"Subtropik" əməliyyatı, həmçinin xalq arasında "oblava"[1] (azərb. basqın) — 1992-ci ilin iyul ayında Azərbaycan Daxili İşlər Nazirliyinin Astara, Lənkəran, Masallı ərazilərində keçirdiyi əməliyyat.
"Subtropik" əməliyyatı | |||
---|---|---|---|
| |||
Tarix | 16 iyul 1992 | ||
Yeri | Astara, Lənkəran, Masallı | ||
Səbəbi |
|
||
Nəticəsi | Hökumətin qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
1992-ci ilin martından sonra daxili işlər naziri təyin edilmiş İsgəndər Həmidov vəzifəyə gələn kimi bütün Azərbaycan boyunca əməliyyatlar aparmağa başlamışdır. Onun fəaliyyəti nəticəsində yayın sonuna yaxın Bakıda sakitlik yaranmışdı, lakin DİN-in əməllərində şəxsi həyatın toxunulmazlığı və insan hüquqları pozuntuları da müşahidə olunmuşdu. Həmidov həm cinayətkarlığa qarşı apardığı mübarizə, həm də cəbhədəki uğurlarına görə Azərbaycanda populyarlıq qazanmışdı. Azərbaycan müstəqillik qazandığı dövrdə mərkəzi hökumət Azərbaycan–İran sərhədinə nəzarət etməkdə çətinlik çəkirdi. O dövrdə silahlı dəstələr Həcc ziyarətinə gedib-gələnləri Astaradakı keçid məntəqəsində incidirdilər, soyurdular. Silahlı dəstələr tərəfindən öldürülən biri də sonradan "qanuni oğru" olmuş Rövşən Lənkəranskinin atası Rafiq Canıyev idi.
General Rəhim Quliyev ilə Rövşən Cavadov rəhbərliyi ilə 16 iyul 1992-ci il gecəsi başlanan əməliyyat zamanı Astara rayonunun Şahağac kəndində iki nəfər İrandan narkotik keçirənlər sərhəddə Xüsusi Təyinatlı Polis Dəstəsinin qulluqçuları ilə atışmışdı. Onlar Tahir Həsənovu yaralayandan sonra silahlı müqavimət göstərənləri "məhv etmək" komandası verilmişdi. Əməliyyat əsnasında Canıyevin qatilinin qardaşı, balıqçı Gülağa Quliyevin evində atışma baş vermişdir. Baş verən qarşıdurmada Quliyev, iranlı qonağı, həyat yoldaşı və azyaşlı oğlu həlak olmuşdur. Şahağac kəndində keçirilən əməliyyatda 20-yə qədər yerli sakin saxlanılmışdır.
Əməliyyat İsgəndər Həmidov və ümumiyyətlə, Əbülfəz Elçibəy hökuməti barədə həm də mənfi rəy yaratmışdı. Bəziləri tərəfindən əməliyyatın milli xarakter daşıdığı iddia edilsə də, bu, bir neçə şəxs tərəfindən inkar edilmişdir.
