Radiodalğalar

Radiodalğalar — təbiət etibarilə elektromaqnit dalğaları olub[1], fəzada işıq sürəti ilə yayılır: c≈3·108. Radiodalğalar dalğa uzunluğu (λ) və ya tezliklə (f) xarakterizə olunur: λ=c/f və ya f=c/λ.

Radiodalğalar çox geniş tezlik intervalını əhatə edir[2][3]. Cədvəldə radiodalğaların diapazonları və adları göstərilmişdir.

Dalğa diapazonlarının adları Dalğa diapazonu Tezlik diapazonu Tezlik diapazonlarının adları
Miriametrlik (ifrat uzun dalğalar) 10÷100 km 3÷30 kHs Çox alçaq tezliklər
Kilometrlik (uzun dalğalar) 1÷10 km 30÷300 kHs Alçaq tezliklər
Hektometrlik (orta dalğalar) 100÷1000 m 300÷3000 kHs Orta tezliklər
Dekametrlik (qısa dalğalar) 10÷100 m 3÷30 MHs Yüksək tezliklər
Metrlik (ultraqısa dalğalar) 1÷10 m 30÷300 MHs Çox yüksək tezliklər
Desimetrlik (ultraqısa dalğalar) 1÷10 dm 300÷3000 MHs Ultra yüksək tezliklər
Santimetrlik (ultraqısa dalğalar) 1÷10 sm 3÷30 QHs İfrat yüksək tezliklər
Millimetrlik (ultraqısa dalğalar) 1÷10 mm 30÷300 QHs İfrat yüksək tezliklər
Desimillimetrlik (ultraqısa dalğalar) 0,1÷1 mm 300÷3000 QHs Hiper yüksək tezliklər

Qeyd etmək lazımdırki, hər bir diapazonun praktiki tətbiqi bir sıra faktorlarla: rabitə kanalının uzunluğu və onun "tutumu", dalğanın yayılma yolunun relyefi, küylərin səviyyəsi, verici qurğuların gücü, ilin fəsilləri, havanın meteoroloji xüsusiyyətləri və s. ilə əlaqədardır.

Yayılma xüsusiyyətləri və tətbiq sahələri

[redaktə | mənbəni redaktə et]

Miriametrlik və kilometrlik dalğalar

[redaktə | mənbəni redaktə et]

Miriametrlik və kilometrlik dalğa diapazonlarından əvvəllər radioteleqrafda geniş istifadə olunurdu. Bu diapazonlardakı dalğaların əsas yayılma kanalı Yer-ionosfera kanalıdır. Bu dalğalar Yer səthilə çox yaxşı yayılır. Lakin bu diapazondakı dalğaları yayımlamaq üçün çox güclü və ölçüləri böyük olan antenalar tələb olunur. Miriametrlik və kilometrlik dalğalar həm yerin səthindən, həm də ionosferin aşağı təbəqələrindən (yer səthindən 80–100 km hündürlüklərdə yerləşən) kifayət qədər yaxşı əks olunur. Bu dalğaların radiorabitə cəhətdən əsas çatışmazlığı rabitə kanalının ensiz olmasıdır ki, bu da öz növbəsində mürəkkəb radiosiqnalların ötürülməsinə imkan vermir. Bundan başqa, göstərilən dalğalar yayılarkən enerji itkisi çox olur. Son vaxtlar miriametrlik dalğalardan yeraltı radiorabitə məqsədi ilə istifadə etmək sahəsində intensiv tədqiqat işləri aparılır; bu dalğalar dəniz suyunda az udulduğundan sualtı radiorabitədə də geniş tətbiq olunur.

Hektometrlik dalğalar

[redaktə | mənbəni redaktə et]

