Baba bəy Behbud və ya Baba Behbudov (1897, Şuşa – 10 iyul 1970, İstanbul) — mühacir, Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki.
Baba bəy Behbud | |
---|---|
Baba Mustafa oğlu Behbudov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1897 |
Doğum yeri | |
Vəfat tarixi | 10 iyul 1970 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Belkıs Behbud |
Uşaqları | Mustafa Behbud, Pıtırcık Behbud |
Atası | Mustafa Behbudov |
Anası | Mina Behbudova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
Azərbaycan Cümhuriyyəti (1918-1920) Türkiyə (1920-1955) |
Qoşun növü |
Azərbaycan Cümhuriyyəti Quru Qoşunları Türkiyə Quru Qoşunları |
Xidmət illəri | 1918—1955 |
Rütbəsi | Albay |
Döyüşlər |
Əsgəran döyüşü Qarabağ üsyanı (1920) Türkiyə İstiqlaliyyət Müharibəsi (1920-1923) Şeyx Səid üsyanı (1925) |
Təltifləri |
Əsgəran döyüşündə, Aprel işğalından sonra işğala qarşı baş tutmuş Qarabağ üsyanında iştirak edib.
Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 35 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib.
Baba Behbudov 1897-ci ildə Şuşada anadan olub.[1] Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra 1918-ci ilin may ayında Gəncədə açılan hərbi məktəbə daxil olub.[1]
Hərbi məktəbi bitirdikdən sonra zabit kimi Qarabağ süvari alayında xidmətə başlayıb.[2] Bir zabit olaraq 1918-ci ilin sonlarından etibarən Qarabağda erməni separatçıların zərərsizləşdirilməsi məqsədilə Şuşada və ətraf bölgələrdə xidmət edib.[3] 1919-cu ilin yanvar ayında keçirilən baxış yoxlaması zamanı Baba bəyin xidmət etdiyi süvari alayı göstərdiyi xidmətə görə hərbi nazirin şəxsi təşəkkürünü alıb.[2]
1920-ci ilin martın 21-də erməni-daşnak qüvvələri Əsgəranda yerləşən Cavanşir piyada alayının mövqelərinə qəfil hücum edərək, Əsgəran keçidini ələ keçirib üsyana başladılar.[4] 1920-ci il martın 26-da Azərbaycan ordusu Əsgəran istiqamətində Dronun qoşunlarına qarşı genişmiqyaslı hücuma başlayır. Milli ordunun zabiti kimi Baba bəy Behbudov da, süvari alayın tərkibində bu döyüşlərdə iştirak edib.[3] Əsgəranda başlayan şiddətli döyüşlər Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşır. Aprel ayının ortalarına qədər davam edən döyüşlərdə düşmən qüvvələri bütünlüklə məhv edilir.[5]
Cümhuriyyətin işğalından sonra Azərbaycanın müxtəlif yerlərində bolşeviklərə qarşı üsyanlar başlayır. Baba bəy 1920-ci iyunun 3-dən 4-nə keçən gecə Nuru paşanın rəhbərliyi ilə baş tutmuş Qarabağ üsyanında Qarabağ süvari alayının tərkibində iştirak edib. Üsyançılar iyunun 6-da Şuşada sovet hökumətini devirib Şuşa İnqilab Komitəsinin üzvlərini həbs edirlər.[6] Polkovnik Zeynalov Qarabağdakı milli hərbi qüvvələrin ümumi komandanı təyin edilir. 1920-ci ilin iyunun 10-da Qırmızı ordu qüvvələri üsyançılara qarşı bütün cəbhə boyu hücuma keçdilər. Qırmızı ordu bu hücumda sayca üstün olduğu üçün, döyüşdə zirehli avtomobillərdən, hərbi təyyarələrdən istifadə etdiyi üçün üsyançılar onlara qarşı mübarizə apara bilməyərək geri çəkilməyə məcbur oldular.[7] Qarabağ üsyanı yatırıldıqdan sonra, Baba Behbudov Azərbaycan Cümhuriyyəti ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləri ilə birgə, polkovnik Nuh bəy Sofiyevin komandanlığı ilə Qaryagin və Cəbrayıl istiqamətində geri çəkilərək Araz çayını keçib İran ərazisinə daxil olublar.[8]