1992-ci ilin martında Azərbaycan Prezidenti Ayaz Mütəllibov Xocalı soyqırımını ictimaiyyətdən gizlətdiyinə görə xalq tərəfindən istefaya məcbur edilmişdir.[2][3] Buna baxmayaraq, 14 mayda Azərbaycan Ali Soveti yenidən iclas keçirmiş və Mütəllibovun vəzifəsi keçmiş kommunist deputatlar tərəfindən bərpa edilmişdir. Onlar Mütəllibovun istefasını konstitusiyaya zidd elan etmişdi, çünki Xocalı istintaqının ilkin nəticələri onun hər hansı qanunsuz hərəkətinin olmadığını göstərmişdi.[4] Azərbaycan Xalq Cəbhəsi (AXC) bunu dövlət çevrilişi kimi qiymətləndirmiş, Mütəllibovu yenidən vəzifəsindən uzaqlaşdırmağı planlaşdırırdı.[5] 15 mayda, günorta saatlarında AXC-nin hərbi qolunun rəhbəri olan İsgəndər Həmidovun komandanlığında zirehli texnika və əsgərlərdən ibarət kolonnanın müşayiəti ilə 10 min etirazçı küçələrə axın etmişdir.[4][6] Silahlı dəstələr parlament binasına və televiziyaya basqın etmişdir. Baş tutan atışmada 10-a yaxın əsgər həlak olmuş, Mütəllibov isə yenidən devrilmişdi.[4] Həmidov 7 iyunda keçiriləcək prezident seçkilərinə qədər hakimiyyətdə qalmağı nəzərdə tutulan müvəqqəti hökumət tərəfindən daxili işlər naziri (DİN) təyin edilmişdir.[4]
İsgəndər Həmidov vəzifəyə gələn kimi bütün Azərbaycan boyunca, Bakıda, Maştağada, Bərdədə, Şəkidə, Qusarda və s. yerlərdə əməliyyatlar aparmağa başlamışdır.[7][8] Onun fəaliyyəti nəticəsində yayın sonuna yaxın Bakıda sakitlik yaranmışdı, lakin DİN-in əməllərində şəxsi həyatın toxunulmazlığı və insan hüquqları pozuntuları da müşahidə olunmuşdu. Həmidov həm cinayətkarlığa qarşı apardığı mübarizə, həm də cəbhədəki uğurlarına görə Azərbaycanda populyarlıq qazanmışdı.[9] AXC-nin sədri Əbülfəz Elçibəy 7 iyun 1992-ci ildə Azərbaycan Prezidenti seçilmiş və nəhayət, AXC hakimiyyətə gəlmişdir.[10]
1990-cı illərin əvvəllərində mərkəzi hökumət Azərbaycan–İran sərhədinə nəzarət etməkdə çətinlik çəkirdi. O dövrdə silahlı dəstələr Həcc ziyarətinə gedib-gələnləri Astaradakı keçid məntəqəsində incidirdilər, soyurdular.[8] Lənkəran şəhər çörək kombinatının direktoru Rafiq Eynəli oğlu Canıyevin 21 may 1992-ci ildə, gecə saatlarında gənc bir qadın ilə Astaradan Lənkərana qayıdarkən idarə etdiyi "VAZ-2106" markalı maşını Pensər çayının üstündə yeni salınmış körpüdə silahlı olan, Şahağac kəndinin sakinləri Sovet və Qüvvət Quliyev qardaşları, həmçinin Ədalət Məlikov tərəfindən saxlanılmışdır.[11]
1957-ci ildə təvəllüdlü Sovet Quliyev 1984-cü ildə 8 il müddətinə azadlıqdan məhrum edilmiş, 1954-cü il təvəllüdlü Ədalət Məlikov hələ 1983-cü ildə Saratov vilayətinin Balaşov şəhər məhkəməsində Rusiya SFSR Cinayət Məcəlləsinin 206-cı maddəsiylə, 1955-ci ildə anadan olmuş Qüvvət Quliyev isə Azərbaycan Cinayət Məcəlləsinin 207-ci maddəsiylə həbs cəzasına məhkum edilmişdilər.