İsrafil İsrafilov,[1][2][3] İsrafil bəy Məhəmməd[4][5][6] (pol. Israfił Muhamed bey, Muchamed Israfił-Bey) və ya sadəcə İsrafil bəy (pol. Israfił-bej; alm. Israfil-Bey; tam adı: İsrafil Məhəmmədnəbi oğlu İsrafilov; 5 iyul 1892, Aşağı Seyfəli, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 22 avqust 1946, Bakı, Azərbaycan SSR, SSRİ) — Rusiya imperiyası kapitanı, Azərbaycan Xalq Cümhuriyyəti və Polşa Respublikası polkovniki, Üçüncü Reyx ştandartenfüreri; siyasi mühacir, Berlində Azərbaycan Milli Komitəsinin rəhbəri (1944–1945).[1][2][7]
İsrafil İsrafilov | |
---|---|
İsrafil Məhəmmədnəbi oğlu İsrafilov | |
Şəxsi məlumatlar | |
Digər adları |
İsrafil bəy Məhəmməd İsrafil bəy İsrafilbəyli |
Doğum tarixi | 5 iyul 1892 |
Doğum yeri | |
Vəfat tarixi | 22 avqust 1946 (54 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
|
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
Rusiya imperiyası Azərbaycan Cümhuriyyəti Polşa Respublikası Üçüncü Reyx |
Qoşun növü | piyada |
Rütbəsi |
Rusiya imperiyası Azərbaycan Cümhuriyyəti Polşa Respublikası Üçüncü Reyx |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
İsrafil İsrafilov bəzi mənbələrə görə 5 iyul 1892-ci ildə[8], digər mənbələrə görə 25 yanvar 1893-cü ildə[7][9] Gəncə qəzasının (indiki Şəmkir rayonunun) Seyfəli kəndində, Məhəmmədnəbi kişinin ailəsində anadan olmuşdur.[10] Atası əslən Daşkəsən rayonunun Qabaqtəpə kəndindəndir və "Qabaqtəpəli Nəbi" adı ilə tanınmışdır.[11]
O, 1912-ci ildə Gəncə şəhərindəki səkkiz sinifli gimnaziyanı bitirmişdir.[10] Daha sonra hərbi təhsil almaq üçün Tiflis Hərbi məktəbinə daxil olmuşdur.[3] 1914-cü ildə məktəbi qurtararaq podporuçik (kiçik leytinant) rütbəsini almışdır.[2]
Təhsilini tamamladıqdan sonra İsrafil İsrafilov Qazan Hərbi Dairəsinin qərargah rəisinin sərəncamına göndərilir və Simbirskdə (indiki Ulyanovsk) yerləşən 96-cı piyada ehtiyat batalyonunda xidmət etmək üçün təyinat alır. 1914–1915-ci illərdə həmin batalyonun 4-cü bölüyündə kiçik zabit olaraq xidmət edir. 1915–1916-cı ildə 54-cü Minsk piyada alayının tərkibində Cənub-Qərb cəbhəsində, 1916-cı ilin dekabrından Rumıniya cəbhəsində gedən döyüşlərdə iştirak edir. 1915-ci ildə ona poruçik (baş leytinant) rütbəsi verilir. 21 aprel 1915-ci ildə Bokiyma kəndinin yaxınlığındakı döyüşdə, 3 may 1915-ci ildə Tamanoviçi kəndindəki döyüşdə yaralanır. Tez bir zamanda sağalaraq cəbhəyə qayıdır. 1916-cı ildə ştabs-kapitan, 1917-ci ildə isə kapitan olur.[2]
1917-ci ilin Fevral inqilabından sonra İsrafil İsrafilov çar ordusu sıralarında xidmətinə son verir. General Əliağa Şıxlinskinin dəvəti ilə onun rəhbərliyi altında Müsəlman Korpusunun (daha sonra Əlahiddə Azərbaycan Korpusu) yaradılmasında iştirak edir.[12]
1918-ci ildən Azərbaycan Xalq Cümhuriyyət ordusu sıralarına daxil olaraq Bakının erməni-bolşevik işğalından azad olunması uğrunda mübarizədə yaxından iştirak etmişdir. Azərbaycan Hökumətinin 11 yanvar 1919 il tarixli qərar ilə ona podpolkovnik hərbi rütbəsi verilmişdir. Hərbi nazirin 14 yanvar 1919 il tarixli əmri ilə 1-ci Cavanşir piyada alayının komandiri, 19 fevral 1919 il tarixli əmri ilə isə Hərbi nazirin yanında tapşırıq zabiti vəzifəsinə təyin edilmişdi. 1919 il iyunun 25-də imzalanmış başqa bir əmrlə İsrafil İsrafilov yenicə formalaşdırılmağa başlayan 5-ci Bakı piyada alayına komandir təyin olunmuşdu.[1] Muğanda ağqvardiyaçılara və Zəngəzur və Qarabağda erməni hərbi birləşmələrinə qarşı vuruşmalarda (1920-ci ildə Əsgəran, Xankəndi kəndlərində və Şuşa şəhərində daşnaklara qarşı hərbi əməliyyatlarda[12]) iştirak etmiş, göstərdiyi şücaətə görə Hərbi nazirin 21 mart 1920 il tarixli əmri ilə ona polkovnik hərbi rütbəsi verilmişdir.[2]
