Sular Novruzu

Yumurta Döyüşü
Yumurta Döyüşü
Çərşənbələrə həsr edilmiş Azərbaycan poçt markaları
Çərşənbələrə həsr edilmiş Azərbaycan poçt markaları

Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə hörmətsizlik edilməməsi lazım olduğuna inanırlar. Çərşənbələr yazın gəlişindən xəbər verir.

Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar müasir ənənələr daxildir. Etnoqraflar çərşənbələrə dörd ünsürün adının Azərbaycanda müasir dövrdə bir neçə şəxs tərəfindən qoyulmasını, nə Cənubi Azərbaycanın, nə də türk dünyasının digər bölgələrinin istər qədim, istərsə də müasir Novruz ənənələrində Novruz çərşənbələrinin dörd ünsürlə adlandırılması hallarının mövcud olmadığını əsaslandırırlar.[1] Əvəzində isə türk dünyasında od, istilik, Günəş anlamını verən "cəmrə" anlayışı mövcuddur. Fevralın 20-də, yəni kiçik çillənın çıxdığı gün cəmrə havaya baxır, yəni hava isinir. Bundan bir həftə sonra, yəni fevralın 27-də cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş tutur.[2] Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.[3][4]

Su Çərşənbəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Su çərşənbəsi

Su çərşənbəsinə Yalançı çərşənbə, Əzəl çərşənbə, Sular Novruzu da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.

Od Çərşənbəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Od çərşənbəsi

Boz ayda qeyd edilən ikinci çərşənbə — Od çərşənbəsidir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların odun qoruyucu, paklaşdırıcı gücünə olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Yel Çərşənbəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Yel çərşənbəsi

Yel çərşənbəsi günündə isə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Üçüncü çərşənbə Azərbaycanın bir sıra bölgələrində günümüzdə də Ölü çərşənbəsi (Qara çərşənbə, Gül çərşənbə) kimi qeyd olunur. Həmin gün insanlar yaxınlarının məzarlarını ziyarət edər, qəbirləri qışın palçığından, toz-torpağından təmizləyər, ölənlərin ruhuna dualar oxuyarlar. Ölü çərşənbəsində yaslı ailələr də ziyarət olunar, onların yasdan çıxması və qarşıdan gələn bayramı hamı ilə birgə qeyd etmələri təmin olunar.[5]

İlaxır və ya torpaq çərşənbəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Torpaq çərşənbəsi

Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə — Torpaq çərşənbəsidir. Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.

Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var.

Tədqiqatçı Xeybər Göyyallının yazdığı kimi, sonuncu çərşənbə digər çərşənbələrdən fərqli olaraq daha təntənəli keçirilir. Axırıncı çərşənbə özünəməxsus ayin və mərasimləri ilə digər çərşənbələri geridə qoyur. Soyuqdan, şaxtadan olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, şadlığını bayram səviyyəsinə qaldırır. Bir çox regionlarda İlaxır çərşənbənin təntənəsi Novruzu belə üstələyir. Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər. 

Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər. Qız-gəlinlər ev-eşikdə təmizlik işlərinə başlayarlar. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər.

Kişilər də həyət-bacada əsaslı işə başlayarlar. Bağ-bağata əl gəzdirilər, həyət-baca səliqə-sahmana salınar. Bağ-bağatda ağacların qol-budağı budanar, artıq nə varsa yandırılar, ağacların dibi bellənər. Axır çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilər. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər əkilib hazırlanar. 

Axır çərşənbənin özündən əvvəlki digər üç çərşənbədən (söhbət doğruçu çərşənbələrdən gedir) təmtəraqlı, zəngin ayin və rituallarla müşayiət olunması onun yekun aktı kimi dəyərləndirilməsi ilə əlaqədardır. Çünki Axır çərşənbə mahiyyət baxımından özündən əvvəlki üç çərşənbənin ümumiləşdirilmiş — yekunlaşdırıcı şənliyidir. Bununla da köhnə ilin yola salınması və yeni ilin (Novruzun) qarşılanması ərəfəsi məhz ilin axırıncı çərşənbəsinin üstünə həvalə olunur.

  1. "Məhərrəm Qasımlı: "Tarixdə od, su, külək, torpaq çərşənbələri olmayıb"". 2023-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-22.
  2. "Bu gün xəbərçi çərşənbədir?". 2023-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-22.
  3. "Arxivlənmiş surət". 2016-03-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-26.
  4. "Arxivlənmiş surət". 2017-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-18.
  5. "Arxivlənmiş surət". 2022-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-18.