Hektometrlik dalğalar, əsasən, səth dalğaları kimi yayılır, intensivliyi yerin səthin də maksimal olub, hündürlük artdıqca eksponensial olaraq azalır. Bu dalğalar səth dalğaları ilə yanaşı, fəza dalğaları kimi də yayılır. Fəza dalğaları atmosfer təbəqələrindən əks olunaraq səth dalğaları ilə görüşüb müəyyən nöqtələrdə interferensiya hadisəsi nəticəsində bir – birini zəiflədərək "sönmə effekti" ni yarada bilər. Bu dalğalar diapazonu üçün gündüz vaxtı uzaq məsafələrə yayılmasının məhdudlaşdırılması və gecə vaxtı yayılma məsafəsinin artması tipikdir. Gündüz vaxtı fəza dalğaları praktiki olaraq yayılmır. İonosferin D qatında bu dalğalar az sayda udulmaya və sınmaya məruz qalır. Amma E qatına daxil olarkən, onlar güclü udulmaya məruz olduqları üçün, qeri qayıtmırlar. Bu səbəbdən gündüz vaxtı orta dalğalarda əlaqə yalnız səthi dalğalar ilə həyata keçirilir. Praktiki olaraq səthi dalğaların təsir məsafəsi 1000–1500 km məsafəsilə məhdudlaşdırılır[4]. Axşam və gecə vaxtları ionosferdə dalğaların udulması azalır. Fəza dalğası E qatından əks olunur və ionosferin bu qatında udulma az olur. Orta dalğaların gecə vaxtı ionosferdə yayılmasının öz xüsusiyyətləri var. Bu xüsusiyyətlərindən biri qəbul nöqtəsində siqnalın amplitudasının donub qalmasıdır (azaldılması) və bununla mübarizə aparmaq kifayət qədər çətindir. Bu hadisənin qarşısını almaq üçün ən effektiv vasitə bir qəbuledici antena əvəzinə bir-birindən müəyyən məsafədə (200–300 m) yerləşdirilmiş iki-üç antenadan istifadə etməkdir. Bu dalğa diapazonunun digər çatışmazlığı atmosfer və sənaye küylərinin böyük səviyyədə olmasıdır.

Dalğaların yayılmasına rabitə xəttinin keçdiyi yolun relyefinin təsiri böyükdür. Ona görə də hektometrlik dalğa diapazonu, bir çox ölkələrdə, əsasən, yerli radio verilişlərinin təşkili üçün əsas diapazon kimi götürülür[5].

Dekametrlik dalğalar

[redaktə | mənbəni redaktə et]

İonosferdən və yerin səthindən çoxqat əks olunaraq yayıldığından, rabitə kanalının uzunluğunu praktiki olaraq istənilən qədər artırmağa imkan verir. Bu dalğaları şüalandırmaq üçün adətən istiqamətləndirmə xassəsinə malik antenalardan istifadə edilir. Yerin səthində isə bu dalğalar kifayət qədər udulduğundan qısa dalğalar diapazonunda səth dalğaları ilə radiorabitə, demək olar ki, mümkün deyil. Qısa dalğalar diapazonundan radiorabitədə, radioverilişlərində, radionaviqasiyada geniş istifadə olunur. Bu halda radiosiqnalın spektral eni kiçik olduğundan əsasən rəqslərin amplitud modullaşmasından istifadə edilir.

Metrlik, desimetrlik və santimetrlik dalğalar

[redaktə | mənbəni redaktə et]

Böyük tezlik "tutumlarına" malik olduğundan yuxarıda qeyd olunan məqsədlər üçün daha böyük imkanlara malikdir. Bu isə tezlik, impuls və digər modullaşma növləri ilə işləyən və eləcə də küylərə qarşı daha dayanıqlı olan radioelektron qurğuları yaratmağa imkan verir. Bu diapazonlardakı dalğaları asan istiqamətləndirmək mümkün olduğundan, radioastronomiyada, radiolokasiyada, radioteleidarəetmədə, televiziya verlişlərində və s. sahələrdə genış tətbiq olunur[6]. Göstərilən diapazonlardakı dalğaların tətbiqini məhdudlaşdıran cəhətlətdən biri onların verici və qəbuledici antenalar arasında yalnız görünən zonada yayılmasıdır[7].

Millimetrlik və desimillimetrlik dalğalar

[redaktə | mənbəni redaktə et]

Son vaxtlarda intensiv tədqiq edilir və praktiki olaraq mənimsənilməyə başlanmışdır. Bu diapazonlara olan böyük maraq onların çox böyük tezlik "tutumuna" və kiçik bucaq altında şüalandırma qabiliyyətinə malik olmaları ilə əlaqədardır.

  1. "Радиоволны". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-28.
  2. Радиоволны и частоты. Статья
  3. "Радиоволны". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
  4. "Распространение гектометровых (средних) волн". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
  5. "Распространение радиоволн". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
  6. "Распространение ультракоротких волн". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
  7. "Ультракороткие волны". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]