1920-ci ildə Azərbaycan bolşevik işğalına uğrayandan sonra İsrafil İsrafilov iki ilə yaxın müddət ərzində İran, Ərəbistan, Hindistan və Misirdə səfil-sərgərdan gəzib dolaşmalı olur. 1920-ci ilin may ayının sonlarında İranda sığınacaq tapmış və 10 aya yaxın müddətdə Təbrizdə yaşamış, 5–6 nəfər silahdaşını İran jandarmeriyasına işə düzəltmiş, özü isə polkovnik Staroselskinin rəhbərlik etdiyi İran kazak diviziyasında təlimatçı kimi xidmətə başlamışdı. 1921-ci ilin fevral ayında isə ingilis komandanlığının "İranı rus təsirindən azad etmək" tələbi ilə ölkədən çıxmalı olub. İrandan Türkiyəyə keçməli olur. İsrafil bəy öz səfər yoldaşı polkovnik Tarkovski ilə birlikdə az qala həmin dövr Britaniya imperiyasının hökmfərma olduqları Yaxın Şərqi dolaşaraq İstanbula yetişirlər: Qəzvin, Bağdad, Bəsrə, Bombay, Port-Səid, İstanbul.[13]
1921-ci ilin sonlarında İstanbula gələn İsrafil İsrafilov burada Azərbaycandan olan mühacirlərlə əlaqə saxlamış, onların tövsiyəsi ilə Əlimərdan bəy Topçubaşova məktubla müraciət etmiş və 1922-ci ilin noyabr ayına, İstanbulu tərk edənə qədər ondan ayda 30 lirə məbləğində maddi yardım almışdı. Az sonra Ə. Topçubaşovdan aldığı məktubdan öyrənir ki, Parisdəki Azərbaycan mühacirətinin başçısı Topçubaşov və Gürcüstan mühacirətinin rəhbəri Noy Jordaniya Polşa hökuməti ilə bir qrup azərbaycanlı və gürcü zabitlərin Polşaya gəlməsi haqda razılıq əldə ediblər və İsrafil bəy digər zabit soydaşları ilə birlikdə bu ölkəyə giriş vizası almaq üçün Polşanın İstanbuldakı səfirliyinə müraciət etsin. İsrafil bəy və həmkarları belə də ediblər və 2 gündən sonra vizaları alıblar.[13]
Türkiyədən Polşaya 50-yə yaxın adam birlikdə, İstanbul-Konstansa-Lvov-Varşava marşrutu ilə yola çıxıblar. 1923-cü ilin əvvəllərində, qış aylarında İsrafil bəy öz zabit həmkarları C. Kazımbəyov və V. Yadigarovla birlikdə Varşavaya yetişərək birbaş Polşanın Hərbi Nazirliyinə müraciət edirlər.[13] Burada Polşa ordusunda müqavilə əsasında xidmətə başlayır.[14] İsrafil bəy 6 aylıq zabit kursunu bitirir və Kaliş şəhərində 29-cu piyada alayına göndərilir.[13] 1926–1928-ci illərdə Varşava Ali Hərbi Məktəbində təhsil alır. Əvvəlcə Varşavadakı 36-cı piyada alayında xidmət edir,[15] 1939-cu ilin yazında isə artıq Qrodno şəhərində yerləşən 29-cu piyada diviziyasında qərargah zabiti olur.[5]
XX əsrin 30-cu illərində Polşada əsasən rus dilində nəşr edilən "Şimali Qafqaziya" və "Qafqaziya dağlıları" jurnallarında Azərbaycanın görkəmli siyasi mühacirlərinin çap olunan məqalələri, o cümlədən Məhəmməd Əmin Rəsulzadə, Miryaqub Mehdiyev, Mirzə Bala Məhəmmədzadə, Əli Azərtəkin, İsrafil İsrafilov (İsrafilbəyov), Cahangir bəy Kazımbəyov, Nağı Bayramlı və gizli imza ilə yazan digər müəlliflərin əsərləri yer almışdır.[16] Bu jurnallarda Azərbaycan Milli Ordusu haqqında xatirələrini (hələ İstanbulda 1923-cü ilin əvvəllərində Azərbaycan Milli Mərkəzinin rəhbəri M. Ə. Rəsulzadə ona müraciət edib Azərbaycan ordusu haqda xatirələrimi yazmağını istəmişdi) dərc etdirir.[17]
