qafqaz Yerli Atlı Diviziyasının tərkibində olan Tatar süvari alayında başlayıb. Bu alayın tərkibində o, 1917-ci ilin avqust ayına qədər Avstriya və Rumıniya cəbhələrində olan hərbi əməliyyatlarda iştirak edib[2]. Hərbi xidmətə sıravi əsgər kimi başlayıb. 1915-ci ildə kiçik uryadnik rütbəsinə layiq görülüb. 1915-ci ilin fevral ayında Avstriya cəbhəsində Brigen şəhəri uğrunda gedən döyüşlərdə yaralanıb. 1916-cı il mart ayının 22-də baş uryadnik və 1917-ci ilin iyunun 29-da milis-yunkeri rütbəsi ilə təltif olunub. Cəbhədə göstərdiyi qəhrəmanlıqlara görə ikinci, üçüncü və dördüncü dərəcəli "Müqəddəs Georgi" xaçı[3][4], ikinci, üçüncü və dördüncü dərəcəli "Müqəddəs Georgi" medalı ilə təltif olunub[5][6].
1917-ci ilinj payızında Qafqaz Yerli Atlı Diviziyasının alayları Qafqaza geri döndülər. 1917-ci ilin ilin dekabrın 11-də Xüsusi Zaqafqaziya Komitəsinin qərarı ilə azərbaycanlılardan ibarət Müsəlman Korpusu yaradılır[7]. Əliağa Şıxlinskinin rəhbərlik etdiyi[8] korpusun tərkibinə Tatar süvari alayı da daxil olur[9]. Osman ağa bu alayın tərkibində xidmətini davam etdirir. Müsəlman Korpusu üzrə hərbi rütbələr haqqında 1918-ci il 16 may tarixli 26 saylı əmr ilə Gülməmmədova starşinalıq imtiyazı ilə poruçik rütbəsi verildi, vəzifəsi yüksəldilərək üçüncü bölüyün komandiri təyin olundu[10]. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti elan olunduqdan sonra iyunun 26-da Müsəlman Korpusu Əlahiddə Azərbaycan Korpusu adlandırılır və Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun əsası qoyulur.[11]
1918-ci ildə Kürdəmir, Müsüslü, Sanqaçal döyüşlərində bolşeviklərə qarşı vuruşub. Avqustun 17-də Tatar süvari alayının bir bölüyünə Balaxanı kəndindən şimal qərbdə yerləşən təpəni tutmaq əmri verildi. Kornet Gülməmmədov kəşfiyyata göndərildi. Qarşı tərəfin mövqelərini öyrənəndən sonra o, onların arxasında vahimə yaratmaq və bununla da hücum edən bölüyün işini asanlaşdırmaq üçün süvari bölük həmlə etdi[12]. Əlbəyaxa döyüşlə nəticələnən həmlə təpənin tutulması, burada mövqe tutmuş erməni-rus dəstəsinin məğlub edilməsi ilə bitdi. Düşmənin 1 zabit həkimi, 49 əsgəri əsir götürüldü, 3 pulemyot qənimət kimi ələ keçirildi[13]. Bakı döyüşündə iştirak edib. Döyüşlərdə göstərdiyi igidliyə görə Osman ağa Gülməmmədova kornet süvari qoşununda birinci zabit rütbəsi və general Nuru paşanın əmrilə Osmanlının beş qılınclı "Məcidiyyə" ordeni verildi[14][15][16].
1918-ci il sentyabrın 15-də Bakı işğaldan azad olunduqdan sonra[17] 1918-ci il sentyabrın 23-də Qarabağ hərəkatı başlayıb[18] Qarabağ hərəkatına qatılan qüvvələrə 9-cu və 106-cı türk alayları, milli könüllü birliklər və I Azərbaycan diviziyası daxil idi[19]. Osman ağa bu döyüşlərə Tatar Atlı Alayının tərkibində olan atlı bölüyün komandiri kimi qatılıb.[20] 1919-cu ilin yanvar ayında keçirilən baxış-yoxlamasında onun sıralarında döyüşdüyü birinci Azərbaycan süvari alayı hərbi nazirin şəxsi təşəkkürünü qazanır[21]. Azərbaycan Cümhuriyyəti hökumətinin hərbi rütbələr haqqında 1919-cu il 16 may tarixli 26 saylı əmri ilə Osman ağa Gülməmmədov hərbi şücaətlərinə görə starşinalıq imtiyazı ilə poruçik rütbəsi verildi[22], vəzifəsi yüksəldilərək üçüncü bölüyün komandiri təyin olundu[23]. 1919-cu il iyunun 26-da I Cavanşir piyada alayından I Tatar Atlı Alayına keçirilib[24]. Denikin qüvvələrinin Azərbaycana hücumu təhlükəsi olduğu üçün və şimal sərhədlərini qorumaq üçün 1919-cu ilin iyul ayında Osman ağanın xidmət etdiyi I Tatar Atlı Alayı xidmət üçün Qusara göndərilir[23].
