Telekommunikasiya avadanlığı, həmçinin telekommunikasiya qurğuları — telekommunikasiya məqsədləri üçün istifadə olunan avadanlıq növü. 1990-cı illərdən bəri telekommunikasiya avadanlığı və IT avadanlıqları arasındakı sərhəd internetin böyüməsi və onun telekommunikasiya verilənlərinin ötürülməsində artan rolu nəticəsində bulanıqlaşmışdır.[1][2]
Telekommunikasiya Vasitələrinin və Qurğularının (TVQ) sertifikatlaşdırılmasının əsas məqsədi, respublikada telekommunikasiya vasitələri və qurğuları bazarının qurulması və saxlanmasıdır. Bu, TVQ-nin Azərbaycan Respublikasının qarşılıqlı əlaqədə olan telekommunikasiya şəbəkələrinin (QTŞ) tələblərinə, milli, beynəlxalq, dövlətlərarası və digər normativ sənədlərin tələblərinə cavab verməsinin təmin edilməsi üçün mümkündür. Telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin № 175 saylı 21 avqust 1998-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydalarının (AZ 031.01)" tələblərinin yerinə yetirilməsini təmin edir. "Telekommunikasiya qaydalarına" əsasən TVQ-lərin sertifikatlaşdırılması mərkəzi olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (hazırki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən) TVQ-lərin sertifikatlaşdırılması işləri üzrə bəzi funksiyaların "AzInTelecom" MMC-yə ötürülməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin № 0010 saylı 13 fevral 2017-ci il tarixli Əmri ilə təsdiq edilib.[3]
TVQ-lərin sertifikatlaşdırılması prosesini "AzInTelecom" MMC-nin Əməliyyatlar departamentinin Sertifikatlaşdırma şöbəsi yerinə yetirir. Bu şöbədə Sınaq laboratoriyası bölməsi və İstismara nəzarət və sertifikatların hazırlanması bölməsi daxildir. Sertifikatların verilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilir.[3]
TVQ-lərin sertifikatlaşdırılmasına TVQ-lərin uyğunluq sınaqlarının aparılması, uyğunluğun qiymətləndirilməsi və nəticələrinin sənədləşdirilməsi daxildir. Uyğunluq sertifikatı verilən TVQ-nin sahibinə sertifikat verilir, təsir müddəti isə verilmə tarixindən bir ildir. Xidmət ödənişlidir, sertifikatlaşdırılacaq TVQ-lərin növləri və modellərinin sayı ilə müəyyən edilir və sertifikatlaşdırmanın nəticələrindən asılı deyil. Sertifikatlaşdırılan TVQ-lərin bir hissəsinin, mobil telefonlar və mobil şəbəkəni dəstəkləyən digər cihazlar kimi, daşınan radiostansiyalar, IEEE 802.11 (Wi-Fi) və IEEE 802.15.1 (Bluetooth) dəstəkləyən cihazlar Sınaq laboratoriyası bölməsində radiotezlik spektrindən istifadə üzrə uyğunluq sınaqlarından keçirilir.[3]
"AzInTelecom" MMC-nin Sertifikatlaşdırma şöbəsi və Sınaq laboratoriyası bölməsi "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində "Azərbaycan Akkreditasiya Mərkəzi" tərəfindən akkreditasiya olunmuşdur və müvafiq akkreditasiya attestatlarına və akkreditasiya sahələrinə malikdir. Sınaq laboratoriyasının akkreditasiya sahəsinə daxil olan sertifikatlaşdırılacaq TVQ-lər mütləq qaydada sınaqlara cəlb edilir və bunun üçün Sifarişçi TVQ-lərin nümunələrini təqdim etməlidir (həm ilkin sertifikatlaşdırma zamanı, həm də verilmiş sertifikatın təsir müddətinin artırılması zamanı). TVQ-lərin nümunələrinin təhvil-təslim prosesi akt şəklində rəsmiləşdirilir.[3]
Akkreditasiya sahəsinə daxil olan sertifikatlaşdırılacaq TVQ-lər, sınaq laboratoriyasında mütləq şəkildə sınaqlara cəlb edilir və bunun üçün Sifarişçi TVQ-lərin nümunələrini təqdim etməlidir (həm ilk sertifikatlaşdırma zamanı, həm də verilmiş sertifikatın etibarlılığının uzadılması zamanı). TVQ-lərin nümunələrinin qəbul-təhvil prosesi resmi şəkildə rəsmiləşdirilir. Tələb edilən TVQ-lərin nümunələrinin və sənədlərinin təqdim edilməsi şərtilə sertifikatlaşdırma sifarişi qeydiyyata alınır və icra edilir.[3]