Yarımsəhra və səhra bitkiliyi
Yarımsəhra və səhra bitki senozları respublikanın düzən ərazilərində dəniz səviyyəsindən başlayaraq 200-500 m hündürlüyə qədər, əsasən Xəzər sahilində, cənubi-şərqi Şirvanda, Mil, Muğan, Şirvan və Qarabağ düzlərində, Ceyrançöldə, Qobustanda yayılmışdır. Naxçıvan MR ərazisində yarımsəhra bitkiləri 600-700 m-dən 1200-1300 m-dək rast gəlinir.
İqlimin yüksək rütubətlik dərəcəsi və qrunt sularınn səthə yaxın yerləşməsilə əlaqədar Lənkəran ovalığında və Xaçmaz-Yalama regionunda meşələrin yayılması müstəsnalıq təşkil edir. Yarımsəhra zonasında suvarma əkinçiliyi geniş yayıldığından təbii (ilkin) bitki örtüyünün sahəsi xeyli azalmışdır. Mövcud yarımsəhra örtüyü uzun müddətli mal-qara otarılması nəticəsində öz ilkin vəziyyətini itirmişdir. Belə sahələr əsasən suvarılmayan və şumlanmayan sahələrdə qalmışdır. Bunlar əsasən bu və ya digər dərəcədə pozulmuş efemerli qarağanlıqlardan və kəngizliklərdən ibarətdir. Onların tərkibinə kəvər (Capparis), xostək (Caragana), soğanaqlı qırtıc, yapon tonqalotu (Bromus yaponica) və taxıl otları qarışır. Təkrar şorlaşmaya məruz qalan və hazırda qış otlaqları kimi istifadə olunan sahələrdə torpağın duzluluq dərəcəsindən asılı olaraq qaraşoran (Halocnemum), qışotu (Petrosiminia) sarıbaş (Salsola ruthenica), xəzər şahsevdisi (Halostachus Caspica) yayılmışdır. Dənizkənarı qumluqlarda sirkən (Atriplex), otsarmaşığı (Convovulus), dikyarpaq (Agriophyllum), qum yovşanı, qum göyçiçəyi, dəvətikanı (Alhagi camelorum) və başqa otlar geniş yayılmışdır.