1920-ci ilin martın 21-də erməni-daşnak qüvvələri Əsgəranda yerləşən Cavanşir piyada alayının mövqelərinə qəfil hücum edərək, Əsgəran keçidini ələ keçirib üsyana başladılar[25]. Daha sonra Azərbaycan ordusu Əsgəran istiqamətində genişmiqyaslı hücuma başlayır[26]. Milli ordunun zabiti kimi Osman ağa Gülməmmədov da, süvari alayın tərkibində 30 martda Gəncəyə gəlir[23]. Daha sonra isə bu döyüşlərdə iştirak edir[27]. Əsgəranda başlayan şiddətli döyüşlər Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşır. Aprel ayının ortalarına qədər davam edən döyüşlərdə düşmən qüvvələri bütünlüklə məhv edilir[28].
Azərbaycan Cümhuriyyətinin işğalından[29] sonra Azərbaycanın bir neçə bölgəsində işğala qarşı üsyanlar baş tutur[30][31]. Osman ağanın xidmət etdiyi I Tatar Atlı Alayı, Cavanşir Piyada Alayı və digər hərbi birliklərlə birləşərək Nuru Paşanın komandanlığı altında Qarabağ üsyanına qatılıb.[32] İyun ayının 3-dən 4-ə keçən gecə Şuşaya girərək inqilabi komitənin üzvlərini və fəal kommunistləri həbs ediblər. İyun ayının 15-ə qədər davam edən üsyan əlavə güclərin gətirilməsi və düşmən təyyarələrinin bombardmanı ilə məğlubiyyətə uğrayır. Bundan sonra o, Cümhuriyyət ordusunun atlı və piyada alaylarının sağ qalan əsgərləri ilə bərabər döyüşlərdə iştirak edərək Qaryagin və Cəbrayıl istiqamətində geri çəkilib, Araz çayından keçərək İrana daxil olublar.[32][33]
Sovet işğalına qarşı baş qaldırmış üsyanlar məğlub olduqdan sonra Azərbaycan Cümhuriyyətinin Ordusunun qalan hərbçilərinin bir qismi Zəngəzuru keçərək Naxçıvana, bir qismi isə Xudafərin istiqamətindən İrana keçərək Türkiyəyə getdilər[34]. Türkiyə sərhədlərinə yaxınlaşanda Azərbaycan hərbçilərinə rəhbərlik edən Nuh bəy Sofiyev komandanlığı Səməd bəy Rəfibəyliyə təhvil verir. Səməd bəyin rəhbərliyi ilə onlar əvvəlcə Şərqi Bəyazidə, daha sonra isə iyun-iyul aylarında Həsənqala və Ərzuruma çatıblar[35] Türkiyə Böyük Millət Məclisinin qərarı ilə bir atlı, bir piyada alayı və topçu batareyasından ibarət 1,200 nəfərlik Azərbaycan birliyi Kazım Qarabəkir paşanın komandanlıq etdiyi Şərq ordusunun (XV kolordu) sıralarına qəbul olunur. Osman ağa Gülməmmədov da 1,200 nəfərlik Azərbaycan birliyinin tərkibində 56 nəfər zabitdən biri olub[36].
1920-ci ilin payızından başlayaraq, 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun ermənilərdən təmizlənməsi ilə sona çatan Şərq hərəkatında iştirak edib. 1923-cü ildə Türkiyə İstiqlaliyyət Savaşında göstərdiyi xidmətlərə görə "İstiqlal" medalı ilə təltif edilib. Qurtuluş Savaşından sonra orduda qalaraq hərbi xidmətini davam etdirib və albay rütbəsinə qədər yüksəlib.[37]
1934-cü il iyunun 21-də Türkiyədə qəbul edilmiş Soyad qanunundan[38] sonra Osman ağa Gülməmmədov özünə Məmməd "Kazak" soyadını götürüb[1].
Təqaüdə çıxdıqdan sonra Qarsda Yusuf paşa məhəlləsində yaşayıb. Qars vilayət məclisinə üzv seçilib. 1950-ci il noyabrın 1-də vəfat edib. Qars şəhidliyində mərasimlə dəfn olunub.[39]
Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki, Tərtər və Qarabağ üsyanlarının iştirakçısı Məmməd Qazaxın əmisidir.[32][39]
Qori seminariyasının məzunu, Qazax Müəllimlər Seminariyasının müəllimi və repressiya qurbanı Əhməd ağa Gülməmmədovun qardaşıdır.[40]
Osman Kazak 1931-ci ildə Qarsda hərbi xidmətdə ikən əslən Gümrüdən olan Nəzakət xanımla ailə həyatı qurub.[21] Onların bu evlilikdən Xəzər, Mahmud, Erdal adlı oğulları və Türkan, Fatma Lalə və Yüksəl adlı qızları dünyaya gəlib.[39]
1914-1917-ci illər ərzində Birinci Dünya müharibəsində cəbhədə göstərdiyi qəhrəmanlıqlara görə IV, III və II dərəcəli "Müqəddəs Georgi" xaçı,[3][4] IV, III və II dərəcəli "Müqəddəs Georgi" medalları ilə təltif olunub.[5][6]
1918-ci ildə Bakı döyüşündə göstərdiyi qəhrəmanlıqlara görə "Məcidiyyə" ordeni ilə təltif olunub.[14]
1923-cü ildə Türkiyə İstiqlaliyyət Savaşında göstərdiyi xidmətlərə görə "İstiqlal" medalı ilə təltif olunub.[37]