Xurşidbanu Natəvanın heykəli (Bakı)

Xurşidbanu Natəvanın heykəliAzərbaycanın görkəmli şairə-qadını Xurşidbanu Natəvanın Bakı şəhərindəki heykəli.

Xurşidbanu Natəvanın heykəli
Xəritə
Ölkə Azərbaycan Azərbaycan
Yerləşir Bakı
Memarlıq üslubu Heykəl
Heykəltaraş Ömər Eldarov
Material tunc
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ömər Eldarovun yaradıcılığına bələd olanlar razılaşarlar ki, onun əsərlərində gərgin, dramatik vəziyyətlərə təsadüf etmək çətindir. O, daha çox lirik, poetik mövzulara meyl göstərir. Bu baxımdan heykəltaraş şairə "Xurşidbanu Natəvan" (1960) heykəlini yaradıb. [1][2]

Heykəl haqqında

[redaktə | mənbəni redaktə et]

Bu əsərdə sənətkarın əvvəlki əsərlərinin heç birinə bənzəməyən orginallığı və məna çalarlığı ilə seçilən cəhətlər çoxdur. Heykəltəraş çətin bir işin öhdəsindən gələrək, müsəlman qadınlarına xas olan xüsusiyyətləri gözəl, lirik şairə obrazında birləşdirərək təsvir etməyi bacarıb. Bu gün biz Bakının izdihamlı yerlərindən birində ucaldılan "Natəvan" abidəsinə diqqətlə baxanda tamam başqa bir aləmlə rastlaşırıq. Şairə Natəvanın obrazında incəlik, nəcibliklə bərabər Azərbaycanın mübariz qadınlarına xas olan ən ali duyğuları görmək, mənalı baxışında bir mütəfəkkirin işıqlı nəzərlərini hiss etmək mümkündür. Onun hər bir cizgisi paltarının qırışlarından tutmuş kəlağayısınadək, əlindəki qələmdən barmaqlarının vəziyyətinə qədər — hər şey onu yaradıcı bir obraz, nəcib insan, milli xüsusiyyətlərə malik bir qadın kimi gözlərimiz önündə canlandırır. Hiss edirsən ki, şairə fikir dəryasındadır. O, bu saat nə isə yazacaq, qəlbinin duyğularını kağıza köçürəcəkdir. İki küçənin kəsişmə nöqtəsində yerləşən heykəlin sağ və solunda klassik memarlıq binaları və 50-ci illərin tipik eklektik fasadları yerləşir. Azərbaycan kinoteatrı abidə üçün fon rolunu oynayır. Kinoteatrın fasadının oyuq şəklində həll olunması heykəlin dairəvi kürsülüyü ilə uyarlıq təşkil edir. Adama elə gəlir ki, əsər bu ölçülərdən bir qədər kənara çıxsaydı, bəlkə də indiki effekti verə bilməzdi. Heykəltəraş və memar E. İsmayılov və F. Leonteva heykəli düzgün həll edərək Natəvanın təntənəli paltarının qatlarına sanki bir dairəvi hərəkətlik verməklə fiquru dairəvi qranit kürsülük üzərində yerləşdiriblər. Qranit kürsülük milli ornamentlərlə bəzədilib. Abidə bütövlükdə mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib və heykəltaraşlıq sənətimizin Qızıl Fonduna daxil edilib.

  1. "Xurşidbanu Natəvanın heykəli". 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-12.
  2. "Xurşidbanu Natəvanın heykəli bizə nələr deyir?". 2018-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]