İkinci Dünya müharibəsi ərəfəsində polkovnik rütbəsində Polşa silahlı qüvvələri tərkibində xidmət edən İsrafil bəy, böyük ehtimal, Hitler Almaniyası tərəfindən Polşanın işğalı vaxtı əsir düşür.[2] Bolşevik rejiminə nifrət keçmiş rus ordusunun və milli orduların bir sıra zabitlərini Hitler Almaniyası ilə əməkdaşlıq yoluna çəkmişdi. Polkovnik İsrafil bəy də belələrinin sırasında idi. Bu məqsədlə də 1943-cü ilin yayından 1944-cü ilə qədər Berlində Şərq Torpaqları nazirliyi yanında fəaliyyət göstərən Azərbaycan Komitəsinə rəhbərlik etmişdi. 1943-cü ildə Əbdürrəhman Düdənginskinin fəallığı ilə Azərbaycan Milli Birlik Məclisi yaradıldı. Onun tərkibində Ə. Düdənginski, Abbasqulu Abbasov, Vəli Əkbərov, İslam Əliyev, Abbas bəy Atamalıbəyov, Rəhim Babayev, Ceyhun Hacıbəyli, Hacı Hacınski, Cahangir bəy Balakişiyev, Cahangir Kazımbəyov, Cəlil İsgəndərli, İsrafil bəy İsrafilov, Ənvər Qazıyev, Məcid Qarsalanlı (Musayev), Nüşi bəy Zülqədərov, Cabbar Məmmədov, Səbzəli Məmmədov, Fərman Məmmədov, Oruc Süleymanov, Zahid Xoyski, Fuad bəy Əmircan daxil oldular.[19] Eyni zamanda türk mənşəli hərbi əsirlərdən ibarət 162-ci Türküstan piyada diviziyasının 314-cü piyada alayına komandiri olmuşdu. 1944-cü ilin dekabrından etibarən ştandartenfürer rütbəsində III Reyxin Qafqaz hərbi birləşməsinin "Azərbaycan" döyüş qrupunun komandiri idi. 17 mart 1945-ci ildə Berlindəki Azərbaycan Milli Komitəsinin hərbi məsələlər üzrə müşaviri təyin edilmişdi.[7][20]
İsrafil bəy İkinci Dünya müharibəsisinin sonunu Amerikan işğal zonasında qarşılayıb və ABŞ ordusu tərəfindən SSRİ-yə təhvil verilib. Məmməd Altunbayın yazdıqlarına görə İsrafil bəy özünün həyatını qurtarmaq istəyənlərə bu cavabı verib:[21]
Mənim bölüyüm əsir vətənimizin hürriyyəti uğrunda döyüşmüş, gözlərimin önündə on minlərlə qurban vermiş azərbaycanlılardan təşkil olunub. Mən bir komandan olaraq onları tək başına kommunizmin qanlı xəncərinə necə təslim edə bilərəm? Mən heç vaxt övladlarımı tək qoymaram. Onlarla bərabər ölmək mənim üçün ən böyük şərəfdir. |
Onu Azərbaycana gətirib Bakı Hərbi Dairəsinin tribunalında mühakimə ediblər. O, nə SSRİ-ni, nə də keçmiş Sovet Azərbaycanınını özünə vətən saymadığından, ittiham olunduğu "vətənə xəyanət"[22] maddəsi ilə sona qədər razılaşmayıb. 1945-ci il iyul ayının 11-də Bakı Hərbi Dairəsinin Hərbi Tribunalı tərəfindən barəsində ölüm hökmü çıxarılıb, 1946-cı il avqustun 21-də Bakı Hərbi Dairəsi Hərbi Tribunalının möhürü ilə qeydiyyatdan keçdiyi təsdiq olunan son məktubun üzərində 22 avqust 1946-cı il tarixdə qoyulan dərkənar — "təcili icra edilsin" — əmri İsrafil bəy İsrafilovun həmin vaxt son günlərini yaşadığından xəbər verirdi.[7][23]
İsrafil İsrafilov heç vaxt evlənməyib və övladı da olmayıb.[24]
Atası Məhəmmədnəbi kişi üç dəfə evli olmuşdur. 1-ci nikahda Mina xanımdan İsrafil və 2 qızı, 2-ci nikahda Zəhrabəyim xanımdan Hidayət, Fərhad, Şəmşəd, Müseyib, Bəhram, Hökumət, Şölə, 3-cü nikahda Zümrüd xanımdan Mikayıl, Yunis, Firudin, Yaqut və Səhnə adlı övladları olmuşdur.[25]
Kiçik qardaşı Hidayət onunla birgə Polşaya mühacirət etmiş, Şərq Gəncləri Yığıncağının (pol. Orientalistyczne Koło Młodych) üzvü olmuşdur. İkinci Dünya müharibəsindən sonra ABŞ-yə mühacirət edib və Amerikadakı Azərbaycan siyasi mühacirətinin görkəmli nümayəndələrindən olub.[21] Hidayət İsrafil 8 iyul 1972-ci ildə vəfat edib.[26]
Hidayət İsrafilin oğlu Çingiz İsrafil 1986–1989-cu illərdə Türkiyənin Baş naziri Turqut Özalın iqtisadi məsələlər üzrə müşaviri[27] və 1990–1992-ci illərdə Azərbaycan prezidenti Ayaz Mütəllibovun iqtisadi və xarici əlaqələr üzrə müşaviri olmuşdur.[24]