[12] Silahlı qrup Rafiq Canıyevi uzun müddət sorğu-sual etdikdən sonra onu daş, dəmir, ling və başqa küt alətlərlə döymüş, maşının bütün şüşələrini sındıraraq qadının çıxmasını təkid etmişdilər. Sonradan hadisə yerinə Şahağac kəndinin hakimiyyət nümayəndələri gəlmiş, hadisənin qarşısını almağa çalışmışdılar. Silahlı qrup ardınca yaralanmış Canıyevi "QAZ-24" markalı maşına qoyaraq xəstəxanaya aparmaq adı ilə Sovet Quliyevin həyətinə gətirmişdilər. Quliyev burada yaralı vəziyyətdə olan Canıyevi güllələyib qətlə yetirmişdir.[11] Dövrün daxili işlər naziri İsgəndər Həmidov sonradan demişdir ki, Sovet Quliyev Rafiq Canıyevi Azərbaycan–İran sərhədini keçdiyinə görə ağaca bağlayıb güllələmişdi. Azərbaycan Daxili İşlər Nazirliyi bu hadisədən sonra rəsmi əməliyyat hazırlamışdı. Ovaxtkı baş prokuror Murad Babayev silahlı müqavimət göstərənlərin güllələnməsi barədə sanksiya vermişdi.[8] Hadisə ilə bağlı 3948 saylı cinayət işi açılmışdır.[11]
Astara, Lənkəran, Masallı əraziləri nəzərdə tutulan[13] əməliyyata 16 iyul 1992-ci il gecəsi başlanmışdı[14] və buna general Rəhim Quliyev ilə Rövşən Cavadov rəhbərlik edirdi. Astara rayonunun Şahağac kəndində iki nəfər İrandan narkotik keçirənlər sərhəddə Xüsusi Təyinatlı Polis Dəstəsinin qulluqçuları ilə atışmışdı. Onlar Tahir Həsənovu yaralayandan sonra silahlı müqavimət göstərənləri "məhv etmək" komandası verilmişdi.[8] Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqova görə, Şahağac kəndində keçirilən əməliyyatda 20-yə qədər yerli sakin saxlanılmışdır və müqavimət göstərmədiklərindən onlara heç bir zorakılıq edilməmişdir.[15] Yazıçı Nurəddin Ədiloğlu qeyd etmişdir ki, ümumi əməliyyat zamanı sakinlər "döyülüb-təhqir edilmiş, yüzdən çox ticarət işçisinin, imkanlı şəxslərin pul-parası əlindən alınmışdır". İctimai yerlərdə atışmaların baş tutduğunu bildirən Ədiloğlu bu səbəbdən yaralananların olduğunu, həmçinin milislərin "evlərdə axtarış apararkən məişət əşyaların dağıtdığı"nı əlavə etmişdir. O həmçinin qeyd etmişdir ki, Astara, Lənkəran və Masallı rayonlarında milis işçiləri sorğu-sualsız vəzifələrindən kənarlaşdırılmış, Masallı milis şöbəsinin rəisi polkovnik Vaqif Kərimov əməliyyata etiraz əlaməti olaraq vəzifəsindən istefa vermişdi.[13]
Əməliyyat əsnasında Sovet Quliyevin böyük qardaşı, "Dədə" ləqəbi ilə tanınan balıqçı Gülağa Quliyevin Şahağacda, dəniz kənarında yerləşən evinə Qarabağdakı cəbhədən gətirilmiş, 6 "RAF" markalı maşın dolu hərbçilər yaxınlaşmışdır.[11][14] Bəzi iddilara görə, Gülağa Quliyevin Əbülfəz Elçibəy ilə eyni həbsxanada cəza çəkdiyi vaxtda onunla insident baş vermişdi və bu səbəbdən Elçibəy qisas almaq istəyirdi. Başqa bir əsaslandırmaya görə, Rafiq Canıyevin qatili olan Sovet Quliyev hadisədən sonra Rusiyaya qaçmış, Gülağa Quliyev isə daim təhdidlər ilə üzləşmişdi. Onunla qohumluq əlaqəsi olan Elçin İbrahimliyə görə, Gülağa Quliyev əməliyyat çərçivəsindəki hədəflərdən biri deyildi və kənddə maskalı silahlıların peyda olmasından xəbər tutduqdan sonra xeyli alkoqollu içki içməsi və marixuanadan istifadə etməsi səbəbilə təşvişə düşmüş Quliyev iranlı qonağı ilə birlikdə atəş açmağa başlamışdı.[15]
