Yoncalı abidəsi
Yoncalı abidəsi — Şəki rayonunun Fazıl kəndində, Əyriçayın hövzəsində yerləşən dəmir və antik dövrə məxsus yaşayış yeri və nekropolu. Abidə hündür təpə üzərində 10 ha yaxın sahəni əhatə edir.
Yoncalı abidəsi Əyriçay hövzəsində, Şəkinin Fazıl kəndinin cənub-qərb tərəfindəki Yoncalı adlanan hündür təpədən ibarət torpaq sahəsində yerləşir. Yoncalı abidəsi üst və mərkəzi olaraq əsas iki hissəyə bölünür. Mərkəzi hissə Yoncalı I, üst hissə isə Yoncalı II olaraq adlanır. Yoncalı I şərti olaraq bəzən "Qəbirüstü" kimi də qeyd olunur. Qəbirüstü hissə bir tərəfdən Əyriçayla, qərb və şimal-qərb tərəfdən isə bataqlıqla əhatələnir.
Yoncalı abidəsi keçən əsrin 90-cı illərində arxeoloq Nəsib Muxtarov tərəfindən qeydiyyata alınmış və arxeoloji tədqiqatları aparılmışdır. Abidədə əsaslı arxeoloji tədqiqatlar AMEA Arxeologiya və Folklor İnstitutunun təşkil etdiyi ekspedisiya (Nəsib Muxtarovun rəhbərliyi altında) tərəfindən 2013-2015-ci illərdə həyata keçirilib. 2013-cü illərdə aparılan arxeoloji tədqiqatlar abidənin dəqiq xronoloji tarixinin müəyyən olunmasına yeni töhfələr vermişdir.