Sovet işğalına qarşı baş qaldırmış üsyanlar məğlub olduqdan sonra Azərbaycan Cümhuriyyətinin Ordusunun qalan hərbçilərinin bir qismi Zəngəzuru keçərək Naxçıvana, bir qismi isə Xudafərin istiqamətindən İrana keçərək Türkiyəyə getdilər[9]. Türkiyə sərhədlərinə yaxınlaşanda Azərbaycan hərbçilərinə rəhbərlik edən Nuh bəy Sofiyev komandanlığı Səməd bəy Rəfibəyliyə təhvil verir. Səməd bəyin rəhbərliyi ilə onlar əvvəlcə Şərqi Bəyazidə, daha sonra isə iyun-iyul aylarında Həsənqala və Ərzuruma çatdılar[10]. Topçu batareya və piyadalardan ibarət dəstələr də digər tümənlərin tərkibinə qatıldı[11]. Bir müddət Ərzurumda qaldıqdan sonra Türkiyə Böyük Millət Məclisinin qərarı ilə bir süvari, bir piyada alayı və topçu batareyasından ibarət 1200 nəfərlik Azərbaycan birliyi Kazım Qarabəkir paşanın komandanlıq etdiyi Şərq ordusunun (XV kolordu) sıralarına qəbul olunur[12]. Baba bəy Behbud da 1200 nəfərlik Azərbaycan birliyinin tərkibində 56 nəfər zabitdən biri olub[13]
Qarabağ süvari alayının bölük komandiri olan Baba bəy bir müddət 12-ci tümənin, daha sonra isə 9-cu tümənin tərkibində döyüşüb.[2] 15-ci süvari alayın bölük komandiri vəzifəsini icra edib. 1920-ci ilin payızından başlayaraq, 1921-ci ilin əvvəllərinə qədər Şərq hərəkatında iştirak edib. Sarıqamışın, Qarsın, İğdırın, Kağızmanın, Gümrünün geri alınması uğrunda döyüşlərə qatılıb.
Daha sonra Türkiyənin qərb bölgəsinin yunanların işğalından azad edilməsi üçün başladılan "Böyük hücum" əməliyyatlarında iştirak edib[14]. 1922-ci il sentyabrın 9-da bölüyü ilə İzmirə girən ilk süvarilərdən olub. Qurtuluş Savaşından sonra orduda qalaraq hərbi xidmətini davam etdirib. 1923-cü ildə Türkiyə İstiqlaliyyət Savaşında göstərdiyi xidmətlərə görə "İstiqlal" medalı ilə təltif edilib[15]
1925-ci ildə Şeyx Səid üsyanının, 1926-cı ildə I Ağrı, 1927-ci ildə II Ağrı üsyanlarının yatırılmasında iştirak edib[2].
1928-ci ildə Türkiyə vətəndaşlığına qəbul edildikdən sonra İstanbulda Ali Hərbi Akademiyaya daxil olub. 1933-cü ildə kapitan, 1940-cı ildə mayor, 1944-cü ildə polkovnik-leytenant, 1948-ci ildə polkovnik rütbəsi ilə təltif olunub. Daha sonra Ankarada süvari alayının komandiri vəzifəsinə təyin edilib[16]. 1955-ci ildə təqaüd yaşına çatdığı üçün ehtiyata buraxılıb.[2] Təqaüdə çıxdıqdan sonra dil bilikləri və təcrübəsi nəzərə alınaraq Türkiyə Milli Təhlükəsizlik Təşkilatında işləməyə başlayıb[17].
1934-cü il iyunun 21-də Türkiyədə qəbul edilmiş Soyad qanunundan sonra[18] özünə "Behbud" soyadını götürüb.
Türkiyədə yaşadığı müddətdə azərbaycanlı mühacirlərlə əlaqə saxlayıb. Türkiyədə Azərbaycan Kültür Dərnəyinin qurulmasında və fəaliyyətində yaxından iştirak edib.
1958-ci il mayın 25-də ildə Yunis Xəzərlinin sədrliyi ilə İstanbulda dərnəyin illik qurultayı keçirilib. Seçkilər nəticəsində Baba bəy Behbud dərnəyin Müşahidə Şurasına seçilib.[19] 1957-ci və 1958-ci illərdə Azərbaycanlı mühacirlərin çıxardığı "Azərbaycan" dərgisində silahdaşları general Cahangir Berkerin[20] və polkovnik Aslan Berkanın vəfatı ilə bağlı məqalələri dərc olunub.[17]
Qarabağlı Behbudovlar nəslindən olan Baba bəyin atası Mustafa bəy anası Mina xanım olub. Ağca adlı böyük bacısı, Afər adlı əkiz bacısı olub.[2]
Baba bəy Behbud Qarsda xidmət ikən Belkıs Ekinci ilə tanış olub. Daha sonra İstanbulda ailə həyatı qurublar. Bu nikahdan övladları olmayıb. Belkıs xanımın kiçik bacısı Günay xanımı övladlığa götürüblər.[21]
Baba bəy Behbud 1970-ci il iyulun 10-da İstanbulda dünyasını dəyişib.[22] Cənazə namazı Şişli məscidində qılındıqdan sonra xüsusi mərasimlə Feriköy məzarlığında dəfn edilib.[2]