Aparılan danışıqların uğursuz olmasından sonra, səhər saatlarında Gülağa Quliyevin evinə dörd tərəfdən odlu silah və qumbaraatanlarla hücum edilmişdir.[11][14][15] Həmin qüvvələr evi darmadağın edib yandırmışdı. Daxili İşlər Nazirliyinin səlahiyyətliləri Astara rayon polisinə yaxına gəlməyə icazə verməmişdi. Əməliyyat səhər saat 07:00 radələrində sona çatmışdır.[14] Bu zaman Gülağa Quliyev, onun İran vətəndaşı olan qonağı, həyat yoldaşı və 12 yaşlı oğlu həlak olmuşdur.[15][16] İddia görə, polis qüvvələri qadın və uşağın evdən çıxarılmasını təklif etmiş, lakin Quliyev bununla razılaşmamışdır.[15] Daxili işlər naziri İsgəndər Həmidov ertəsi günü hadisə yerinə getmişdir.[8]
Axtarışda olan Sovet Quliyev 1993-cü ildə Rusiyanın Vladivostok şəhərində törətdiyi başqa bir cinayət işinə görə saxlanılmışdı.[11] Sonra məhkəmədə Rafiq Canıyevin 21 yaşlı oğlu Rövşən onu güllələyib öldürmüşdür.[8] Əməliyyatdan sonra regionda imkanlı şəxsləri sorğu-suala çəkməyə başlanmış, onların bəziləri müsadirə edilmiş və 3 nəfər həbs edilmişdir.[17][18] Yadigar Sadıqova görə, həbs olunanlar SSRİ hakimiyyəti dövründə idarə-müəssisə rəhbəri olarkən qanunsuz şəkildə varlanmış şəxslər idi.[15] Nurəddin Ədiloğlu 29 iyul 1992-ci ildə, "Millət" qəzetində əməliyyatı təsvir edən "Davam edir 37…" məqaləsini dərc etdirmişdir. Bu məqaləyə görə o, təqib olunmuş və daxili işlər naziri İsgəndər Həmidov Bozqurd Partiyasının 3–4 üzvü ilə qəzetin redaksiyasına gələrək məqaləyə öz etirazını bildirmişdir.[19]
Əməliyyatdan sonra Şahağac kəndindən 60 nəfər yığışıb Bakıya, prezident aparatına getmişdir. Buna baxmayaraq, onlar prezidentin yanına buraxmamış və əvəzinə onları hüquq işləri üzrə müşavir İxtiyar Şirinov onları qəbul etmişdir. O, bildirmişdir ki, bu işlə məşğul olmaq onun səlahiyyətindən kənardır və hüquqi prosesə başlanılmalıdır. İsmayıl Şıxlı kimi dövlət rəsmiləri onlara insan hüquqları komissiyasının sədri Ramiz Fətəliyevin məsələyə baxacağını bildirsələr də, heç bir nəticə çıxmamışdır.[14]
Əməliyyat İsgəndər Həmidov və ümumiyyətlə, Əbülfəz Elçibəy hökuməti barədə həm də mənfi rəy yaratmışdı. Bu, bəzi yerlərdə Həmidovun "talışlara qarşı keçirdiyi əməliyyat" kimi qiymətləndirilmişdi. Həmidovun özü bunu inkar etmiş və baş verənlərin "silahlı quldur dəstəsinə qarşı əməliyyat" olduğunu bildirmişdir.[8] Yadigar Sadıqov da əməliyyatın milli zəmində keçirilmədiyini bildirmişdir. O, əlavə etmişdir ki, əməliyyat çərçivəsində imkanlı şəxslərə qarşı aparılan kampaniyanın "sırf talış olan zənginlərə qarşı, az qala talış milli burjuaziyasına qarşı olduğu iddiası açıq-aşkar uydurmadır".[15] Azərbaycan siyasətçisi Siyavuş Novruzov əməliyyatın "AXC-nin "demokratik idarəçiliyinin" bəzi nümunələri" olduğunu bildirmişdir.[20]