Bu məqalə Xoy döyüşü (1478) haqqındadır. Digər mənalar üçün Xoy döyüşü səhifəsinə baxın. |
Xoy döyüşü — 14 avqust 1478-ci ildə Uzun Həsənin oğulları Sultan Xəlil və Sultan Yaqub arasında taxt müharibəsinə son qoyan həlledici döyüş sayılır. Döyüş Sultan Xəlilin üstünlüyü ilə başlasa da, Sultan Yaqubun qələbəsi ilə bitmiş və Sultan Xəlil öldürülmüşdür. Sultan Yaqub Təbrizə daxil olduqdan sonra Xəlilin tərəfdarlarının çoxunun bağışlanması haqqında qərar qəbul etdi.[1]
Xoy döyüşü | |||
---|---|---|---|
Ağqoyunlu imperiyasında ara müharibələri | |||
Tarix | 1478 | ||
Yeri | Xoy | ||
Səbəbi | Sultan Yaqubun Ağqoyunlu taxtını ələ keçirmək üçün qiyamı | ||
Nəticəsi | Yaqub bəyin qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
1478-ci ildə Uzun Həsənin ölümündən[2] sonra böyük oğlu Sultan Xəlil tezliklə özünü Təbrizə çatdırdı və adına xütbə oxudub, sikkə zərb etdirərək hökmdar elan edildi.[3]
Sultan Xəlil hakimiyyətə gəldikdən sonra qardaşları ilə müharibəyə başladı. Qardaşı Maqsudu öldürdü, digər qardaşları Yaqub və Yusifi isə sürgünə göndərdi.[4] Həmin il əmisi Murad bəy Bayanduru da məğlub edərək [5][6] hakimiyyəti mərkəzləşdirməyə başladı. Mərkəzləşdirmə siyasətini bəyənməyən türkman əmirləri bundan narazılıq etdilər.
Qısa bir zamanda Sultan Xəlilin müxalifləri Diyarbəkirə yığışmağa başladılar. Yaqub bəyin başçılığı altında böyük Ağqoyunlu sərkərdələri, Bayandur bəy, Süleyman bəy və böyük din adamı Qazi İsa bəy birləşərək Sultan Xəlilə qarşı cəbhə əmələ gətirdilər. Belə vəziyyətdən narahatlıq keçirən Sultan Xəlil, Yaqub bəyə qarşı hərəkətə başladı.[7][8][9]
İki ordu Xoy çayı yaxınlığında üz-üzə gəldilər.[8][9]Yaqub bəyin sağ cinahına Süleyman bəy Bicənoğlu, Bəhram bəy Bayrami, İsgəndər bəy Piltən, Mahmud bəy başçılıq edirdilər. Onun sol cinahı Bayandur bəyin, Həsən ağa Çələbioğlunun, Yusif bəy Təvaçının və Maqsud bəyin başçılığı altında idi. Mərkəzdə isə Sultan Yaqubun özü və Ömər bəy Cagirlü, Mənsur bəy Çəgəni, Yusif bəy, Xurşid bəy dururdu. Sultan Xəlilin ordusuna Osman bəy Miranşahi, Şahəli bəy Pornak və Sufi Xəlil rəhbərlik edirdilər. Sultan Xəlil mərkəzdə idi.[10] Qızılbaşlar tarixində döyüş haqqında belə yazılıb:[11]
883-cü il rəbi'ülaxir ayının 14-də (15.VII.1478) çərşənbə günü nahar çağı Xoy çayının sahilində iki qardaş arasında döyüş oldu, Əvvəl Yaqubun tərəfdarları məğlub olurdular və Sultan Xəlilin böyük əmirlərindən biri olan Osman bəy Miranşahi Yaqub bəyin ordusundan Bayandur bəyin evini tutub talan etdi. Bir anda tale əksinə döndü və Sultanı (Xəlili) atın üstündəcə parça-parça etdilər və qələbə Yaqub bəyə nəsib oldu. |
Qızılbaşlar tarixində yazıldığı kimi əvvəl döyüşdəki üstünlük tamamilə Sultan Xəlilin qoşununun əlində idi. Sultan Yaqubun sərkərdəsi Bayandur bəyin döyüş çadırı Sultan Xəlilin qoşunu tərəfindən tutuldu. Həmçinin Süleyman bəy və Şahəli bəy Bayraminin oğlu Bəhram bəy əsir alındılar. Yaqub bəyin qoşununun sağ cinahı tamamilə darmadağın edildi. Lakin təsadüfən öz qoşun mərkəzini Yaqub bəyin mərkəzi ilə səhv salan Sultan Xəlil özüdə bilmədən Yaqub bəyin mərkəzinə az qüvvə ilə sürətlə hərəkətə keçdi. Bunu gec başa düşən Sultan Xəlil məcbur olub döyüşməyə başladı və mühasirəyə düşdü. Mühasirədən çıxa bilməyən Sultan Xəlil, Şeyxəli bəy Möhürdarı və Başlamış bəy Əmiraxur tərəfindən öldürüldü. Xəlilin ölümündən xəbər tutan qoşunu isə qaçmağa başladı və dağıldı.[12] 1478-ci ilin sentyabrında Təbrizə daxil olan Yaqub bəy sultan elan edildi.[6][7]