Azərbaycan fişəng və səma fənərləri

Novruz atəşi

Azərbaycan fişəng və səma fənərləriAzərbaycan mərasimlərində istifadə edilən vasitələr. Azərbaycan regionlarında fişəng və səma fənərləri üçün müxtəlif cür adlandırılmalardan istifadə edilir.

Tarixi arxa plan

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın da daxil olduğu Səfəvi imperiyasında 22 növ fişəng mövcud idi. Bu fişənglərə ulduz yağışı, sehrli nərgiz, tovuz quşu, Hind gülü, 7 rəngli nərgiz və səməndər çiçəyi kimi adlar verilmişdi.[1]

Taraqqa, beşaçılan, onaçılan, tumanagirən

[redaktə | mənbəni redaktə et]

Fişənglərlə keçirilən şənlik Azərbaycanda atəşfəşanlıq, atəşbazlıq, fişəngbazlıq adlandırılmışdır.[2] Naxçıvanda Novruz bayramı ərəfəsində, köhnə ilin axır çərşənbəsində atəşfəşanlıq edilər, fişəng fırladılaraq göyə atılar, taraqqa partladılardı.[3] Taraqqa sözü Şuşa ləhcəsində də işlədilir. Y. V. Çəmənzəminli "Həyatımın 20 ili" əsərində Novruz bayramını təsvir edərkən taraqqa sözünü işlədir: "Sonra tonqal qalayıb üzərindən atılardıq, fişəng-taraqqa atardıq…"[4]

Köhnə ilin axır çərşənbəsində Ordubadda isə ustaların kağızdan barıt qatışığı ilə düzəltdikləri oyuncaq taraqqa, beşaçılan, onaçılanlar partladılıb atəşfəşanlıq edilir, bununla da şər qüvvələri qorxudub qaçırda bildiklərinə inanırdılar.[5][6] Ordubadın Dəstə kəndində atılan bir fişəng növü isə tumanagirən adlanır.[7]

Üskü, lopa, şar

[redaktə | mənbəni redaktə et]
İri bir gərməni ortasından deşib həmin ağaca keçirmiş və lopa düzəltmişdilər. Tonqallardan başqa damın üstündə lopa da yanacaqdı.

İsmayıl Şıxlı, "Dəli Kür" əsəri[8]

Novruz bayramında üskü-lopa atılması ilə xəstəliyin, hər cür pisliyin qarşısının alındığına inanılırdı. İlk üç çərşənbədə tonqalda yandırılan lopa üç dəfə ev-eşin dövrəsində dolandırılar və bu sözlər deyilərdi:[8]

Qaçın, qaçın, şeytanlar,
Sizi oda qalaram.[8]

Ovsun üçün istifadə edilən bu sözlərdə şər qüvvələrin qorxub-qaçması, bir daha evə yaxınlaşmaması ifadə olunub.[8]

Naxçıvan bölgəsində lopa ilə birlikdə şar adından da istifadə edilir, ilaxır çərşənbədə uşaqlar tərəfindən hazırlanan "şarlar" yandırılıb fırladılaraq göyə atılırdı.[3] Bakı kəndlərində həm tonqala, həm də göyə atılan lopalara üskü deyilir, Novruz qabağı çərşənbələr üskü çərşənbəsi adlandırılırdı.[8]

Novruz bayramının ilk günü olan baca-baca günündə İğdırın azərbaycanlı gəncləri əllərinə tel yumaqlarını yığır, onları qaz yağına batırıb, yandırıb havaya atırlar. Məqsəd elektrik olmadığı vaxtlar havanı işıqlandırmaq, yazın gəlişi ilə birlikdə aydınlığın gəlməsini qeyd etməkdir.[9]

  • Böyük Çillə. Qışın başlanması münasibətilə keçirilən Çillə gecəsində atəşfəşanlıq edilərdi.[10]
  • Kiçik Çillə. Kiçik Çillənin çərşənbələrində ( "oğru çərşənbə", "oğru buğ", "oğru üskü") insanlar lopa yandırıb evin ətrafında 3 dəfə fırladaraq şər qüvvələrdən qorunacaqlarına inanırdılar.[11]
  • Boz ayQarayaz. Novruzda yeni ilin gəlişi şeypur, təbil səsləri vasitəsilə xəbər verilər, atəşfəşanlıq edilərdi. Bu səbəblə də "Novruzun topu atılan" vaxta "il təhvil oldu" deyilərdi. "Novruzun topu atıldı" – deyə hamı bir-birinin yeni ilini qeyd edərdi.[12]
  1. Erdoğan, E. (2019). SEYYAHLARA GÖRE XVII. YÜZYILDA SAFEVİLERDE DÜZENLENEN BAZI OYUNLAR, EĞLENCELER VE GÖSTERİLER Arxivləşdirilib 2024-04-07 at the Wayback Machine. Tarih Araştırmaları Dergisi, 38(66), 224-242. https://doi.org/10.35239/tariharastirmalari.519754
  2. Azərbaycan dilinin sinonimlər lüğəti. Şərq-Qərb. Bakı, 2007. ISBN 978-9952-34-109-6.
  3. 1 2 Hacı Qadir Qədirzadə, Milli-mənəvi dəyərlərimiz: Bayramlar, mərasimlər, adətlər, münasibətlər. Əcəmi Nəşriyyat Poliqrafiya Birliyi, Naxçıvan-2012. 128 səh.
  4. Əzizov Elbrus İslam oğlu Azərbaycan dilinin tarixi dialektologiyası: Dialekt sisteminin təşəkkülü və inkişafı. Dərs vəsaiti. 2-ci nəşri. Bakı: "Elm və təhsil" nəşriyyatı, 2016, 348 s.
  5. Azərbaycan Folkloru Antologiyası, XXIII kitab, 2-ci cild. Bakı, "Nurlan" nəşriyyatı, 2011. 360 səh.
  6. Nizami Muradoğlu. "Novruz bayramının səciyyəvi xüsusiyyətləri". Kaspi. 2019. 2022-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-01.
  7. Əbülfəz Aman oğlu Quliyev, Nuray Yadigar qızı Əliyeva. Naxçıvan dialekt və şivələrinin lüğəti. Naxçıvan, "Əcəmi" nəşriyyatı, 2017, 296 səh.
  8. 1 2 3 4 5 Novruz bayramı ensiklopediyası, Bakı, 2008 , "Şərq Qərb", 208 səh.
  9. ELİF COŞKUN. "IĞDIR'DA YAŞAYAN AZERBAYCAN TÜRKLERİNİN YAŞAM TARZININ KÜLTÜREL COĞRAFYA AÇISINDAN İNCELENMESİ (2020)" (türk). ATATÜRK ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ. (sayfa 242-243)
  10. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 438
  11. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 19-20
  12. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 45
  • Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.